Bir daha Himnimiz haqqında



Kamil Şahverdi

IV yazı

4-cü hissə

(əvvəli BU LİNKDƏ)

Səməd Vurğun və Süleymam Rüstəm tərəfindən yazılmış himn mətninin ilk variantı aşağıdakı kimi idi:

I

Azərbaycan-dünya görmüş bu şərəfli, şanlı diyar,

Vətən eşqi babalardan qalmış əziz bir yadigar,

Qanlı döyüş meydanında biz yaratdıq ağ günləri-

Nəsillərdən nəsillərə yurdumuzun şöhrəti var.

Nəqarət

Qoy var olsun Azərbaycan, Odlar yurdu-Ana vətən

Qoca Şərqə günəş doğur yurdumuzun qüdrətindən...

Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,

Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən.

II

Ustadımız böyük Lenin-şanlı zəfər bayrağımız,

Rəhbərimiz Stalindir-bizim həyat növrağımız.

Gözəl Bakı! Qüdrətindən ilham alır Azərbaycan-

Azad elli, azad günlü doğma Sovet torpağımız.

Nəqarət

III

Qardaşımız rus xalqıdır azadlığın bayraqdarı,

Qanımızla suvarmışıq bu dostluğu, bu ilqarı,

Yer üzünün şöhrətidir şanlı Sovet torpağımız-

Bu torpaqda çiçək açır insanlığın ilk baharı...

Nəqarət

Göründüyü kimi, Azərbaycan SSR himni də SSRİ himni kimi üç kuplet və nəqarətdən ibarətdir. Janr və forma etibarı ilə də eynidir. Aydın məsələdir ki, sovet himni bütün respublikalar üçün nümunə idi.

Qeyd etməliyəm ki, Üzeyir bəy hələ 1930-cu ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibəti ilə himn bəstələmişdi. Bu maraqlı fakt haqqında bir qədər sonra ətraflı məlumat verərəm. İndi isə Azərbaycan sovet himni ilə bağlı mövzunu davam etdirmək istəyirəm. 1945-ci ilin sentyabr ayında Üzeyir bəyin Səməd Vurğun və Süleyman Rüstəmin sözlərinə yazdığı Azərbaycan SSR himni rəsmən təsdiq olundu və bundan sonra bütün dövlət tədbirlərində SSRİ himni ilə bərabər ifa olunmağa başlandı. 1953-cü ildə İ. Stalinin ölümündən sonra SSRİ-də siyasi hakimiyyət dəyişdi. Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi Nikita Xruşov saray çəkişmələrinin qalibi kimi Stalinin tərəfdarlarını tam məğlubiyyətə uğratdıqdan sonra tarixdə yumşalma dövrü kimi xarakterizə edilən siyasi kursa başladı. 1956-cı ilin fevral ayında Covet İttifaqı Kommunist Partiyasının XX tarixi qutultayı öz işinə başladı. Fevralın 25-də qurultayın qapalı iclasında Mərkəzi Komitənin birinci katibi N. Xruşov məruzə ilə çıxış etdi. ( buna tarixdı "məxfi məruzə" də deyilir)

Məruzədə İ. Stalinin şəxsiyyətə pərəstişi ittiham olunurdu. Xruşovun bu çıxışından sonra Stalinin şəkilləri küçə və meydanlardan, idarə və müəssisəlırdən, məmurların kabinetlərindən və təhsil ocaqlarından yığışdırılmağa başlandı. SSRİ-nin Dövlət himnində Stalinin adı keçdiyindən himnin sözlərinin oxunmağı qadağan olundu. O cümlədən də Azərbaycanda himnin sözlərinin oxunması yasaqlandı. Həm SSRİ himnin, həm də Azərbaycan SSR himninin yalnız melodiyası orkestrlə ifa olunmağa başlandı. Hətta Xruşov sovet himnini dəyişmək istəyirdi. Dövrünün görkəmli bəstəkarı Dmitri Şostakoviç bunu belə xatırlayır:

"Xruşov himni dəyişmək istəyirdi. O çox şey etmək istəyirdi. Həm onu, həm bunu, daha yüzlərlə başqa şeylər etmək istəyirdi. Nəticədə heç nə etmədi. Himnlə bağlı tarix isə belə idi. Əvvəlcə onu (himni-K.Ş.) başladılar təqib etməyə. Məni də bu işə cəlb eləmişdilər, bu dəfə ekspert kimi. Sonra hamı sakitləşdi və biz miyoldayan himnlə qaldıq. Bu heç də yaxşı deyildi." (Volkov Solomon. Şahidlik. Dmitri Şostakoviçin xatirələri. Limelight editions. 1979. səh. 62.)

