Kamil Şahverdi
IV yazı
4-cü hissə
(əvvəli BU LİNKDƏ)
Üzeyir bəy Hacıbəylinin yazı makinasında çap etdiyi vərəqlərdə əsərin mətni ilə yanaşı o dövrə aid qiymətli məlumatlar da öz əksini tapmışdır. Sənəddə 1930-cu ildə Azərbaycanda istifafə olunan latın əlifbadı ilə qeyd olunub:
Şura Azərbaycanının 10 illiyi münasibətilə yazılmış Himno.
Müsənnif və bəstəkarı: Üzeyir Bəy Hacıbəyli.
Müsənnif, yəni musiqiyə uyğunlaşdırılmış mətnin müəllifi. Üzeyir bəy bu mətnin poeziya nümunəsi olmadığına işarə edərək bildirir ki, mətn musiqiyə uyğunlaşdırılıb. Üzeyir bəy bir çox əsərlərində bu üsuldan istifadə edərək mətnləri özü yazmışdır.
Mətn yazılmış vərəqin üzərində bir neçə möhür və ştap var. Eyni zamanda yuxarı hissədə qırmızı qələmlə kiminsə imzası var. Vərəqin orta hissəsində Senzura idarədinin "Ədəbiyyat şöbəsi müdiri" ştampı, qırmızı qələmlə kiminsə imzası, "25. III. 1930-cu il" sözləri qeyd olunub.
Sol tərəfdə olan üçkünc ştamın yazılarını oxumaq mümkün deyil.
Qeyd etməliyəm ki, o dövrdə bütün əsərlər yoxlamadan keçirilər və belə ştamp, möhür və imzadan sonra çapa, səhnədə ifa olunmağa, radio efirində səslənməyə buraxılırdı.
Əsər Himno (Himn) adlansa da, janr və forma etibarı ilə tamamilə başqadır. Yəni 4 hissəli kontata janrında yazılıb. Mənbələrdə əsərin üç hissədən ibarət olduğu göstərilsə də, əslində bu əsər dörd hissədən ibarətdir.
Birinci hissə: Cəngə dəvət;
İkinci hissə: Cəng;
Üçüncü hissə; Qurbanlara xatirə;
Dördüncü hissə: Təbrik.
Yuxarıda qeyd etdiyim kimi Üzeyir bəy Hacıbəyli 1930-cu ildə Azərbsycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyinə həsr edərək yazmışdır. Əsər xor və simfonik orkestr üçün yazılıb. 1930-cu il aprelin 28-də Azərbaycan SSR-in 10 illiyinə həsr olunmuş tədbirdə Üzeyir bəyin idarəsi ilə ifa olunub. Sonrakı dövrlərdə bu əsərin bir daha ifa olunması haqqında heç bir məlumat tapılmamışdır. Belə çıxır ki, Üzeyir bəyin 1930-cu ildə yazdığı himn yalnız bir dəfə, Azərbaycan SSR-in 10 illik tədbirində ifa olunub.
Görəsən Üzeyir bəy bu əsəri niyə himn adlandırıb? Əsər forma və janrına görə dörd hissəli kontatadırsa, niyə himn kimi təqdim olunub? Məgər Üzeyir bəy himn nə olduğunu bilmirdi? 1919-cu ildə "Azərbaycan Marşı", 1945-ci ildə Azərbaycan SSR Dövlət himnini yazan dahi Üzeyir bəy himnin nə olduğunu bilmirdi?
Bütün bu suallara cavab tapmaq üçün yuxarıda qeyd etdiyim "Kommunist" qəzetinin 30 aprel 1930-cu il tarixli sayında dərc olunan Əsəd Tahirin "Gözünə girsin!
Məhəmməd Əmin Rəsulzadəyə." məqaləsinə diqqət yetirmək lazımdır. Hansısa manqurt Əsəd Tahirin məqləsini olduğu kimi təqdim edirəm:
"Gözünə girsin!
Məhəmməd Əmin Rəsulzadəyə.
Dünən təpəndən elə bir zərbə endirildi ki, Loğman belə çarəsini bulamaz!! Dünən imdiyə kadar ədyan nəzarəti və məşixəti islamiyyə vasitəsilə çadralara kapatdığın türk qızları, artık murdar hökmranlığın devrindəki "müsəlman xanımlarına məxsus kapalı lojalarda" oturmamış, qol biləklərini çırmamış, səhnəyə çıxmışlardı! Səncə bunlar nə etsəydi yaxşı idi?
Bunlar türk qadınlarının azadlıq rəqsini oynayırdılar. Səncə bunları oynadan kimdir?
On yaşlı Azərbaycanın, 10 yaşlı incə sən'ətinə xidmət edən, 10 illik nailiyyətləri öz musiqisində əks etdirən, türk dirijorları. Səncə bunlar nə çalırdı?
O kor gözlərinlə bu dirijorların çubuğundan çıxan ahəngə baxsan, türk qızlarının hərəkətlərindəki həyat ritmini görsən, hiddətindən gözlərin qatiq piyaləsi kibi ağarar, saçların-əlindən loğalıqdan başqa bir şey gəlməyən hind toyuğunun quyruğu kibi qabarardı!
Bilirsənmi?
Keşmişdə üzərində "RUSKOYE MUZIKALNOYE UÇİLİŞŞE" çazılmış binada imdi yüzlərcə türk qızı oxuyur! Bilirsənmi?
Azərbaycanın 10 illik bayramı gecəsi, bu türk qızları nə edirdilər?
Hardan biləcəksən!!!
Bu yeniliklər sənin kibi ağzı karvansara qapısı qadar enli, beyni iynə gözü qadar dar, qalın qafaların başına sığışacaq deyildir! 200 qadar türk qızı, Azərbaycan himnosu okuyurdu!
