“Duxa Qoca oğlu Dəli Domrul” boyunda ölüm-olum təzadı - Mifoloji çalarlar



İşıqlı Atalı

II yazı

O deməkdir ki, artıq Domrulun “ağıllandırılması” mərhələsi başlamalıdır. İndi ona Əzrayılın “yiyəsiz” olmadığını başa salmaq gərəkdir. “Haq-Taalaya Domrulun sözi xoş gəlmədi: “Baq, baq, mərə dəli qavat mənim birligim bilməz, birligümə şükr qılmaz. Mənim ulu dərgahımda gəzə, mənlük eyləyə? Əzrayilə buyuruq eylədi kim, ya Əzrayil, var, ol dəli qavatın gözinə görüngil, bənzini sarartğıl – dedi, canını xırlatğıl, alğıl”- dedi.

İlkin mifoloji Əcdadın (Oğuzun) dünya yaradılışında iştirakı Tanrılıq örnəyindədir. Burada isə Əcdad Domrulun şəxsində (örnəyində) Allah-Taalanın bütün əmrlərinə sözsüz əməl etməli olan bir bəndədir. O, artıq “mənlük eyləyə” bilməz.

“Koroğlu” dastanında “dəlilik” anlayışı (Dəli Həsən, Dəli Mehtər, Dəli Mehdi) düşmənin üstünə cəsarətlə gedərək döyüşməklə şərtlənir. Elə dastanın əsas örnək dəlisi Koroğlu (tədbirli olduğu dərəcədə dəli-doluluğu, risq etməyi sevməsi) sayıla bilər. Mifoloji şüur dövrü yerini tarixi şüur düvrünə verdikdən sonrabu kimi elementlər “Dədə Qorqud”dan fərqli olaraq “Koroğlu”da gerçəkliyin daha çox ifadəsi ilə (yurd salmaq, düşmənlə vuruşmaq, təhlükəli situasiyalarda dəlilərin daha çox gerçəkliyi nəzərə almaqla çıxış yolu axtarıb tapmaları və s.) müşaiyət (əslində əvəz) olunur.

***

“Dəli Domrul”da da qəhrəmanın gerçək həyatının olduğu (əsas: ailəçiliyi, ata-anası) görünür. Qəhrəmanın xaos dünyası ilə bağlılığı onun gerçək davranışlarına birbaşa təsir edir. Olum (doğuluş, var olmaq) – Əcdadın dünyaya, həyata, təbiətə sirli, möcüzəvi baxışını, bu gedişdə onun ilahiliyini – Tanrılığını təsbit edir. Domrulun dünyaya gəlişi haqqında mətndə bilgi yoxdur. Ancaq Domrulun Əzrayılla ilk görüşünə kimi belə onun azı yarımtanrılığı aydınca duyulmaqdadır. Ötkəm xarakterli, ancaq gənclik – cavanlıq havasında olan, qabağından yeməz qəhrəman şübhəsiz, adını Dədə Qorquddan alıb. Hər halda dastanın adqoyma ənənəsinə uyğun olaraq belə təxmin etmək olar.

Əzrayılın Domrulun gözünə görünməsi ilə onun öncəki yaşamı, dünya, həyat haqqında təsəvvürü bitir. Demək olar, artıq onun ağlında, düşüncəsində dərin təzadlı bir dövr başlayır.

Bu, artıq qəhrəmanın Olumdan başqa Ölümün də olduğunu anlamasıdır. Ölümün duyumu isə ona Tanrıçılığın yox, Allahçılığın təqdimində aydın olur. Təsəvvür etmək olar, cavanlığına baxmayaraq Allahçılıq (İslamçılıq) təsəvvürlərinə (gerçəyinə) kimi Domrul ölümü fitrətən duyub, çox görüb. Oğuz elində ölümlə üz-üzə qalmayan, ölümü faktiki görməyən qəhrəman sayıla bilməzdi.

