Estetik və zəruri əməliyyatlar artıq günümüzün reallığına çevrilib. Əvvəllər şou-biznes, incəsənət nümayəndələri plastik əməliyyatlarla diqqət çəkirdisə, bu gün yaşından asılı olmayaraq, bir çox qadınlar bu yola baş vurur.
Təbii ki, hər kəs nəticədən razı qalmır. Hətta bəzi qadınlar nəticədən narazı qaldıqları üçün dəfələrlə bıçaq altına girirlər.
Təbii ki, istənilən əməliyyat sağlamlıq riskləri ilə yanaşı, böyük ölçüdə pul israfıdır.
Elə isə nəticədən narazı qalan pasiyent ödədiyi pulu geri tələb edə bilərmi?
Mövzuyla bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Rüstəmli deyir ki, vətəndaş bəzi hallarda xidmətlərə görə ödədiyi pulu geri tələb edə bilər:
“Elə əməliyyatlar var ki, onlar tibbi yardım hesab edilmir. Məsələn, estetik əməliyyatlar, stomatoloji xidmətlər, dolğu, botoks və digər kosmetoloji prosedurlar tibbi yardım kimi qiymətləndirilməməlidir. Bu xidmətlərin nəticəsinə görə həkim məsuliyyət daşıyır. Ona görə də həkim üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməlidir.
Məlumdur ki, həkim əməliyyatdan öncə xəstənin istəklərinin icrasına söz verir. Amma bəzi hallarda bu vəd layiqincə icra olunmur. Bu halda pasiyent haqlı olaraq nəticədən narazı qaldığı üçün ödədiyi məbləği geri tələb edə bilər”.
Müsahibimiz tövsiyə edib ki, vətəndaş əməliyyatdan qabaq həkimlə müqavilə bağlasa və yaxud audio-video qeydiyyatı aparsa daha yaxşı olar:
“Belə olan təqdirdə həm vətəndaş, həm də həkim özünü xoşagəlməz söz-söhbətdən azad etmiş olar”.