Son illər fermerlərin örüş sahələrinin azalması ilə bağlı narazılığı tez-tez gündəmə gəlir.
Xüsusilə aqroparkların yaradılması dövründə bəzi örüş ərazilərinin əkin sahələrinə çevrilməsi heyvandarlıq sektoruna təsir edib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov yerli mediaya müsahibəsində bildirib ki, 10-15 il əvvəl aqroparkların qurulduğu dövrdə bəzi örüş sahələrinin təyinatı dəyişdirilərək əkin sahələrinə çevrilib.
Nazir qeyd edib ki, həmin dövrdə örüş sahələrinin azalması xırdabuynuzlu heyvanların sayının azalmasına səbəb olub. Bununla yanaşı, o hesab edir ki, mövcud vəziyyət heyvandarlıqda intensiv və yarımintensiv təsərrüfat modelinə keçidi sürətləndirməyi zəruri edir.
Nazır deyib ki, bu keçid nə qədər sürətli həyata keçirilsə, qiymət artımlarını azaltmaq, məhsul çatışmazlığının qarşısını almaq və özünütəminatı yaxşılaşdırmaq bir o qədər mümkün olacaq.
İntensiv və yarımintensiv təsərrüfata keçid necə həyata keçirilə bilər? Bu addımlar gələcəkdə ət idxalını tam dayandırmağa imkan verə bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, intensiv modeldə heyvanlar əsasən xüsusi yem rasionu ilə bəslənir və məhsuldarlıq daha yüksək olur:
“İntensiv və yarımintensiv heyvandarlıq modelinə keçid ilk növbədə ənənəvi örüş əsaslı təsərrüfatdan daha məhsuldar və texnologiyaya əsaslanan istehsal formasına keçidi nəzərdə tutur. Bu modeldə əsas məqsəd daha az sahədə daha çox məhsul əldə etməkdir.
Bunun üçün yem bazasının gücləndirilməsi, müasir fermaların qurulması, cins heyvanların sayının artırılması və baytarlıq xidmətlərinin inkişafı vacib hesab olunur. Hazırda əsas problemlərdən biri örüş sahələrinin azalması fonunda yem təminatının zəifləməsidir.
İntensiv modeldə isə heyvanlar əsasən xüsusi yem rasionu ilə bəslənir və məhsuldarlıq daha yüksək olur. Bunun üçün qarğıdalı, yonca və digər yem bitkilərinin əkin sahələrinin artırılması, silos və yem emalı müəssisələrinin yaradılması mühüm rol oynayır. Eyni zamanda, fermerlərə aşağı faizli kreditlərin, subsidiyaların və texniki dəstəyin verilməsi keçidi sürətləndirə bilər”.
Onun sözlərinə görə, digər vacib məsələ damazlıq işinin gücləndirilməsidir:
“Məhsuldar cinslərin artırılması həm ət, həm də süd istehsalında səmərəliliyi yüksəldir. Müasir texnologiyaların tətbiqi, rəqəmsal nəzarət sistemləri və düzgün baytarlıq xidməti heyvan itkilərini azaltmağa imkan verir”.
Ekspert qeyd edib ki, bu addımlar uzunmüddətli perspektivdə ət idxalının azalmasına ciddi təsir göstərə bilər:
“Əgər daxili istehsal sabit və yüksək məhsuldarlıqla təşkil olunarsa, ölkənin özünütəminat səviyyəsi yüksələr. Lakin idxalın tam dayandırılması qısa müddətdə real görünmür. Çünki əhalinin artan tələbatı, yem xərcləri və bazar qiymətləri kimi amillər də nəzərə alınmalıdır.
Buna baxmayaraq, düzgün planlaşdırılmış intensiv heyvandarlıq siyasəti idxaldan asılılığı minimuma endirə və yerli istehsalın rəqabət qabiliyyətini artıra bilər”.