Banklar müxtəlif vasitələr, o cümlədən, cashback (“keşbek”) qazanmaq kimi layihələrlə müştəri cəlb edirlər. Bir çox bank vətəndaşlara nağdsız ödəniş zamanı müəyyən kateqoriyalarda yüksək faizli “keşbek”lər qazanacağına söz verir. Lakin son ildə hər ay və ya bir neçə aydan bir çox “keşbek” faizləri aşağı salınır. Əvvəllər ərzaq alışında faiz “keşbek” vəd edən bank əvvəl onu 2, sonra 1, indi isə 0,75 faizə salacağını bildirir.
Bankların bu addım nə ilə bağlıdır? Bu bank istifadəçilərinin sayının azalmasına gətirib çıxara bilərmi? Müştəri rəyi nəzərə alınmalıdırmı?
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hüquqşünas Əkrəm Həsənov deyib ki, bu, vaxtilə bankların müştəriləri cəlb etmək üçün atdıqları addım idi:
“Yəni müştərilər nağdsız hesablaşmalardan istifadə etsinlər, kart, hesab açsınlar və bankların da dövriyyəsi artsın. Bank “keşbek”i öz hesabına müştəriyə qaytarırdı. Artıq buna ehtiyac yoxdur, çünki onsuz da Azərbaycan əhalisi nağdsız ödənişlər edir. Hətta dövlətin də əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması (“ƏDV geri al!) kampaniyası insanları nağdsız hesblaşmalardan istifadə etməsinə hesablanıb. İnsanlar da bu və digər şəkildə banklara bağlanıblar. “ƏDV geri al” kampaniyası da daimi deyil. Hamı qəbz almaq lazım olduğunu biləndən, nağdsız ödənişə öyrəşəndən sonra bu da ləğv olunacaq”.