Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən güclü daşqın nəticəsində azı yeddi nəfərin öldüyü bildirilir.
Turkustan.az xəbər verir ki, “Katmandu Post”un məlumatına görə, Bhotekoşi çayının daşması nəticəsində yaşayış məntəqələri su altında qalıb, bölgənin infrastrukturuna ciddi ziyan dəyib. Yollar, körpülər və enerji layihələri yararsız vəziyyətə düşüb.
Daşqın nəticəsində yüzlərlə insanın itkin düşdüyü bildirilir. İtkinlər arasında müqəddəs Kailash Mansarovar bölgəsinə gedən təxminən 390 nəfərlik qrupun üzvlərinin də olduğu qeyd edilir.
Tibet sərhədinə yaxın ərazilərdə vəziyyətin daha da ağırlaşdığı bildirilir. Təhlükəli dərəcədə yüksək su səviyyəsi səbəbindən helikopterlərin təxminən 50 min insanın yaşadığı Syapru Besi və Timure şəhərlərinə enə bilmədiyi açıqlanıb.
Bölgədən yayılan görüntülərdə daşqının törətdiyi genişmiqyaslı dağıntılar əks olunub. Şahidlərdən biri hadisənin saniyələr ərzində baş verdiyini, insanların canlarını qurtarmaq üçün panika içində qaçdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az