Pezeşkian Xameneiyə SEPAH-dan şikayət edib - Görüşün yeni DETALLARI


İran prezidenti Məsud Pezeşkianının İslam Respublikasının Ali Rəhbəri Müctəba Xamenei ilə son görüşünün detallarına dair yeni məlumatlar yayılıb.

Məsud Pezeşkian çərşənbə günü Sənaye, Mədən və Ticarət Nazirliyindəki toplantıda Müctəba Xamenei ilə görüşdüyü barədə məlumat vermiş və təxminən iki saat yarım davam edən söhbətin səmimi atmosferdə keçdiyini vurğulamışdı. O, eyni zamanda, Xameneinin idarəçilik keyfiyyətlərini tərifləmişdi.

Prezident Pezeşkian qeyd edib ki, görüşdə ən çox diqqət çəkən məqam Ali Rəhbərin təvazökar, səmimi və hörmətli davranış tərzi olub. Onun sözlərinə görə, bu yanaşma müzakirəni etimad, sakitlik, empatiya və birbaşa dialoq mühitinə çevirib.

Pezeşkian ölkənin idarəetmə sistemində həmrəylik, etimad və empatiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ən yüksək vəzifəli şəxsin belə əxlaqlı, təvazökar və xalq yönümlü davranışı bütün idarəetmə sisteminə nümunə olur.

Pezeşkianın sözlərinə görə, bu model məsuliyyət, xalqa yaxınlıq və problemləri dinləmək üzərində qurulub.

Məlumata görə, bəzi İran mənbələri iddia edirlər ki, Məsud Pezeşkianın hazırda gizli müalicə olunan Müctəba Xamenei ilə görüşə can atması onun SEPAH-la münasibətlərinin gərginləşməsindən irəli gəlib.

Belə ki, son günlər İran Prezidenti Məsud Pezeşkianla İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidi arasında ciddi gərginlik yaşandığı iddia edilir.

İddiaya görə, Pezeşkian SEPAH komandanı Əhməd Vahidinin son hərəkətlərinə görə çox qəzəblidir. Söhbət bir neçə gün öncə SEPAH-ın hökumətin xəbəri və koordinasiyası olmadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı raket və PUA hücumları təşkil etməsindən gedir. Pezeşkian ABŞ-la atəşkəsin sürdüyü müddətdə bu hücumları tamamilə məsuliyyətsiz addım kimi qiymətləndirib.

Məlumatlara görə, Prezident SEPAH-ın bu addımının ağır nəticələr verə biləcəyi barədə xəbərdarlıq edib.

İddialara görə, Məsud Pezeşkian ölkənin yenidən müharibəyə sürüklənməsi ehtimalını əsas gətirərək, Ali Rəhbər Müctəba Xameni ilə görüşün baş tutması üçün təkid edib və buna nail olub. Qeyd edilir ki, Prezident Ali Rəhbərə SEPAH-ın komandirlərindən işkayətlənib və Körfəz ölkələrinə qarşı hücumların dayandırılmasını istəyib.

Məlumatlara görə, Xamenei Pezeşkianın tələblərini doğru sayıb və Körfəzin hədəf alınmaması barədə SEPAH-a iradlarını bildirib.

Amma SEPAH-ın Ali Rəhbərə qulaq asacağı barədə birmənalı proqnozlar yoxdur. Məsələ burasındanır ki, hazırda yaranmış vəziyyətdən istifadə edən SEPAH İranda real güc mərkəzi olaraq mütləq idarəçiliyi əlində saxlayır. SEPAH komandanın Əhməd Vahidinin Prezident Məsud Pezeşkianla hesablaşmadığı yayılan informasiyalar sırasındadır./modern.az


MANŞET XƏBƏRLƏRİ