“ABŞ-ın Zəngəzurdan keçəcək nəqliyyat dəhlizinə marağı İranı geosiyasi baxımdan mühasirəyə almaq planları ilə əlaqədardır”.
Turkustan.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin səsləndirib.
Zatulinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensin Ermənistana diqqəti, o cümlədən müxtəlif nəqliyyat layihələrinin təşviqi İranın regional mövqelərini zəiflətmək məqsədi daşıyır.
“Bu cür təşəbbüslərin ilk nəticəsi Ermənistanın müstəqillik dövründə etibar etdiyi əsas tərəfdaşlardan biri olan İranla əlaqələrinin zəifləməsi və ya qırılması ola bilər. Bu, ABŞ və İsrailin iştirak etdiyi, Ermənistanın da müəyyən rol oynadığı İranın geosiyasi mühasirəyə alınması cəhdidir”, – deyə Zatulin bildirib.
Rusiyalı deputat hesab edir ki, belə bir ssenari Ermənistanı ilk növbədə Azərbaycan və Türkiyənin davranış və qərarlarından daha çox asılı vəziyyətə sala bilər. Onun fikrincə, Fransa və ya digər Avropa İttifaqı ölkələri bu proseslərdə həlledici rol oynamaq imkanına malik deyil.
Zatulin Ermənistanın qarşısında duran əsas geosiyasi seçimin dəyişmədiyini vurğulayıb.
“Ermənistanın geosiyasi dilemması əvvəlki kimi qalır, ya Rusiya, ya da Türkiyə seçim olmalıdır”, – deyə o vurğulayıb. /globalinfo.az/