Son vaxtlar Donald Tramp ilə Benjamin Netanyahu arasında fikir ayrılıqlarının artdığına dair müzakirələr güclənib. Xüsusilə Yaxın Şərqdə son dövrlərdə kəskinləşən qarşıdurmalar fonunda tərəflərin bir sıra məsələlərə fərqli mövqedən yanaşması diqqətdən yayınmır.
Vaxtilə yaxın siyasi tərəfdaş və müttəfiq kimi tanınan iki liderin son açıqlamaları isə münasibətlərdə müəyyən gərginliyin yarandığı barədə iddiaları daha da gücləndirib.
Bu gün Trampın Netanyahu ilə bağlı səsləndirdiyi sərt fikirlər də həmin müzakirələrə yeni təkan verib. ABŞ prezidentinin “mən olmasaydım, Netanyahu çoxdan həbsdə olardı” məzmunlu açıqlaması siyasi dairələrdə geniş rezonans doğurub.
Bütün bunların fonunda iki lider arasında illərlə formalaşmış yaxın münasibətlərin sarsılıb-sarsılmadığı, eləcə də mövcud fikir ayrılıqlarının hansı səbəblərdən qaynaqlandığı maraq doğuran əsas suallardan biri olaraq qalır.
Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov
Donald Tramp və Benyamin Netanyahu arasında möhkəm əlaqələr olsa da, bir çox məqamlarda onların arasında müəyyən ziddiyyətlər də mövcuddur. Bu ziddiyyətlər xüsusilə son dövrlərdə baş verən proseslər fonunda daha aydın görünməkdədir. Belə ki, İsrailin hazırkı baş naziri, ifrat sağçı və radikal təmayüllü siyasətçi kimi tanınan Netanyahu son dövrlərdə elə bir siyasət yürüdür ki, bu siyasət bir çox hallarda ABŞ-ın maraqları ilə üst-üstə düşmür.
Məlumdur ki, Amerikanın xarici siyasətinin əsas prioritetlərindən biri İsrailin təhlükəsizliyinin təmin edilməsidir. Bununla yanaşı, xüsusilə İran–ABŞ–İsrail qarşıdurmasından sonra tərəflərin məsələlərə yanaşmasında ciddi fərqlər meydana çıxıb. Belə görünür ki, Vaşinqtonun planları ilə Təl-Əvivin planları tam uyğun gəlmir. Hətta bəzi iddialara görə, Donald Tramp bu prosesə Netanyahu tərəfindən təşviq olunub və hadisələrin bu şəkildə inkişaf etməsi Trampın ilkin hesablamalarına daxil olmayıb.
Hazırda davam edən atəşkəs rejimi faktiki olaraq İsrailin qarşıya qoyduğu bütün məqsədlərin reallaşmasına imkan vermir. İsrail İranın tam zəiflədilməsini və məğlub edilməsini istəyirdi, lakin reallıq fərqli mənzərə ortaya qoyur. Bu baxımdan Donald Tramp müharibənin davam etdirilməsindən daha çox, diplomatik yollarla İrandan müəyyən güzəştlər əldə etməyə çalışır. Belə bir məqamda Netanyahunun Livana qarşı hərbi əməliyyatlarla bağlı qərarları regionda vəziyyəti yenidən gərginləşdirir.
Bunun fonunda İran bəyan edib ki, Livana hücumlar davam edəcəyi təqdirdə ABŞ-la aparılan danışıqlardan çıxa bilər. Eyni zamanda Hörmüz boğazının bağlanması ilə bağlı təhdidlər də səsləndirilir ki, bu da dünya iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Belə bir ssenari ABŞ üçün də əlavə problemlər deməkdir.
Çünki enerji bazarlarındakı dalğalanmalar və artan qeyri-müəyyənlik Donald Trampın siyasi maraqlarına uyğun deyil. Xüsusilə ABŞ seçiciləri iqtisadi məsələlərə və enerji qiymətlərinə qarşı həssasdırlar. Bu baxımdan Tramp və Netanyahu arasında baş tutan son telefon danışığının kifayət qədər gərgin keçdiyi barədə iddialar yayılır.
Müşahidələr göstərir ki, Tramp Netanyahunu daha ehtiyatlı davranmağa və ABŞ-ın maraqlarına zidd addımlar atmamağa çağırır. Lakin nəzərə almaq lazımdır ki, ABŞ-da güclü yəhudi lobbi qrupları fəaliyyət göstərir və onların həm Trampa, həm də onun komandasının bəzi üzvlərinə müəyyən təsirləri var. Bu səbəbdən Trampın Netanyahuya tam şəkildə təsir göstərməsi də o qədər asan deyil.
Diqqət çəkən məqamlardan biri də Trampın son açıqlamalarında atəşkəsin daimi olacağına ümid etdiyini bildirməsidir. O, bunun mütləq şəkildə baş verəcəyini deməyib. Çünki Netanyahu bir çox hallarda yaranmış fürsətlərdən istifadə edərək öz siyasi məqsədlərini reallaşdırmağa çalışan siyasətçi kimi tanınır.
Nəticə etibarilə, Tramp və Netanyahu arasındakı fikir ayrılıqları əsasən Yaxın Şərqdəki proseslərə və hər iki ölkənin regionla bağlı fərqli yanaşmalarına əsaslanır. Bununla belə, hesab edirəm ki, bütün bu ziddiyyətlərə baxmayaraq, onlar qarşılıqlı anlaşma əldə etməyi bacaran siyasi fiqurlardır. Ona görə də mövcud fikir ayrılıqlarının münasibətlərdə ciddi qırılmaya səbəb olacağı ehtimalı yüksək görünmür.
Aytən Yaşar/ Turkustan.az