Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Turkustan.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyun ayının 5-də keçiriləcək növbədənkənar sessiyası çərçivəsində ilk iclasında müzakirəyə çıxarılacaq "Dövlət qulluğu haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidenti səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.
Bu dəyişiklikdən sonra “Dövlət qulluğu haqqında” AR Qanunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaqdır. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək./Bizim.Media