Kardiologiya mütəxəssisi Prof. Dr. Hatice Betül Erer qadınlarda ürək tutmasının əlamətlərinin kişilərdən fərqli ola biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Ererin sözlərinə görə, qadınlarda ürək tutması hər zaman sinənin mərkəzində ağrı və ya təzyiq hissi ilə özünü göstərmir. Başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı, səbəbi bilinməyən yorğunluq, bel və ya çənə ağrısı da ürək tutmasının əlamətləri ola bilər.
Mütəxəssis xüsusilə menopozdan sonra ortaya çıxan yeni və ya təkrarlanan ürək-damar şikayətlərinin stress, yorğunluq və ya mədə problemləri ilə əlaqələndirilərək gözardı edilməməsinin vacibliyini vurğulayıb.
Erer bildirib ki, ürək tutmasının növü, müalicəyə başlanma müddəti, yaş və yanaşı xəstəliklər xəstəliyin gedişatına təsir edən əsas amillərdəndir. O, gənc qadınlarda da ürək tutmasından sonra ölüm riskinin ciddi şəkildə nəzərə alınmalı olduğunu qeyd edib.
2011–2022-ci illər üzrə məlumatların təhlil edildiyi və 2026-cı ildə dərc olunan araşdırmaya görə, ilk qəfil ürək tutmasından sonra xəstəxanadaxili ölüm göstəricisi qadınlarda 3,1 faiz, kişilərdə isə 2,6 faiz olub.
Aytən Yaşar/ Turkustan.az