Boyda Əzrayılın gəlişi məqamı isə artıq Domrulun ölümü dərk etməsi, ölümdən ötə olmasına yox, qorxudulmasına hesablanır: artıq qəhrəman çıxılmazlıqdadır. Təsadüfi deyil ki, bundan sonra alın yazısı mifizminin ağılda oturuşması aydın görünür.

Gözəgörünməz obraz olan Əzrayıla Domrulun dediyindən:

Mərə, nə heybətlü qocasan?

Qapuçılar səni görmədi.

… Mərə, nə heybətlü qocasan, degül bana,

Qadam-bəlam toqınar bu gün sana.

Domrul həyəcanlıdır, duyur ki, bu ölüm döyüş meydanındakı ölümə oxşamır. Əslində Oğuz qəhrəmanı hər yerdə ölümlə rastlaşır, bu da həmin məqamlardan biridir. Ancaq boyda indi Domrul Allahçılığın məntiqinə uyğun olaraq Əzrayılla üz-üzə gəlməli, bu rastlaşmanı bir alın yazısı olaraq qəbul etməli, Allahın ona verdiyi ömrü lütf (ilahi pay) kimi qəbul etməlidir.

Əzrayılın Domrula dediyinə diqqət yetirək:

Mərə, dəli qavat!

…Ağ saqallu, qara saqallu yigitlərin canın çoğ almışam!

Saqalım ağarduğının mənası budur! – dedi.

Mətn boyunca Allah-Taala ilə yanaşı Əzrayıl obrazının da insan kimi danışdığının, qeyzləndiyinin, əhvalca sakitləşdiyinin və s. şahidi oluruq. O deməkdir ki, dünyanı duyum, mifoloji obrazlaşdırma ağılda yaranır, təsəvvür olunur, biçimlənir.

Dastanda Tanrı obrazından Allah obrazına keçidin izləri özünü aydın şəkildə göstərir.

***

İlk gəlişində Domrul qılıncını sıyırınca Əzrayıl göyərçinə çevrilib bacadan uçur. Maraqlıdır ki, bundan sonra da igidliyi ilə qürrələnən Domrul ova çıxır, bir neçə göyərçin ovlayır, qayıdanda Əzrayıl atının gözünə görünür. At hürkür, onu yerə vurur, Əzrayıl bu dəm sinəsinə çökür.

Əzrayılın fürsətcilliyi var, məqam gözləyir, dastan düşüncəsində bu və başqa məqamlar dünyanı anlama səviyyəsinə uyğun mənalandırılır. Allahçılıqdan gələn məntiqlə hökm yerinə yetirilməlidir. Artıq Domrul ölümü aydınca duyur, bu dəfə yalvarır. Boyda bu məqamda o, Əzrayıla üz tutur. Buradakı Tanrı dediyi əslində elə Allahdır. “Tanrının birligünə yoqdur güman”- deyir.

Əzrayıl Domrula anladır ki, can alan, can verən Allah-taaladır. Yenə Domrul ona “görklü”, “cabbar”, “səttar” deyə islam epitetləri ilə olsa da, “Tanrı” deyə müraciət edir. Yəni əcdad düşüncəsindən gələn əhvalın onu bu tezliklə tərk etməməsi doğal görünür.

Yucalardan yucasan,

Kimsə bilməz necəsən.

Tanrılaşmaq qüdrətində olan, Əcdadın tanrılığını anlayan Türkün Allahçılıq əsasında dünyaduyumu buradan aydınlaşır.

Can əvəzinə can. Can - əski düşüncədə ruh anlamındadır. Canı itirmək – ölməkdir. Ölmək – yox olmaqdır. Ölüm həmişə insanları düşündürüb. Əslində insanlar yox olmaqdan qorxublar. “Dədə Qorqud”da ölümlə bağlı səhnələrdə ayrı-ayrı obrazların bu məqamda kədər, tərəddüd, əzab və s. çalarları görünür.

