ABŞ-yə gedə bilməyəcəksiz - vizaların verilməsi dayandırıldı


ABŞ Prezidenti Donald Trampın administrasiyası davam edən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını müvəqqəti dayandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Reuters ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Departament rəsmisinin sözlərinə görə, ABŞ-nin bütün dünyadakı səfirlik və konsulluqlarında qlobal təlim tədbiri başlayıb. Bu səbəbdən viza xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin edilməsi təlim başa çatana qədər yenidən tənzimlənəcək. Reuters qeyd edir ki, Donald Tramp administrasiyası ABŞ-da immiqrasiya siyasətinin sərtləşdirilməsi və deportasiyaların artırılması istiqamətində genişmiqyaslı kampaniya aparır. Bu siyasət çərçivəsində vizaların və yaşıl kartların ləğvi, həmçinin müxtəlif səbəblərlə viza müraciətlərinin rədd edilməsi həyata keçirilir.

Qeyd olunur ki, müraciətlərin rədd edilməsinə səbəb kimi bəzi hallarda şəxslərin siyasi baxışları və Fələstini dəstəkləyən etiraz aksiyalarında iştirakı da göstərilir. ABŞ administrasiyası bu tədbirlərin ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə xidmət etdiyini bildirir.

Bundan əvvəl, avqustun 25-də Associated Press ABŞ Dövlət Departamentinin sənədlərinə və amerikalı rəsmilərə istinadən Tramp administrasiyasının ölkə tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşdığını yazmışdı. Bu prosesin sığınacaq üçün müraciət etmiş 200 minədək əcnəbiyə təsir edə biləcəyi bildirilirdi.

ABŞ Dövlət Departamentinin məlumatına görə, son 18 ay ərzində cinayət törətməkdə təqsirli bilinən və ya ittiham olunan, həmçinin ABŞ siyasətini açıq şəkildə tənqid edən şəxslərin vizaları da daxil olmaqla, təxminən 175 min vizanın qüvvəsi ləğv edilib.

Departament vizaların ləğvi mexanizmindən immiqrasiya nəzarəti vasitəsi kimi istifadəni davam etdirəcəyini və ABŞ üçün təhlükə yarada biləcək əcnəbilərin müəyyənləşdiriləcəyini açıqlayıb. Tramp administrasiyası daha əvvəl 75 ölkənin, o cümlədən Rusiyanın vətəndaşlarına immiqrasiya vizalarının verilməsinə qeyri-müəyyən müddətə fasilə vermişdi.

Donald Tramp seçki kampaniyası zamanı prezidentliyə qayıtdıqdan sonra ABŞ tarixində ən böyük qanunsuz miqrant deportasiyası kampaniyasına başlayacağını vəd etmişdi. The Washington Postun məlumatına görə, administrasiya prezidentlik müddətinin ilk ilində 1 milyona qədər miqrantın ölkədən çıxarılmasını planlaşdırırdı.

2025-ci ildə isə ABŞ Dövlət Departamenti əcnəbilərə verilmiş 100 mindən çox vizanı ləğv edib. Onların arasında təxminən 8 min tələbə vizasının olduğu bildirilmişdi./modern.az


MANŞET XƏBƏRLƏRİ