İranın BƏƏ-yə atdığı raketin üzərinə yazılmış qeyd ajiotaj yaratdı: Həbibi...


İran İnqilab Keşikçiləri Korpusunun Birləşmiş Ərəb Əmirliklərinə qarşı hücumlarda istifadə etdiyi iddia edilən raketin üzərində yazılmış mesaj xarici mediada geniş rezonans doğurub.

Turkustan.az xəbər verir ki, Fars dilində yazılmış mesajda belə deyilir:

“Əzizim, Amerika gedəcək; sonda biz tək qalacağıq.”

Sosial şəbəkələrdə yayılan fotoda İrana məxsus olduğu iddia edilən raketin gövdəsində əlyazma şəklində qeyd yer alıb. Mesaj BƏƏ-yə yönəlmiş birbaşa xəbərdarlıq və “ABŞ-a etibar etməyin” çağırışı kimi şərh olunub.

Xarici mətbuatın təhlillərinə görə, Tehran Körfəz ölkələrinə qarşı psixoloji təzyiq və təbliğat strategiyasını gücləndirməyə çalışır. Xüsusilə “Amerika gedəcək” ifadəsinin ABŞ-ın bölgədəki hərbi və siyasi mövcudluğunun daimi olmadığı mesajını vermək məqsədi daşıdığı bildirilir.

Son həftələrdə İran ilə Körfəz ölkələri arasında gərginlik yenidən artıb. BƏƏ-ni hədəf alan raket və pilotsuz uçuş aparatı hücumları ilə bağlı çoxsaylı məlumatlar yayılıb.

BƏƏ Müdafiə Nazirliyi İran mənşəli olduğu bildirilən yüzlərlə raket və dronun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Bundan əlavə, Al Jazeera və CBS Newsun məlumatlarına görə, atəşkəsdən sonra da İran tərəfindən BƏƏ-yə qarşı yeni hücumlar həyata keçirilib. Məlumatlarda bəzi zərbələrin enerji obyektlərinə və liman infrastrukturuna ziyan vurduğu qeyd olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