S.Rzasoy “Oğuz mifologiya”sı kitabında yazır, Dəli Domrul ölümə qarşı çıxıb Əzrayılla vuruşur. Ölüm dünyası real dünyanın əksi olan dünya, başqa sözlə, xaos dünyasıdır. Boyda təsvir olunmuş çay Oğuz kosmosu ilə xaosun – “Yalançı dünya”nın arasında sərhəddir. Xaos kosmosa tərs proyeksiyada dayanır. Demək, xaosla bağlı çay bir məkan olaraq kosmosdakı çayın əksi olmalıdır. Doğrudan da boyda Dəli Domrulun üzərində körpü tikdirdiyi çay sulu yox, quru çaydır.

Ağsu rayonunun Kalva kəndindən toplanmış yalvarışlarda ananın balasına, nənənin nəvəsinə, yaxın qohumun doğmasına dediyi “Sənə gələn qada-bala mənə gəlsin”; “Allah sənin yerinə məni öldüreydi”, “Sənə dəyən güllə mənə dəyeydi”, “Qadoo alım” və s. örnəklər ulusal düşüncədə bu kimi elementlərin təbii ifadə olunduğunu (ağrı-acının özünə aid edilməsi), fədakarlıq duyğusunu, başqası (doğması) üçün canından keçməyə hazır olduğunu göstərir.

Əgər dinin məntiqi ilə yanaşsaq, bütün olanlar öncədən proqramlaşdırılıb. O zaman Domrulun ata-anasının hər birinin canını əziz oğullarına vermək istəməmələri də doğal (təbii) qarşılanmalıdır. Çünki Allah onları belə yaradıb, yəni talelərini (alın yazılarını) belə yazıb.

***

Allah “can əvəzinə can” şərtini irəli sürür ki, Domrul onun “birligini”, yəni hökmünü qəbul edir. Atasından canını istədiyində Allaha “kufr söz söylədiyinə” görə bu duruma düşdüyünü deyir. Deməli, dinin məntiqinə görə, o kafirdir, günahını yumalıdır, dinin qaydasına əməl etməlidir; ya kafir kimi ölməlidir, ya da can əvəzinə can bulub, Allahın dediyi kimi yenidən alın yazısına uyğun yaşamalıdır. Burada qəhrəmanın durumu çətinləşir. Bir az öncəyə kimi yerə-göyə meydan oxuyan Domrul can bazarlığına çıxır.

Topladığımız mətnlərin təhlili göstərir ki, bir sıra uşaq oyunlarında “çoxlu canı olmaq” məsələsi var. Bu baxımdan “Çilingağac”, “Pəlağac”, “Kırkavoy” (oyunun adı rusca yayğındır, “dairəvi” anlamını verir) oyunları xarakterik sayıla bilər. Bunların hər birində fəal oyunçu çilingi, topu tutmaqla “can” yığır, uduzduqda ehtiyat “can”larından istifadə edir, “Hələ mənim filan qədər canım qalıb” deyir, tükəndikdə isə ya oyundan qırağa çıxır, ya da yenidən “can” yığmağa davam edir. Burada şüuraltı olaraq uşaq oyunlarında “Can əvəzinə can” motivinin elementlərinin yayğın olduğunu görürük.

R.Qafarlı yazır, “Duxa qoca oğlı Dəli Domrul boy”unda tanrının əmri ilə Əzrayılın bir igidin canını vaxtsız alması etiraz doğurur. Narazılıq böyüyüb Tanrı-insan qarşıdurmasına çevrilir.

Yuxarıda dindən gələn alın yazısı məntiqini xatırlatdıq: əgər Allah Domrulun da alın yazısını belə yazıbsa, deməli, ata-anasının fədakarlıq etməsi məntiqi görünmür. Ancaq ulusal düşüncədən gələn, insanın fədakarlıq ehtiyacı var, bu, artıq boyun şüuraltı olaraq əski düşüncəyə əsaslanmasıdır.

Başqa bir məqam: boyda can (ruh) məsələsinə yanaşma göstərir ki, onun (canın) ömrü mahiyyətcə sonsuzdur, bütün hallarda isə müəyyən bir sürədə bədəndə mövcuddur. Canın şirinliyi, bədəni yaşatması, cansız bədənin urvatsız sayılması və s. qənaətlər Tanrıçılıqla Allahçılıq düşüncəsinin arasında olan Əcdada fitri duyum ölçüsündə çatır. Əgər Domrulun ata-anası canlarını oğullarına vermək istəmirlərsə, boyun məntiqinə uyğun yanaşsaq, onlar Domrulun durumunu ötmüşlər.

