Bu gün ölkədə əmək bazarının əsas tələblərindən biri ixtisaslı kadrların olmasıdır.
Azərbycanda ali təhsil müəssisələrindən hər il minlərlə tələbə məzun olmasına baxmayaraq, onların bir çoxu işlə təmin olunmaqda problemlərlə üzləşirlər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanda aqrar ixtisas məzunlarının məşğulluq səviyyəsi 65 %-ə çatıb: “3 il öncə aqrar ixtisas məzunlarının sadəcə 32 %-i ixtisasları üzrə iş tapıb karyeralarını inkişaf etdiriblərsə, keçən il bu rəqəm artıq 65 %-dir.
Eyni zamanda qeyd edim ki, üç il öncə ilə müqayisədə məzun sayımız 1,6 dəfə artıb. Əlbəttə ki, bu ümidverici və sevindirici bir haldır". Nazir ölkədə aqrar sektorun sürətli inkişaf mərhələsində olduğunu və bu prosesdə ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu qeyd edib:
"Ümumilikdə Azərbaycanda hazırda bir kənd təsərrüfatı bumu yaşanarkən bizim çox ciddi şəkildə kadrlara - aqronomlara, zootexniklərə, baytarlara, aqrar mühəndislərə ehtiyacımız var. Çox ümid edirəm və inanıram ki, aqronomlar, mütəxəssislər sadəcə təhsillə kifayətlənməyib daim özlərini inkişaf etdirəcəklər.
Onlar daim beynəlxalq, yeni, müasir, innovativ yanaşmaları öyrənəcək, araşdıracaq, özlərini yetişdirəcək və əllərindən gəldiyi qədərilə Azərbaycanın dirçəlməsi, kənd təsərrüfatının inkişaf etməsi istiqamətində öz töhfələrini verəcəklər".
Aqrar sahədə məşğulluğun artması bu ixtisaslarda kadr hazırlığının səviyyəsinin artmasından, yoxsa daha aşağı bal toplayan gənclərin bu sahəyə yönəlməsindən qaynaqlanır?
Məsələ ilə bağlı təhsil üzrə ekpert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, ölkədə aqrar sektorun inkişaf etməsi və Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) dövlət tərəfindən qoyulan investisiya artıq bəhrəsini verməkdədir:
“Ümumiyyətlə, ADAU Kənd Təsərrüfatı Nazirliyinə tabe olsa da, proqramın təşkil olunması baxımından beynəlxalq əlaqələrini inkişaf etdirib. Artıq universitetin ikili diplomları var. Belə ki, universitet bəzi Avropa ölkələri, Türkiyə, Rusiyanın bir sıra aparıcı aqrar təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, tələbə mübadiləsi, birgə tədqiqatlar və ikili diplom proqramları üzrə müqavilələr imzalanır.
Digər tərəfdən, məsələn, “Texniki mühəndislik” ixtisasında Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərin auditoriyaları var. Həmin şirkətlər universitetdə laboratoriyalar açıblar və özlərinin texniki avadanlıqları var.
Məsələn, kombaynlar və xaricdən gətirilən digər texniki avadanlıqların hər birinin burada simulyasiya kabinetləri var. Tələbələr sərbəst şəkildə daxil olaraq orada texnikanı idarə etməyi öyrənirlər”.
Ekspertin sözlərinə görə, Azərbaycanda qəbul qaydaları sadələşdirilməli və əksinə, universitet bazaları gücləndirilməlidir:
“Hazırda ADAU-nun təcrübəsində bunu görə bilirik. Belə ki, 150 balla ADAU-ya qəbul olunan tələbələr, çox yüksək səviyyəli məzun olurlar. Baytar, zootexnik, aqronomlar, mühəndislər yetişir. Bu təcrübə göstərir ki, universitet bazası tədrisi güclü edərsə, o halda orada yaxşı mütəxəssis yetişəcək.
Bir vaxtlar bizdə 10-15 min manat maaş ödəməklə xaricdən aqronomlar, texniklər gətirirdilər. İndi artıq öz məzunlarımız bu sahədə çalışırlar. Bu, onu göstərir ki, ali məktəbə minimum balla qəbul olmaq əsas amil deyil, universitetdə ixtisaslı kadrın yetişdirilməsindən asılıdır.
Bu gün Azərbaycanda ən müasir kampus ADAU-dadır. Baxmayaraq ki, universitet bölgədə yerləşir, ancaq müasir laboratoriyalarla təchiz edilib, standartlara cavab verən yataqxanalar qurulub. Dövlət qayğısı olan hər bir sahə inkişaf edə bilər.
Bu gün Qarabağ Universiteti ilə bağlı da xoş sözlər demək olar. Çünki həmin universitetə də investisiya yatırılıb, xaricdən yaxşı mütəxəssislər gəlib. Artıq orada da böyük inkişaf gedir. Ancaq təəssüf ki, bunu bütün universitetlərimiz haqqında deyə bilmirik.
Çünki 1970-ci ildən qalan, laboratoriyasız universitetlərimiz var. Bu universitetlərlə necə inkişaf etmək, əmək bazarını necə təmin etmək olar? Görünən odur ki, diqqət ayırdıqda nəticə də əldə etmək olur”.
Ekspert deyir ki, bu gün əmək bazarı özü diqtə edir: “Universitetdən məzun olanların hər biri gedib magistratura, doktorantura oxumur. Çünki ancaq diplom üçün oxuyanlar əmək bazarında da özünə yer tapa bilmir.
Kim özünü inkişaf etdirir, əlavə tədris alır, xarici mütəxəssislərlə onlayn da olsa dərs alır, onlar üçün əmək bazarında hər hansı problem yoxdur. Kim ancaq tələbə adı uğrunda mübarizə aparırsa, onlar da özlərini inkişaf etdirə bilmirlər.
Çox qəribədir ki, bu gün 650-700 balı hədəfləyən uşaqlar var ki, onlar elmi cəhətdən çox yorğun, halsız olduqlarına görə, artıq universitetdə oxumağa həvəsləri yoxdur. Onlar artıq öz “öhdəliklərini”, yəni valideyn tələblərini ödədiklərini, ictimaiyyət üçün olan populyarlığı qazandıqdan sonra “sönməyə” başlayırlar.
Orta bal toplayanlar isə daha əzmkar olurlar, oxumağa meyillidirlər. Fikrimcə, bal əsas meyar deyil. Özünü inkişaf etdirənlərdən nəsə gözləmək olar”.