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbuluna hazırlıq ərəfəsində himnin sözlərinin həmmüəllifi Sergey Mixalkova tapşırıq verildi ki, mətndə dəyişiklik etsin. Yəni Stalinin adı mətndən çıxarılsın və bəzi başqa əlavələr və dəyişikliklər edilsin. 1977-ci il sentyabrın 1-də dəyişdirilmiş versiya təsdiq olundu. Həmin il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası (Buna Brejnev Konstitusiyası da deyirlər) qəbul olunduqdan sonra sovet himni dəyişdirilmiş versiyada oxunmağa başladl.

SSRİ Konstitusiyası ndan sonra respublikalarda da yeni Konstitusiya qəbul olundu. 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstirusiyası qəbul edilərkən himnin mətnində Hüseyn Arif bəzi dəyişikliklər etmişdi, o cümlədən Stalinin adı mətndən çıxarılmışdı. Niyazi himni yenidən redaktə edərək xor və orkestr üçün işləmişdi. 1978-ci il Konstitusiyasının 182-ci maddəsinə görə Azərbaycan SSR-ın Dövlət himnini Azərbaycan SSR Ali Sovetinin Rəyadət Heyəti tərəfindən təsdiq edilməsi müəyyənləşdirilmişdi.

Hüseyn Arifin etdiyi dəyişiklikdən sonra himnin mətni belə idi:

I

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!

Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.

Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,

Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!

Nəqarət

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,

Kommunizmin günəşilə nurlanacaq səhərimiz.

Biz gedirik gələcəyə qaliblərin cərgəsində,

Yaşa, yaşa Azərbaycan, böyük sovet ölkəsində!

II

Odlar yurdu, bu ağ günlər el gücünün bəhrəsidir,

Qəhrəmamlıq, bir də hünər azad insan həvəsidir.

Nəsillərdən məsillərə yadigardır dəyanətin,

Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətim.

Nəqarət

III

Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı,

Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.

Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz,

Qoy var olsun bu ittifaq-şanlı Sovet Vətənimiz!

Nəqarət

Musiqisi Üzeyir bəy Hacıbəyliyə, sözləri Səməd Vurğun, Süleyman Rüstəm və Hüseyn Arifə məxsus olan bu himn 1988-ci ildə başlayan Milli Azadlıq Hərakatı dövründə öz ömrünü başa vurdu. Görkəmli bəstəkar Aydın K. Azim 1989-cu ildə Üzeyir bəy Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı "Azərbaycan Marşı"nı bərpa edərək xor və orkestr üçün işləyib hazırlayaraq 1989-cu il noyabrın 17-də Azadlıq meydanında Milli Dirçəlişin bir illiyinə həsr olunmuş mitinqdə ilk dəfə səsləndirdikdın sonra faktiki olaraq "Azərbaycan Marşı" himn statusunu qazandı.

27 may 1992-ci ildə "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

"Azərbaycan Respublikasının Dövlət himni haqqında" Əsasnamənin təsdiq edilməsi barədə 1993-cü il 2 Mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 Sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Sovet Sosialist Respublilasının Dövlət himni haqqında" Əsasnamə qüvvədən düşmüş hesab edilmişdir.

Bir qədər əvvəl qeyd etmişdim ki, Üzeyir bəy Hacıbəyli 1930-cu ildə "Şuralar Azərbaycanının 10 illiyi münasibətilə yazılmış Himno" əsərini yazır. Bu əsər haqqında uzun müddət heç bir məlumat əldə etmək mümkün olmamışdı. Sadəcə bilgi ondan ibarət idi ki, Üzeyir bəy Hacıbəyli 1930-cu ildə xor və orkestr üçün Azərbaycan himni yazmış və bu əsər 1930-cu il aprelin 28-də sovet Azərbaycanın 10 illiyinə həsr olunmuş tədbirdə müəllifin idarəsi ilə ifa olunub.

Əsərin ədəbi mətni də bəstəkara aiddir.

