Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən “Dərnəgül” dayanacağının istifadəyə verilməsi şəhərin şimal və şimal-qərb istiqamətlərindən paytaxta daxil olan nəqliyyat axınına ciddi təsir göstərə bilər.
Turkustan.az milliaz-a istinadən bildirir ki, hazırda Bakıda ən böyük problemlərdən biri səhər və axşam saatlarında yaranan tıxaclardır.
Xüsusilə Sumqayıt-Bakı istiqamətində hərəkət edən minlərlə insan gündəlik olaraq şəxsi avtomobil, avtobus və marşrutlardan istifadə edir. Bu isə Bakı-Sumqayıt şosesində, Binəqədi ərazisində, Ziya Bünyadov prospektində və şəhərin digər əsas yollarında sıxlığın artmasına səbəb olur.
“Dərnəgül” dayanacağının əsas üstünlüklərindən biri onun metro şəbəkəsinə yaxın yerləşməsidir. Bu inteqrasiya sərnişinlərə elektrik qatarından düşdükdən sonra əlavə nəqliyyat vasitəsinə ehtiyac olmadan metro ilə şəhərin müxtəlif istiqamətlərinə rahat şəkildə hərəkət etməyə imkan yaradır. Nəticədə bir çox insan şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyata üstünlük verə bilər.
Yeni dayanacaq xüsusilə Sumqayıt, Xırdalan, Masazır və Binəqədi istiqamətindən gələn sərnişinlərin vaxt itkisini azalda bilər. Çünki pik saatlarda avtomobillə həmin məsafəni qət etmək bəzən 1-2 saat çəkdiyi halda, dəmir yolu ilə daha qısa müddətdə mənzil başına çatmaq mümkün olacaq.