Burda məsələyə iki cür yanaşma ola bilər: onlar ya əski Tanrıçılıq, ya da Allahçılıq məntiqi, ölçüsü ilə yaşayırlar. İlk baxışda məsələ boyda anlaşılmır. Sadəcə, boyda hər kəs canının hayındadır. Canlarını oğullarına qıymayan ata-ana “müxənnət” sayılır; bizcə, əslində onlar Tanrıçılıq dönəminin insanlarıdır.

Aydın olan budur ki, dəli-dolu Domrul “ağıllandırılmalıdır”. “Qarğu kibi qara saçlu” anası da canını vermir. Əgər Domrulun ata-anası oğullarının can bazarlığında tərəf kimi iştirak edir, anlaşmaya gələ bilmirlərsə, durumdan halidirlər, sadəcə, canlarını qoruyurlar, Allahın onlara qoyduğu sürə hələ bitməyib. Allah istəsə, özü qərar verər.

Boyun gedişi belə bir təzadlı qənaəti yaradır.

Qadınının canını Domrula vermək istədiyində yeri-göyü, Qadir Tanrını tanığ (şahid) gətirməsi maraqlıdır. Deməli, boyun gedişi Allahçılığın məntiqinə uyğunlaşdırılmalıdır, olaylar uyğun məqama gətirilməlidir. Domrulun “Kərəmi çoq Qadir Tanrı!” deyə yalvarışı Allahın xoşuna gəlir, gənc ər-arvadın hər ikisinə 140 il ömür verir. “Dəli Domrulun atasının-anasının canını al! Ol iki halala yüz qırq yıl ömr verdim” - dedi.

Göründüyü kimi, Allahın şərtini Domrul yerinə yetirə bilmir, sonucda Allahın özü qərar verməli olur: Domrulun ata-anasının canını Əzrayıla aldırır, Domrulun özünə və arvadına ömür verir. Əslində bu elə “can əvəzinə can” şərtinin Allah tərəfindən yerinə yetirilməsidir.

***

Araşdırmada Tanrı-Allah təzadının qovuşaq nöqtəsi olan “Dəli Domrul” boyunda ifadə olunan məqamlar (Domrulun Əzrayılla görüşədək olan halı və sonrakı durumu; Əcdad Tanrılığına oxşarlıqdan çəkinməsi, əslində çəkindirilməsi; “Can əvəzinə can” şərtinin əslində Allah tərəfindən yerinə yetirilməsi (alın yazısı mifizminin qəbul etdirilməsi), mifoloji duyumda tərəddüdlü sayılan başqa hallar) təhlil olunur.

Türk mifoloji düşüncəsindən gələn, Əcdadın yaşam gerçəkliyində təsdiqini tapan Tanrı obrazının müəyyən tarixi mərhələdə Allah obrazı ilə əvəzlənməsi ulusal düşüncədə tamamilə fərqli dünya, həyat qavramı ölçüsü yaradır. Dünya yaradılışında iştirak edən Əcdaddan (Oğuzdan) fərqli olaraq sonrakılar tarixi prosesin sonucu kimi Allahçılıq ölçüsü əsasında yaşamağa başlayır. Mifoloji şüurda Tanrıçılıqdan Allahçılığa keçidin gerçəkləşmə mərhələləri daha çox dastan düşüncəsində izlərini saxlayır. Ona görə ki, çağın ictimai şüura təsir edən ən böyük imkanı dastanın yaratdığı aura idi.

Dəli Domrulun şəxsində Oğuz qəhrəmanının keçdiyi yolun təhlili ulusal mifoloji düşüncədə olum-ölüm təzadına fərqli baxışın olduğunu, fitri duyumun öncəkindən fərqləndiyini (əksildiyini) göstərir.


MANŞET XƏBƏRLƏRİ