Dünyada ümumi borcun məbləği 353 trilyon dollara yüksəlib


Qlobal borcun həcmi 2026-cı ilin mart ayının sonuna qədər rekord səviyyəyə – 353 trilyon dollara yüksəlib.

Turkustan.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) sonuncu hesabatında yer alıb.

Bildirilir ki, qlobal borc artıq ardıcıl beşinci rübdür artım göstərir. Bu ilin ilk üç ayında qlobal borc 4,4 trilyon dollar artıb və bu artımın əsas hissəsi ABŞ-nin payına düşüb. ABŞ-də borclanmanın əsas səbəbi hökumətin artan maliyyə ehtiyacları və dövlət borcunun genişlənməsi olub.

Hesabatda diqqət çəkən əsas məqamlardan biri isə investorların ABŞ qiymətli kağızlarına marağının azalmasıdır. Bildirilir ki, beynəlxalq investorlar son aylarda aktivlərini daha çox diversifikasiya etməyə çalışır və nəticədə Yaponiya ilə Avropa dövlət istiqrazlarına tələbat əhəmiyyətli dərəcədə artıb.

BVF-dən bildirilib ki, bu tendensiya bəzi investorların ABŞ istiqraz bazarından uzaqlaşmağa çalışdığını göstərir.

Təxminən 30 trilyon dollarlıq ABŞ istiqraz bazarında hazırda ciddi risk müşahidə olunmasa da, uzunmüddətli perspektivdə ABŞ hökumətinin borc siyasəti “davamsız model” görüntüsü yaradır. Bunun əksinə olaraq, Yaponiya və avrozona ölkələrinin borc perspektivləri daha stabil qiymətləndirilir.

Hesabatda qeyd olunur ki, mövcud fiskal siyasət dəyişməz qalarsa, ABŞ hökumətinin borcunun ümumi daxili məhsula nisbəti gələcək illərdə də artmağa davam edəcək.

BVF-nin məlumatına görə, hazırda qlobal borcun dünya iqtisadiyyatına nisbəti 305 faiz təşkil edir. ABŞ-dan sonra xarici borcun ən çox artdığı ölkələr sırasında Norveç, Küveyt, Çin, Bəhreyn və Səudiyyə Ərəbistanı yer alıb. /Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