
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
V Yazı
Tanrıçılıq ideyası Şumerlərə qədər mövcud olmuş, Türk soylu ya da Türklərlə başqa bir xalqın qaynayıb qarışması olan Şumerlər də bu fəlsəfəni m.ö. IV-III minilliklərdə davam etdirmişlər. Hər halda Tanrıya “Dingir” deyən Sumerlərlə, Tanrıya “Cingir baba”,[1] yəni Tanrı baba deyən əski Azərbaycan türkləri arasında yalnız dil qohumluğu deyil, dini-mənəvi eynilik də düşündürücüdür. Prototürk Subarlar isə Tanrıya Tenger demişlər.[2] Türklərin baş tanrı Tenqri/Dingirlə yanaşı Turan, Turkan, Tork, Turuk, Aras, Baba, Asar, Kuer, Qut, Qaşqay, Günəş kimi iyə adları da olmuşdur.[3] Ümumilikdə, “Tanrı” ilə “Göy Tanrı” kəlimələri Türk xalqlarında müxtəlif şəkillərdə (dingir, tenqri, tanrı, tarı, tenqri və b.) səslənsə də mahiyyət birdir. Türkiyə və Azərbaycan türkləri baş tanrıya Tanrı, altaylar və şorlar tenqri, xaqaslar tiqir, şumerlər dinqir, yakutlar tanqara adlandırmışlar. [4]
Özbək alimi Ənvər Buronov yazır ki, Tenqriçilik Şumerler dövründə mövcud olmuş, protoaltaylar ya da prototürklər də bu inancda olmuşlar. Bu gün də altaylılar Tanrıçılığın rəmzi kimi romb və xaçdan istifadə edirlər. Romb – dünyanı qoruyub saxlayan Tanrı, horizantal cizgilər asimanı ifadə etməkdədir.[5]
Zaur Həsənovun gədiyi qənaətə görə, Türk panteonunun öyrənilməsi göstərir ki, tanrıçılığı yalnız şamançılıqla məududlaşdırmaq olmaz; o, türklərdə inkişaf etmiş tanrılar panteonun mövcudluğunu nəzərdə tutur. Şamançılıq özündə tanrıçılıq mifologiyasının ünüsürlərini saxlamışdır.[6] Zaur Həsənov yazır: “Görünür ki, Tenqri-çenli anlayışı altında ən qədim türklər səma və su məfhumlarını başa düşmüşlər. söz ilkin şəklində çenli, yaxud denqiz kimi səslənir. Buna görə də Tenqri ilkin olaraq “göy” və “su”, daha doğrusu “dünya okeanı” olmuşdur. Əzəli Tenqri bu başlanğıcları özündə təcəssüm etdirmişdir. Bəzi tədqiqatçıların fikrincə, “Tenqri”nin ilkin forması tur olmuşdur. Türk mifologiysına görə, Tanrının övladları tanrılar aləmi və insanlar dünyası arasında vasitəçidirlər”.[7]
Tanrının sinonimi olan Dinqir sözünə, “Dinqir Rusaşe” şəklində Urartu mixiyazılı kitablarında rast gəlirik. Görünür, “Dinqir Rusaşe” Tanrı Rusanın ya da Tanrı Uruzun övladları anlamındadır.[8] Digər tərəfdən Urartu çarlarının adı olan Rusa adı Uruz şəklində Tanrı adına sinonim kimi eyniləşdirilməklə yanaşı, o da iddia olunur ki, Uruz m.ö. I minillikdə etrusk tayfa ittifaqının sevgi və incəsənət tanrısı, Turan isə ilahəsi idi.[9]
Türk və Tanrı sözlərində də yaxınlıq, doğmalıq vardır. “Avesta”da adı keçən turanlı Dureketay Turuqtaydır ki, onu da Tenqritay/ Taqritalyla eyniləşdirmək mümkündür.[10] Tenqri, Tanrı və Türük sözlərinin eyniliyi son nəticədə Türk anlayışında öz əksini tapmışdır. Zaur Həsənov yazır: “İlk skif Tarqıtayın adının ən qədim məlum türk paraleli V əsrdə Türk xaqanlığı-Aşina qəbiləsinin başçılığı altında meydana gəlmiş tayfa birliyinin adıdır. Bu tayfa birliyi Çin mənbələrində tu-kyu, tarixşünaslıqda isə türkütlər kimi tanınır”.[11]
