Bu şəxslər övlada görə 200 manat cərimələnəcəklər – DİQQƏT


Tərbiyə məqsədilə uşağa fiziki zorakılıq edən valideyn və müəllimlərin 200 manatadək cərimələnməsi nəzərdə tutulur.

Yeni qayda cəmiyyətdə necə qarşılanacaq? Valideynlər və müəllimlər arasında düzgün tərbiyə metodları ilə bağlı maarifləndirməyə ehtiyac varmı? Eyni zamanda fiziki zorakılığa məruz qalan və ya belə halların şahidi olan şəxslər hansı qurumlara müraciət etməlidirlər?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, sözügedən dəyişiklik müsbət qiymətləndirilməlidir:

“Uşaqlara və şagirdlərə qarşı həm valideynlər, həm də müəllimlər tərəfindən hər hansı formada şiddət tətbiq olunması yolverilməzdir. Ailə Məcəlləsində də qeyd olunur ki, valideynlik hüquqları uşağın mənafeyinə zidd şəkildə həyata keçirilə bilməz. Eyni zamanda, məişət zorakılığı haqqında qanunda göstərilir ki, zorakılıq təkcə qadına və ya kişiyə qarşı deyil, uşaqlara qarşı da törədilə bilər. Bu zorakılıq fiziki, psixoloji, emosional və iqtisadi formada ola bilər”.

Sosioloq qeyd edib ki, bu dəyişiklik uşağın tərbiyəsində cəza və mükafat metodlarının tamamilə aradan qaldırılması anlamına gəlmir:

“Cəza və mükafat metodu həmişə olub və bundan sonra da olacaq. Ancaq cəza dedikdə fiziki və ya psixoloji təzyiq nəzərdə tutulmamalıdır. Daha yumşaq və sağlam cəza mexanizmləri tətbiq edilməlidir. Valideynlər və pedaqoqlar uşaqlarla davranış zamanı daha çox izah, ünsiyyət və motivasiya üsullarına üstünlük verməlidirlər. Mükafatlandırma metodu da uşağın davranışına müsbət təsir göstərən vacib vasitələrdən biridir”.

uzeyir
Üzeyir Şəfiyev

Ü.Şəfiyev hesab edir ki, uşaqlara qarşı zorakılıq halları ilə bağlı yeni mexanizmlərin yaradılmasına ehtiyac var:

“Əgər hər hansı uşaq evdə və ya məktəbdə fiziki, psixoloji və ya iqtisadi zorakılığa məruz qalırsa, bununla bağlı çevik mexanizmlər fəaliyyət göstərməlidir. Sosial işçilərin və sosial agentlərin hazırlanması, onların sertifikatlaşdırılması vacibdir. Uşaqlarla və ailələrlə işləyən mütəxəssislər zorakılıq əlamətlərini hiss etdikdə dərhal aidiyyəti qurumlara məlumat verməlidirlər. Dünya təcrübəsində, xüsusilə Avropa ölkələrində bu sistem artıq tətbiq olunur. Hesab edirəm ki, Azərbaycanda da uşaq böhran mərkəzləri və qaynar xətlər daha aktiv fəaliyyət göstərməlidir. Uşaqlar mütəmadi şəkildə bu xidmətlər barədə məlumatlandırılmalıdır ki, zorakılığa məruz qaldıqda hara müraciət edəcəklərini bilsinlər”.

Sosioloq əlavə edib ki, cəmiyyət də bu məsələdə daha həssas davranmalıdır:

“İctimai nəzarət də çox vacibdir. Qonşular, məktəb kollektivi, psixoloqlar və digər şəxslər uşağa qarşı zorakılıq müşahidə etdikdə buna biganə qalmamalıdırlar. Belə hallar dərhal aidiyyəti qurumlara bildirilməlidir. Çünki zorakılıq uşaqlarda ciddi psixoloji travmalar yaradır və onların gələcək şəxsiyyət formalaşmasına, qərarvermə qabiliyyətinə mənfi təsir göstərir”.


MANŞET XƏBƏRLƏRİ