Hələ bu himnonun kim tərəfindən yazıldığını bilsən, bağrın çatlar!! Onu Üzeyir Hacıbəyli yazmışdır. O Üzeyir ki, sənin çıkardığın mürtəci "Azərbaycan" qəzetəsinə müvəqqəti müdirlik edirdi. O Üzeyir, imdi çıkışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycan 10 illiyi himnosu yazmış, türk qızlarına okutdurur və özü dirijorluq edir.
Görürsənmi? Vaktilə bel bağlamaq istədiyiniz adamlar belə, sizə nifrət edərək, sizdən yüz çevirmiş və Şuralar Azərbaycanının mədəni quruluşu işlərində ən aktiv iştirak edir!
Bilirsənmi? Metropolun otaq qalar üçün oyun havaları çaldırlarında yumruq zorilə şonsonetdigin Gülablı kəndlisi Qurban, imdi cümhuriyyətin əməkdar aktyoru olmuşdut. (Tarzən Qurban Pirimov nəzərdə tutulur-K. Ş.)
Bilirsənmi? Dirijor Maqomayef, (tanımamış olmazsan) imdi türk qadınları üçün azadlıq rəqsi yazmışdır. Bu rəqsdəki zərbələr o qadar qüvvətli ki, o qadar kəskindir ki, Molla Əbdül Əlilərin xutbə və mev'izlərilə əsirlikdə sakladığın türk qadınlarının zəncirini əbədi qırmış olur!
Hələ bu zərbələrdə nə var! Bu gecə dördlük taxta qədər qalın qafandan öylə zərbə endiriildi ki, onsuz da sərxoş başının Azərbaycandakı nailiyyətlər qarşısında əbədilik fırlanacağına və səni, dərdin çoxluğundan, yenə də, bir badə şərab üçün, İstanbul şantanlarına atacağına şübhə yoxdur!
Bu gecə sana ancaq Şuralar Azərbaycanının yetişdirə biləcəyi və yetişdirdiyi gənc dirijor, Əfrasiyabın son çıkışı son zərbə oldu. (Əfrasiyab Bədəlbəyli nəzərdə tutulur-K. Ş.) Bircə onun musiqisindəki inqlab marşlarını, marselyezaları, İnternasionalları eşitseydin!!! Bircə onun qol qanat açaraq 70 nəfərlik simfonik orkestrosunu bir oyuncaq kibi idarə etdiyini görseydin!!!
Birce onun əlindəki çubuğun fırlandığına bakseydin!
Bu musiqinin qüvvəsi qarşısında, sən də bilaixtiyar ayağa qalkar və sonra pəşiman bir it kibi, əbədilik üzü üstə düşərdin!
Çok söz söyləməyəcəyəm!
Şuralar Azərbaycanının yetişdirdiyi gənc və inklabçı dirijor Əfrasiyabın çubuğu, gözünə girsin!!!
Əsəd Tahir."
Bu manqurt, şərəfsiz Əsəd Tahirin yazısını olduğu kimi, hec nəyi dəyişmədən diqqətinizə çatdırdım. Düşünürəm ki, himnin nə olduğunu, janrını, formasını, mahiyyətini dırindən bilən Üzeyir bəy Hacıbəyli yazıda qeyd olunduğu kimi öz təşəbbüsü ilə deyil, tapşırıq əsasında belə bir əsər yazıb və tapşırıq verənlərin göstərişi ilə əsəri himn adlandırıb. 1919-cu ildə Üzeyir bəy misilsiz himn nümunəsi yaradaraq "Azərbaycan Marşı"nı yazmaqla mövzuya dərindən bələd olduğunu sübut etdi. Ona görə də dahi Üzeyir bəy Hacıbəylinin dörd hissəli əsərini, forma etibarı ilə kontatanı himn adlandırması suallar yaradır.
Mənə elə gəlir ki, bu əsəri yalnız bir dəfə ifa etmək üçün sifariş veriblər. Musiqisindən xəbərsiz olduğuma görə əsərin bədii keyfiyyəti haqqında heç nə deyə bilmirəm. Ümid edirəm ki, nə zamansa bu əsrin notları da tapılar və musiqişünaslar əsər haqqında sözlərini deyərlər.
Əsərin mətni haqqında isə yalnız onu deyə bilərəm ki, dövrün tələbinə uyğun yazılmış, musiqiyə uyğunlaşdırılmış mətndir.
Düşünürəm ki, bu əsəri Üzeyir bəyə "Kommunist" qəzetində Məhəmməd Əmin Rəsulzadəyə xitabən məqalə yazmaq üçün sifariş veriblər. Ona görə də əsər bir dəfə ifa olunub, məqalə yazıldıqdan sonra unudulub. Çünki, 1930-cu ildə SSRİ-nin rəsmi Dövlət himni "İnternadional" olduğu halda (O cümlədən də Azərbaycan SSR-in Dövlət himni "İnternadional" idi) əlavə himn yazmaq mümkünsüz idi. Görünür Məhəmməd Əmin Rəsulzadəyə onun silahdaşlarının sosialist inqilabının təntənəsini tərənnüm etmələrini göstərmək üçün, hətta AXC himninin müəllifi Üzeyir bəyin sovet Azərbaycanı himnini yazmasını bəyan etmək üçün belə bir əsərin meydana çıxmasını vacib sayıblar. Bu gün gəldiyim qənaət bundan ibarətdir. Dörd hissəli kontatanın himn adlandırılmasını və yalnız bir dəfə ifa olunmasını başqa cür izah eləməkdə çətinlik çəkirəm.