Azərbaycan–Ermənistan münasibətlərində normallaşma prosesinin ən həssas mərhələsinin yaşandığı bir vaxtda Avropa Parlamenti və bəzi Qərb siyasi dairələrinin Bakıya qarşı ritorikanı sərtləşdirməsi artıq təsadüfi görünmür. Son illər xüsusilə Fransanın təşəbbüsü ilə formalaşan anti-Azərbaycan platforması indi açıq şəkildə regiondakı sülh gündəliyinə təsir etməyə çalışır. Rəsmi Bakı isə bunu təkcə diplomatik təzyiq yox, həm də siyasi ikili standartların davamı kimi qiymətləndirir.

Maraqlıdır ki, Avropa Parlamenti öz daxilində artan islamofobiya, antisemitizm, miqrasiya böhranı, sosial bərabərsizlik, evsizlik və siyasi radikallaşma kimi problemləri həll etməkdə çətinlik çəkdiyi halda, diqqəti Cənubi Qafqaza yönəldir. Azərbaycana qarşı davamlı ittihamlar isə əsasən Qarabağdakı separatçı rejimin ləğvi və müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə əlaqələndirilir. Yəni faktiki olaraq Bakı beynəlxalq hüququ tətbiq etdiyi üçün tənqid olunur.
Rəsmi Bakının cavabı da sərt oldu. Milli Məclis mayın 1-də Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasındakı fəaliyyətə xitam verilməsi proseduruna başlanması barədə qərar qəbul etdi. Bu addım Azərbaycanın artıq əvvəlki kimi birtərəfli ittihamları susqun şəkildə qəbul etməyəcəyini nümayiş etdirdi.
Avropa siyasi dairələrində Azərbaycana qarşı ən sərt ritorikanın isə məhz Fransadan gəldiyi müşahidə olunur. Fransa xarici işlər naziri Jan Noel Baronun Senatda səsləndirdiyi fikirlər Bakının kəskin etirazına səbəb oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə haqlı olaraq vurğuladı ki, Azərbaycanın suveren ərazisi ilə bağlı “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Çünki belə terminologiya artıq tarixə qovuşmuş separatçı narrativin yenidən dirçəldilməsi cəhdidir.
Fransanın mövqeyində əsas problem ondan ibarətdir ki, Paris Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscidin, qəbiristanlığın və mədəni irs nümunələrinin dağıdılmasına illərlə susdu. İndi isə Qarabağda qanunsuz tikililərin sökülməsi və ya ərazilərdə aparılan yenidənqurma işləri ilə bağlı “narahatlıq” ifadə etməsi Bakıda haqlı olaraq ikili standart kimi qəbul edilir.
Burada daha bir mühüm məqam ortaya çıxır: regiondan kənar qüvvələrin sülh prosesinə münasibəti. Faktiki mənzərə göstərir ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə ən çox mane olan amillərdən biri xarici müdaxilədir. Maraqlıdır ki, bu müdaxilələrə qarşı ən sərt və sistemli reaksiyanı yalnız Azərbaycan verir. Bu isə belə təəssürat yaradır ki, sülh müqaviləsinin imzalanması və regionda sabitliyin təmin olunması daha çox Bakının marağındadır.
Əgər Ermənistan doğrudan da “sülh gündəliyi”nə sadiqdirsə, o zaman İrəvan anti-Azərbaycan kampaniyalarına açıq münasibət bildirməlidir. Ermənistan rəsmiləri etiraf etməlidir ki, regiondan kənar bəzi mərkəzlər öz geosiyasi maraqları naminə Cənubi Qafqazda gərginliyin davam etməsini istəyirlər. Lakin indiyədək Ermənistan Xarici İşlər Nazirliyi və digər strukturlar bu məsələdə konkret və prinsipial mövqe ortaya qoymayıb.
Əksinə, Ermənistan ərazisində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan qondarma qurumların fəaliyyətini davam etdirməsi ciddi suallar yaradır. Həmin şəxslərin xaricə səfər etməsi, müxtəlif platformalarda Azərbaycana qarşı çıxışlar etməsi və separatçı ideyaları təbliğ etməsi göstərir ki, İrəvan bu prosesə ya səssiz razılıq verir, ya da onu dayandırmaq istəmir.
Bu isə təhlükəli ikili siyasət təsiri bağışlayır. Bir tərəfdən Ermənistan Azərbaycanın öz ərazi bütövlüyünü tanımasını istəyir, digər tərəfdən isə Azərbaycanın suverenliyini qəbul etməyən separatçı dairələrin fəaliyyətinə real məhdudiyyət qoymur. Belə vəziyyətdə qarşılıqlı etimaddan və davamlı sülhdən danışmaq çətinləşir.
Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulması üçün ilk növbədə ikili standartlardan imtina olunmalıdır. Regionda sabitlik xarici siyasi manipulyasiyalarla deyil, dövlətlərin suverenliyinə hörmət və beynəlxalq hüququn vahid prinsiplərlə tətbiqi ilə mümkündür. Azərbaycan artıq öz mövqeyini açıq şəkildə ortaya qoyub. İndi əsas sual Ermənistanın və Avropa siyasi dairələrinin bu reallığı qəbul edib-etməyəcəyidir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın Avropa Parlamentinin məlum qətnaməsinə münasibət bildirməsi sülh quruculuğu baxımından daha faydalı olardı. Onun fikrincə, həmin sənəd təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətinə də ziddir:
“Paşinyan anlayır ki, Qarabağ məsələsi artıq bitib və ermənilərin bölgəyə qayıdışı tələbi yeni münaqişə riskini artırar. O hesab edir ki, Ermənistan bu məsələni gündəmə gətirsə, Azərbaycanla yenidən qarşıdurma yarana bilər. Bu, rasional yanaşmadır. Azərbaycan erməniləri Qarabağdan qovmayıb, əksinə, onlara Azərbaycan qanunları çərçivəsində yaşamağı təklif edib. Onlar isə öz istəkləri ilə bölgəni tərk etdilər. Avropa Parlamenti isə bunun əksini deyərək ermənilərin Qarabağa qayıtmalı olduğunu vurğulayır. Bu isə Paşinyanın apardığı siyasətlə uzlaşmır”.
Politoloqun sözlərinə görə, Ermənistan baş nazirinin bu məsələyə münasibət bildirməsi sülh prosesinə müsbət təsir göstərə bilərdi".
Bununla belə, Elxan Şahinoğlu hesab edir ki, Paşinyanın hazırkı siyasi şəraitdə Avropa Parlamenti ilə açıq qarşıdurmaya getməsi real görünmür:
“Paşinyan artıq bir çox reallıqları anlayıb. Amma düşünmürəm ki, onun üçün Avropa Parlamenti ilə qarşı-qarşıya gəlmək məqsədəuyğundur. Bir neçə gün əvvəl İrəvanda Avropa zirvə toplantısı keçirildi. Belə bir mərhələdə Paşinyanın Avropa Parlamentini açıq şəkildə tənqid etməsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Üstəlik, o, hazırda seçkilərə hazırlaşır və radikal müxalifət də fəallaşır”.
Ekspert qeyd edib ki, Avropa Parlamenti ilə Avropa Komissiyasının mövqelərini eyniləşdirmək düzgün deyil:
“Avropa Komissiyası ayrı strukturdur, Avropa Parlamenti ayrı. Reallıq isə budur ki, Avropa Parlamentinin bu qətnaməsi əslində Paşinyanın öz əleyhinə işləyir. Çünki erməni radikalları həmin sənədi əsas götürərək Paşinyana təzyiq göstərə bilərlər. Ermənistanda jurnalistlər bu mövzuda Paşinyana sual verməli idilər. Ola bilərdi ki, o zaman baş nazir müəyyən mesajlar versin. Amma belə bir sual verən olmadı”.

Politoloq Ermənistanda fəaliyyət göstərən Avropa müşahidə missiyasına da toxunub. Onun fikrincə, sülh sazişi imzalandıqdan sonra həmin missiyanın fəaliyyətinə ehtiyac qalmayacaq:
“Sülhə hazırlaşan bir ölkənin ərazisində belə institutların mövcudluğu birbaşa Azərbaycanın əleyhinə hesab olunmamalıdır. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər davam edir. Təsadüfi deyil ki, İrəvandakı toplantıdan dərhal sonra Avropa İttifaqının xarici siyasət üzrə rəsmisi Kaja Kallas Bakıya səfər etdi. Prezident İlham Əliyev də Avropa İttifaqı ilə əməkdaşlığın davam etdiyini vurğulayıb”.
Elxan Şahinoğlu hesab edir ki, Avropa missiyasının əsas məqsədi regionda Rusiyanın təsir imkanlarını azaltmaqdır və bu, müəyyən mənada Azərbaycanın da maraqlarına uyğundur:
“Ermənistanın Rusiyadan uzaqlaşması Azərbaycanın maraqlarına zidd deyil. Müsbət məqamlardan biri də budur ki, Ermənistan hökuməti Türkiyə sərhədində yerləşən Rusiya sərhədçilərindən imtina etməyə başlayır. Bu da ümumi normallaşma prosesinə müsbət təsir edir”.
Politoloqun qənaətincə, sülh sazişinin imzalanması üçün artıq uzun müddət qalmayıb. Lakin bunun üçün iki əsas şərt var:
“Paşinyan seçkilərdə qalib gəlməli, Ermənistan konstitusiyası dəyişdirilməli və bundan sonra sülh sazişi imzalanmalıdır. Həmin mərhələdən sonra Avropa müşahidə missiyasının sərhəddə qalmasına ehtiyac olmayacaq”.