Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin dünya bazarlarında satış qiyməti son bir gündə 13%-dən çox ucuzlaşaraq bu gün səhər saatlarında 115 dollara düşüb.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı məşhur “Oilprice” portalı yayıb.
Qeyd edək ki, ABŞ-nin İrana hava hücumlarından əvvəl – fevral ayının 27-də “Azeri Light” neftinin satış qiyməti 79,6 dollar olub.
Portalın məlumatında həmçinin qeyd olunur ki, hazırda WTI markalı neft son bir gündə 20,4% ucuzlaşaraq 92,6, “Brent” markalı neft isə 17,5% ucuzlaşaraq 91,8 dollara satılır.
Rusiyanın “Sokol” markalı neftinin qiyməti isə son bir gündə 10,4% ucuzlaşaraq 96,8 dollara düşüb.
Onu da qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar səviyyəsində götürülüb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 dollar olub.
Məlumat üçün bildirək ki, “Oilprice” portalında göstərilənlər “Azeri Light” markalı xam neftin CIF (Cost, Insurance, and Freight) qiymətləridir. “Azeri Light” markalı xam neftin CIF qiymətinə sığorta və nəqliyyat xərcləri də əlavə olunur. Bu da, FOB (Free On Board) qiymətlərindən – neftin Ceyhan limanındakı qiymətindən təxminən 5-7 dollar yükəsk olur.