"Azərbaycanda yüksək bal toplayaraq tibb təhsili alan savadlı gənclərin məzun olduqdan sonra ölkəni tərk etməsi ciddi müzakirələrə səbəb olur".
Bunu Bakıvaxtı.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ölkədəki tibb təhsili, kadr axını kimi mövcud problemləri şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycanda Tibb Universitetini bitirən gənclər "uzman doktor" adını almaq üçün xarici ölkələrə üz tutmaq məcburiyyətində qalırlar:
Ramin Nurəliyev: "Gənclər "uzman doktor" adını almaq üçün xarici ölkələrə üz tutmaq məcburiyyətində qalırlar"
"Tibb Universitetini bitirən hər bir gəncimiz məcburdur ki, gedib bir müddət xaricdə qalsın, rezidentura oxusun və ya elmi işlə məşğul olsun ki, qayıdanda qapısına "uzman doktor" yazdıra bilsin. Lakin burada böyük bir qüsur var: elə həkimlərimiz var ki, xaricdə heç bir beynəlxalq dərəcəsi və rəsmi əsası olmayan qurumların 1, 2 və ya 3 aylıq kurslarına qatılırlar. Həmin kursu bitirdikdən sonra "uzmanlıq" dərəcəsi alıb gəlirlər. Bu gün tibb sahəsində ən böyük alver məhz bu şəkildə gedir".
R.Nurəliyev vurğulayıb ki, bu kimi hallara qarşı ciddi filtrlər tətbiq olunmalıdır:
"Bu insanlara can və xəstə əmanət olunur. Şəxs harada kurs keçdi, ona necə "uzmanlıq" verildi - bunlar araşdırılmalıdır. Həm Səhiyyə Nazirliyi, həm də Elm və Təhsil Nazirliyi tərəfindən nəzarət mexanizmi qurulmalıdır. Hazırda bu sahədəki nəzarət arzulanan səviyyədə deyil".
Ekspert ən savadlı gənclərin ölkədən getməsinin səbəblərinə də toxunub:
"Xaricdə rezidentura keçən potensiallı gənclər baxırlar ki, Azərbaycana qayıdıb poliklinika və ya xəstəxanada işləməkdənsə, hazır xaricdə qalıb gəlir əldə etmək daha yaxşıdır. Onlar geri dönmək istəmirlər. Bizdə həkim xəstəxana ilə müqavilə bağlayır və xəstəni əməliyyat etmək üçün xəstəxanaya faiz ödəyir. Dünyanın heç bir yerində "həkimin xəstəxanaya faiz verməsi" kimi anlayış yoxdur, amma bizdə var".