İdman zallarında görünməyən təhlükə: Bu xəstəliklərə diqqət


Türkiyəli mikrobioloq, dosent Dr. İpek Ada idman zallarında yoluxucu xəstəliklərin yayılma riskinin yüksək olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, idman zallarında tərləmə nəticəsində yaranan rütubətli mühit bir sıra bakteriya və göbələklərin inkişafına şərait yaradır. Gün ərzində çoxsaylı insanların təmas etdiyi idman avadanlıqları, tutacaqlar və məşq döşəkləri də infeksiya riskini artırır.

Dr. İpek Ada xüsusilə yaş döşəmələrdə və duşlarda rast gəlinən ayaq göbələyinə diqqət çəkib. O, həmçinin nəm dəri, dəsmal və döşəklər vasitəsilə yayıla bilən qasıq və baş dərisi göbələklərinin, dəri yaraları ilə təmas nəticəsində keçən stafilokok bakteriyalarının, qabıqlı yaralarla təmasdan yayılan impetiqonun və şəxsi əşyaların birgə istifadəsi ilə ötürülə bilən insan papilloma virusunun (HPV) əsas risklər arasında olduğunu qeyd edib.

Mütəxəssis infeksiyaların qarşısının alınmasında həm idman zalı rəhbərliyinin, həm də istifadəçilərin məsuliyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, idman zalları və avadanlıqlar mütəmadi olaraq dezinfeksiya edilməli, istifadəçilər isə dəsmal, idman döşəyi, başmaq və digər şəxsi əşyalarını başqaları ilə paylaşmamalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