XI əsrdə Mahmud Kaşğarlı “Tanrı” sözünü Allah anlayışının sinonumi kimi vermişdir. Sadəcə, o bir müsəlman kimi artıq türklərin göy üzünə Tanrı deməsini kafirlik hesab etmişdir.[12] Bütün hallarda Kaşğarlı Türk xalqlarının İslamaqədərki dini inanclarına da hörmətlə yanaşmışdır.[13]
Jean-Paul Roux yazır ki, Türk xalqları Tanrıya, Gök Tanrıya inanmışlar. Türklərin fəlsəfəsinə görə, hər bir Türkə qutu-ruhu da Tanrı verir. İnsana qutu verən də, alan da Tanrıdır.[14] Eyni zamanda, Tanrı yalnız insana deyil, bütün canlı ya da cansız nə varsa qut verir ya da verdiyi qutu geri alır.[15]
Akademik Ziya Bünyadov “Tanrı” və “Göy Tanrı” anlayışları ilə bağlı yazırdı ki, bugünkü Orta Asiya Türk şivələrinin əksəriyyətində Tenqri “Tanrı” və “Göy” mənalarını ifadə edir. Ona görə Türkiyə türkcəsində isə bu söz (olduqca qədimləşmiş) yalnız “Allah” mənasında işlənmişdir: “Orxon-Yenisey kitabələrində Tenqri daim ilahi bir qüdrət kimi göstərilir: onun iradəsi ilə kaan (xaqan, hökmdar) iqtidara gəlir və şəxsən bu hökmdar Tenqri kimi və Tenqri doğumludur və Tenqri tərəfindən yaradılmışdır. Tenqri Türk xalqını qoruyur, onun milli varlığı, daimliyini təmin edir və türk bəylərinin düşmən üzərində qələbə çalmalarını dəstəkləyir. Bu sifətilə, xüsusən türklərin hamisi olaraq Türk Tenqrisi adlanır”.[16]
Akademik Nizami Cəfərova görə, “Oğuz Kağan” dastanından başlayaraq son oğuznamələrə qədər gözdən keçirilmiş müxtəlif xarakterli mətnlər deməyə əsas verir ki, onlar poetik struktur etibarilə biri digərinin birbaşa davamı olsa da, ideya-məzmunca üç dövrü əhatə edir:
Türk tanrıçılığı dövrü (e.ə. I minilliyin sonlarından, b.e. I minilliyin əvvəllərinə qədər); Türk tanrıçılığının müsəlmanlıq iddiaları dövrü (I minilliyin əvvəllərindən orta əsrlərin sonlarına qədər); Türk etnosunun müstəqil Türk xalqlarına ayrılmasından sonrakı “qarışıq” dövr (orta əsrlərin sonlarından sonrakı dövr). [17]
Hesab edirik ki, Oğuz Ata Türk xalqları arasında əvvəllər mövcud olmuş, ancaq sonralar müxtəlif səbəblərdən unudulmağa başlamış Tanrıçılıq təlimini “Göy Tanrı”, “Göy Tanrıçılıq” kimi yenidən bərpa etmişdir. Hər halda “Oğuz Kağan” dastanı və “Oğuznamə”lərdən, xüsusilə də uyğur “Oğuznamə”sindən bəlli olur ki, Oğuz Ata dünyaya gəldiyi dövrdə Türk xalqları arasında tək Tanrıçılıq sistemi pozulmuş, türklər kafirliyə üz tutmuşlar. Oğuz Ata isə başda atası Qara xan və əmiləri olmaqla Tanrıçılqıdan uzaqlaşmış “kafir”lərə qarşı mübarizə apararaq onlar üzərində qələbə əldə edərk “Göy Tanrı” dinini təsis etmişdir.[18]
Bu baxımdan Oğuz Atadan öncə Tanrıçılıq təliminin olması, ancaq zamanla unudulmuş, pozulmuş Tanrıçılığın Oğuz Ata tərəfindən “Göy Tanrıçılıq”, “Göy Tanrı” kimi bərpa olunması çox inandırıcıdır.
