Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyənin hərbi təyyarəsininin ekipajının səs yazısı incələnib.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, C-130 təyyarəsinin səs qeydiyyat cihazı araşdırıldıqdan sonra qəza anına qədər rəqəmsal məlumatlarda ekipaj üzvlərinin danışıqlarında və təyyarənin sistemlərində hər şeyin normal davam etdiyi, hadisənin qəfil baş verdiyi, təyyarənin quyruq hissəsinin gövdədən ayrılması səbəbindən FDR-a (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) aid elektrik və məlumat kabellərinin qırılması, buna görə də uçuş qeydiyyat cihazında qəzanın baş vermə səbəbini aydınlaşdıracaq heç bir əlavə məlumat tapılmadığı vurğulanıb.
Milli Müdafiə Nazirliyindən o da bildirilib ki, təyyarənin mühərriklərinin və pərlərinin ətraflı yoxlanılması nəticəsində qəzadan əvvəl onların düzgün işlədiyi aşkar edilib.
“Pərlərin ayrılması nəticəsində təyyarənin gövdəsində heç bir zədələnmə əlaməti aşkar edilməyib”, – qeyd olunub.
Qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısı həlak olub. /APA/