Akdeniz Universiteti Tibb Fakültəsinin Dermatologiya və Zöhrəvi Xəstəliklər kafedrasının professoru Ayşə Akman gözəllik salonlarında geniş tətbiq olunan daimi dırnaq boyası və süni dırnaq prosedurlarının dəri və dırnaq sağlamlığına mümkün təsirlərindən danışıb.
Turkustan.az xəbər verir ki, Akmanın sözlərinə görə, daimi dırnaq boyasının bərkidilməsi üçün istifadə olunan UV işıqları dərinin vaxtından əvvəl qocalmasına və uzunmüddətli istifadədə dəri xərçəngi riskinin artmasına səbəb ola bilər.
“Dırnaqları sərtləşdirmək üçün istifadə olunan işıqlar solyariuma bənzər zərərli dalğa uzunluqlarına malik ola bilər. Bu işıqlar dərinin qocalmasını sürətləndirə və xərçəng riskini artıra bilər. Xüsusilə proseduru tez-tez etdirən şəxslər daha diqqətli olmalıdır”, – Akman bildirib.
Mütəxəssis prosedurdan əvvəl barmaqları açıq qalan qoruyucu əlcəklərdən istifadə etməyi və ya əllərə günəşdən qoruyucu krem çəkməyi tövsiyə edib.
Akman daimi dırnaq boyası və süni dırnaqların yalnız dəri üçün deyil, dırnaq sağlamlığı baxımından da müəyyən risklər daşıdığını qeyd edib.
Onun sözlərinə görə, dırnaq üzərində qalın təbəqənin olması dırnaq altındakı toxumanın müşahidəsini çətinləşdirir. Bu isə dırnaqda yaranan dəyişikliklərin vaxtında aşkarlanmasına və mümkün xəstəliklərin diaqnozuna mane ola bilər.
Mütəxəssis həmçinin bu prosedurların dırnaq strukturunu zədələyə, göbələk infeksiyalarına və uzunmüddətli dırnaq deformasiyalarına səbəb ola biləcəyini bildirib.
Akman dırnaqlarda rəng, forma və ya struktur dəyişikliyi müşahidə edildikdə, problemin kosmetik vasitələrlə ört-basdır edilməməsini və dermatoloqa müraciət edilməsini tövsiyə edib.
Aytən Yaşar/ Turkustan.az