Böyük Türk mütəfəkkiri Əli bəy Hüseynzadə yazır ki, şamanizmlə (Qamlıq-Maqların təlimi) yanaşı türklərin əsas dini-fəlsəfi təlimi “Göy Tanrı” olmuşdur. Bəzi şamanların yanlış əməlləri nəticəsində “şamanizm” bütpərəstliyə çevrilsə də, ancaq “şaman” bütpərəstliyi uzun sürməmiş və Göy Tanrıçılıq dini yaranmışdır: “Fəqət şu təəddüd ilahə ilə bərabər Türk oğuzlarda vəhdaniyyəti-rəbbaniyyə fikrinə bir meyil bulunduğuna sahibüssəma mənasına gələn və ilahülilahə olması möhtəmil olan “Tanrı”, yəni Gög Tanrı və yaxud sadəcə “Gög” denilən Allaha dəlalət ediyor. Qədim türklərin ruha etiqadları var idi. Orxon abidəsinə görə ruh bir quş şəklində təsəvvür olunuyordu. Movtayı dəfn etmək adəti dəxi talibi-diqqətdir”.[19]
Vəli Həbiboğluda Azərbaycan türklərinin qədim inanclarında tanrıçılığın xüsusi yer tutduğunu qeyd edərək yazır ki, qədim türklərin, o cümlədən Azərbaycan türklərinin mifoloji dünyagörüşündə Yer və Göyün ayrılması Tanrıyla bağlıdır: “Bu da onu göstərir ki, qədim türkdilli xalqlar arasında təkallahlılıq inamı çox güclü olmuşdur. Məhz buna görə də türk xalqlarının bir çoxunda həyatın, kainatın yaradılışı anlayışının özü Tanrı, Allahla əlaqələndirilir”.[20]
[1] Ağasıoğlu Firudin. Azərbaycan Türklərinin İslamaqədər tarixi. II Bitik: Tarixi coğrafiya. Bakı, “Ağrıdağ”, 2014, s.150
[2] Ağasıoğlu Firudin. Azərbaycan Türklərinin İslamaqədər tarixi. III Bitik: Azərbaycanda qurulan qədim dövlətlər. Bakı, “Ağrıdağ”, 2014, s.153
[3] Yenə orada, s.118,121
[4] Azərbaycan mifoloji mətnləri. Bakı, Elm, 1988, s.52; Buronov Anvar. Oltoylar. Toşkent, Muxarrir, 2017, s.74-75
[5] Buronov Anvar. Oltoylar. Toşkent, Muxarrir, 2017, s.74-75
[6] Həsənov Zaur. Çar Skiflər. Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2005, s.155
[7] Həsənov Zaur. Çar Skiflər. Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2005, s.316
[8] Cəfərsoy İlhami. İber və Hay folklorunda türk mifik təfəkkürünün izləri. Bakı, “Xəzər univer.,”, 2006, s.24
[9] Marr N.Y. İştar. Yafetiçeskiy sbornik. vıp.V, Leninqrad, 1927, s.122-124
[10] Ağasıoğlu Firudin. Azərbaycan Türklərinin İslamaqədər tarixi. II Bitik: Tarixi coğrafiya. Bakı, “Ağrıdağ”, 2014, s.326
[11] Həsənov Zaur. Çar Skiflər. Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2005, s.205
[12] Kaşğarlı Mahmud. Divanü Luğat-İt Türk. Konya, Egitim Kitabevi, 2012, s.484
[13] Yenə orada, s.15-16
[14] Roux, Jean-Paul. Altay türklerinde ölüm. İstanbul, Kabalcı Yayınevi, 1999, s.40-41
[15] Roux, Jean-Paul. Altay türklerinde ölüm. İstanbul, Kabalcı Yayınevi, 1999, s.42