ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında baş verən son hərbi toqquşmalardan sonra İranla əldə olunan atəşkəsin taleyinə aydınlıq gətirib.
Turkustan.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp Tehranla əldə olunan razılaşmanın hələ də qüvvədə olduğunu təsdiqləyib.
Lakin Ağ Ev rəhbəri bu açıqlamasını olduqca sərt və hədə dolu ifadələrlə müşayiət edib: "Bəli, atəşkəs qüvvədədir, bu gün bizimlə əlaqə saxlayıblar. Əgər atəşkəs pozulsa, bunu soruşmağa ehtiyac qalmayacaq, sadəcə İrandan gələn böyük bir parıltı görəcəksiniz",- deyə Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl Tramp özünün "Truth Social" platformasında gecə saatlarında İranın Hörmüz boğazını tərk edən üç ABŞ esminesinə hücum etdiyini açıqlamışdı. Prezidentin sözlərinə görə, İranın bu cəhdi uğursuzluqla nəticələnib və hücum edənlər öz "kiçik qayıqları" ilə birlikdə tamamilə məhv ediliblər. Tramp bu insidenti "onlar bir az oyun oynadılar" şəklində xarakterizə edərək, ABŞ-ın hərbi üstünlüyünü nümayiş etdirdiyini vurğulayıb.
Trampın "böyük parıltı" ifadəsini İranın nüvə və ya strateji obyektlərinə qarşı endirilə biləcək kütləvi zərbələrə birbaşa eyham kimi qiymətləndirilir. Regionda vəziyyət son dərəcə həssas olaraq qalır və hər iki tərəf bir tərəfdən diplomatik təmasları davam etdirir, digər tərəfdən isə hərbi güc nümayişindən çəkinmir.
Hazırda dünya birliyi Vaşinqton və Tehran arasındakı bu kövrək atəşkəsin nə qədər davam edəcəyini və növbəti hərbi insidentin genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyini böyük narahatlıqla izləyir./Musavat.com