Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı


Dünya əhalisinin artımı gözləniləndən daha tez dayana və bundan sonra azalma mərhələsi başlaya bilər.

Turkustan.az xəbər verir ki, ZME Science-in məlumatına görə, alimlər bəşəriyyət üzrə doğum səviyyəsinin artıq əhalinin özünü bərpa etməsi üçün tələb olunan həddən aşağı düşmüş ola biləcəyini bildirirlər.

Demoqrafiyada əhalinin uzunmüddətli sabit qalması üçün bir qadına orta hesabla təxminən 2,1–2,2 uşaq düşməsi zəruri hesab olunur. Hazırda dünyanın bir sıra ölkə və ərazilərində göstərici bundan xeyli aşağıdır.

Məlumata görə, Tayvanda doğum əmsalı 0,69, Cənubi Koreyada 0,8, Sinqapurda 0,87, Çində isə 0,93 səviyyəsində göstərilir. Rusiyada bu göstəricinin təxminən 1,4 olduğu bildirilir.

Mövcud tendensiya davam edərsə, hesablamalara əsasən, Yer kürəsinin əhalisi təxminən 2056-cı ildə 9 milyard nəfər civarında pik həddə çata bilər. Bundan sonra dünya əhalisinin sayında azalma başlaya bilər.

Belə demoqrafik dəyişikliklərin iqtisadi və sosial nəticələrinin də ciddi ola biləcəyi vurğulanır. Əmək qabiliyyətli insanların sayının azalması işçi qüvvəsi çatışmazlığını gücləndirə, yaşlı əhalinin payının artması isə pensiya və səhiyyə sistemlərinə əlavə yük yarada bilər. (Musavat.com)


MANŞET XƏBƏRLƏRİ