"Düşmənin ağlına gəlməzdi ki, biz Daşlarını belə tezliklə ala bilərik"...


24 noyabr 1994-cü ildə Balakən rayonunun Qaysa kəndində doğulur...

2001 / 2012-ci illərdə Balakən rayon M. Hudulov adına Meşəşambul kənd orta məktəbində orta təhsil alır...

2012 /2016-cı illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsil alır...

Xidməti müddətində: Motoatıcı tağımın komandiri; motoatıcı bölüyün komandiri; mexanikləşdirilmiş bölüyün komandiri; mexanikləşdirilmiş tabor komandirinin müavini; mexanikləşdirilmiş taborun komandiri; motoatıcı taborun komandiri vəzifələrində xidmət edir...

Azərbaycan Silahlı Qüvvələrinin mayoru rütbəsinə qədər yüksəlir...

Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan, şəxsi heyəti ilə birgə Xocavənd, Füzuli, Şuşa uğrunda döyüşlərdə mərdlik və xüsusi şücaət göstərən, bel nahiyəsindən 4 qəlpə yarası alsa da, döyüşü davam etdirən, Daşaltı döyüşlərində xüsusilə fərqlənən və vəziyyəti nəzarətə götürdükdən sonra yuxarı komandanlığa məlumat verən, bundan sonra Daşaltı kəndi istiqamətindən yüksəkliklərə doğru irəliləyərək düşmənin müqavimətini qıran və təminat yollarını kəsməyə nail olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov!

Açıklama yok.

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Ordusunun 100 illiyi", "Heydər Əliyevin 100 illiyi" yubiley medalları, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə, o cümlədən, "Vətən Müharibəsi İştirakçısı" və Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilir.

Ramazan Hudulov şəxsi heyəti ilə birgə Xocavənd istiqamətindən döyüşlərə başlayır və bir neçə düşmən postunu işğaldan azad edir. Sonradan isə Füzuli istiqamətində döyüşləri davam etdirir. Füzuli rayonun Dövlətyarlı kəndində yüngül yaralansa da bu onun döyüşləri davam etməyinə maneə yaratmır. Lakin döyüşlərin qızğın vaxtında düşmən tərəfdən ard-arda iki minamyot atılır, qəhrəmanımız bunların birindən yayınsa da digəri iki metrlik məsafəyə düşdüyü üçün bel nahiyəsindən 4 qəlpə yarası alır. Həkimlərin müdaxiləsi ilə yaraları sarılır və yenidən döyüşə davam edir: "Sonra bizə Şuşa istiqamətində irəliləmək əmri verildi. Müəyyən qədər məsafəni texnikalarla getdik, sonra isə piyada hərəkət etdik. 50 nəfərlik bölüklə dağ, dərə və sıx meşəliklərlə 20 kilometrə qədər yolu piyada qət etdikdən sonra Daşaltı kəndinə yaxın yerdə qərarlaşdıq. Səhərə yaxın hücum əmri verilmişdi. Hücuma başlayan zaman tabor komandirimiz qol nahiyəsindən ağır yaralanaraq xəstəxanaya yerləşdirildi, onu mən əvəz etdim. Piyada getdiyimiz üçün ağır silahlarımız yox idi, yalnız qumbaraatan və artilleriyanın dəstəyi var idi. Bir müddət döyüşəndən sonra düşmənin xeyli sayda itkisi oldu, qalan hissəsi isə qaçmağa başladı. Artıq hava qaralanda kəndə girməyə başladıq. 27 nəfərlik qrupla iləriləyərkən minalanmış sahəyə girdik, 5 şəhidimiz, 13 nəfər isə yaralımız oldu, hücum ləngidi. Yaralı və şəhidləri təxliyə etdikdən sonra yenidən Daşaltı kəndinə yol aldıq. Düşmənin ağlına belə gəlməzdi ki, biz Daşaltını belə tezliklə ala bilərik. Daşaltı alınandan sonra artıq hədəf Şuşa idi. Əməliyyata rəhbərlik edən şəxs səhər tapşırıq verdi ki, Şuşanın alınması üçün Laçına gedən yol tutulmalı, düşmənin Qarabağa gələn təminatı dayandırılmalıdır. . Bundan sonra bir çox bölmələrimiz müxtəlif istiqamətlərdən irəliləməyə başladı. Laçın dəhlizində mövqe quran düşmən bütün birliklərimizin adi yoldan gələcəyini gözləyirdi, buna görə də, mənim rəhbərlik etdiyim qrup qayalıqlardan keçərək düşməni arxa tərəfdən mühasirəyə aldıq. Xeyli sayda texnikaları, tankları var idi, hamısını zərərsizləşdirdik, canlı qüvvələri də ağır itki verərək qaçmağa başladılar, səhər saat 8-də başladığımız əməliyyat axşam saat 6-da uğurla başa çatmışdı. Vəziyyəti tam nəzarətə götürdükdən sonra yuxarı komandanlığa məruzə etdim."

Balakəndə avar ailəsində doğulan igidimiz vətənə məhəbbət, torpağa sevgi, dövlətə sədaqət hisləri ilə böyüyüb. Vətənpərvərlikıə bağlı verilişlərə baxır, hərbçi olaraq şəhidlərin qisasını alacağı günü səbirsizliklə gözləyib. Bu arzular da onu Ali Hərbi Məktəbə gətirib.

Qəhrəmanımızın Atası İzzət Hudulov deyir ki, "Mən özüm hərbçi olmaq istəsəm də qismət olmadı. Odur ki, oğlumun hərbçi olmasını çox istəyirdim. Özünün də buna istəyi, arzusu vardı. Arzumuz gerçəkləşdi. Oğlum nəinki hərbçi oldu, torpaqlarımızı azad edən qəhrəmanlardan biri oldu, fəxri ad aldı" .

Anası Mehriban Hudulova: "Mən qəhrəman Azərbaycan xalqının qəhrəman oğlunun anasıyam. Mən tək Ramazanın yox, ordumuzda döyüşən, əziyyət çəkən, qazi olan, şəhid olan bütün qəhrəman oğulların anasıyam. Şəhidlərimizi unutmuruq. Onların ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirik".

Ramazan Hudulov qəhrəmanlığı, igidliyi, şücaəti ilə tək bir ailənin yox, bir elin yox, bütövlükdə millətin, vətənin övladı oldu! Onun adı Azərbaycanın Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Və bu adla tək müasirləri deyil, gələcək nəsillər də fəxr edəcək!

Qəhrəmanıza vətən qarşısında göstərdiyi xidmətlərə görə təşəkkür edir, bundan sonrakı fəaliyyətində uğurlar diləyir, sağlam və xoşbəxt həyat arzulayıram!

Biz səninlə qürur duyuruq vətənin qəhrəman oğlu!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