1930-cu ildə SSRİ-nin Dövlət himni fransız şairi, anarxist Ejen Patyenin sözlərinə belçikalı bəstəkar Pyer Deqeyterin yazdığı "İnternasional" idi. SSRİ-nin tərkibinə daxil olmuş bütün respublikalarda da "İnternasional" himn sayılırdı. Respublikalarda "İnternasional" milli dilə tərcümə olunaraq ifa olunurdu. O cümlədən də Azərbaycanda "İnternasional" Azərbaycan dilinə çevrilmişdi. Yuxarıda "İnternasional"ın Azərbaycan dilində olan versiyasını təqdim etmişəm. Bu səbəbdən də 1930-ci ildə Üzeyir bəy Hacıbəylinin həm mətnini, həm də musiqisini yazdığı Azərbaycan himni əsərinə marağım xeyli yüksək idi. Çünki, "İnternasional" Dövlət himni olduğu halda Üzeyir bəy nədən himn yazmışdı? Bu axı mümkünsüz bir iş idi. Bəs niyə əsər yalnız bir dəfə, Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyində ifa olunmuş və sonra unudulmuşdu?

Bütün bu suallar əsərə marağımı daha da artırıdı. Amma nə bəstəkarlar, nə musiqişünaslar, nə də Üzeyir bəy Hacıbəyli irsini araşdıranlar bu əsər haqqında adından başqa bir məlumata malik deyillər desəm, yanılmaram. Açığı artıq ümidimi itirmişdim. İnanmırdım ki, nəsə əldə edə bilərəm. Bu əsərə marağım həm də ona görə sonsuz idi ki, "Kommunist" qəzetinin 30 aprel 1930-cu il tarixli nömrəsində Əsəd Tahir adll birisi "Gözünə girsin! Məhəmməd Əmin Rəsulzadəyə." adlı məqaləsində Üzeyir bəyin Azərbaycan himnindən bəhs edirdi. "Kommunist" qəzetində dərc edilmiş məqaləninin surətini tanınmış araşdırmaçı jurnalist, AXC qurucuları haqqında, mühacirət tarixinə aid olduqca qiymətli sənədləri tapıb üzə çıxaran dəyərli dostum Dilqəm Əhməd mənə vermişdi. Aşağıda həmin məqaləni bütünlüklə diqqətinizə çatdıraram.

Artıq hər yerdən əlimi üzmüşdüm. Üzeyir bəyin bu əsərini tapmaq ümidlərim puç olmuşdu.

2025-ci il sentyabr ayının 24-də böyük tarixçi alim, tarix elmləri doktoru, profesdor Solmaz xanım Rüstəmova-Tohidi zəng elədi və AMEA Əlyazmalar institutunun arxivində təsadüfən Üzeyir bəy Hacıbəylinin 1930-cu ildə yazdığı Azərbaycan himnini tapdığını söylədi. Bu inanılmaz bir xəbər idi. Solmaz xanım himn haqqında geniş araşdırma apardığımdan məlumatlıdır. Vaxtaşırı onunla zəngləşirəm, imkan düşdükcə görüşürəm, gördüyüm işlər haqqında ona məlumat verirəm. Solmaz xanım da qiymətli məsləhətlərini, tövsiyyələrini əsirgəmədən əlindən gələn dəstəyi göstərir.

Solmaz xanım ölkəmizin bütün arxivlərində olduğu kimi AMEA Əlyazmalar insitutunun arxivində də araşdırma apararkən

Üzeyir bəyin 1930-cu ildə yazdığı Azərbaycan himninə rast gəlir. (AMEA Ədəbiyyat insitutu, fond 17, saxlanma vahidi 85) Elə ordan da zəng elədi və 39 səhifədən ibarət sənədlərin surətini mənə göndərdi. Solmaz xanıma minnətdarlığımın ölçüsünü təsəvvür etmək üçün sözlər çox acizdir. Mən də dərhal görkəmli bəstəkarımız, professor Aydın K. Azimə zəng etdim və bu haqda ona məlumat vetdim. Dərhal görüşməyi qərarlaşdırdıq. Aydın müəllim sənədləri diqqətlə nəzərdən keçirdi. Məlum oldu ki, Ədəbiyyat insitutunun arxivində "Azərbaycan himni. 1930-cu il" adı ilə qorunan sənədlər Azərbaycan sovet himninin (1945) orkestrin müxtəlif alətlətləri üçün notları və iki səhifədən ibarət Azərbaycan himninin (1930) sözləridir. Çox güman ki, not vərəqləri arxivdə səhvən 1930-cu ilə aid ədər kimi sənədləşdirilib.

1930-cu ilə aid Azərbaycan himninin iki vərəqdən ibarət mətni düşünürəm ki, bu gün böyük tapıntıdır. Ümid edirəm ki, tezliklə əsərin musiqisinin də qeyd olunduğu sənədlər tapılaraq üzə çıxacaq.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