Tramp Türkiyəyə gəlir! Tarix də açıqlandı


Xarici işlər naziri Hakan Fidan Sinqapura səfəri çərçivəsində Bloomberg TV-yə müsahibə verib.

Turkustan.azxəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ankarada keçiriləcək NATO Zirvə Görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verən Fidan bildirib ki, mövcud məlumata əsasən, Tramp sammitdə iştirak etməyi planlaşdırır.

“Bildiyimiz qədəri ilə, bəli, iştirak etməyi planlaşdırır”, – deyə nazir qeyd edib.

Fidan əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan ötən ay Trampla bir neçə dəfə telefon danışığı aparıb və ABŞ prezidenti hər söhbət zamanı zirvədə iştirak etmək niyyətini ifadə edib.

Nazir vurğulayıb ki, siyasi ritorikaya baxmayaraq, ABŞ NATO-ya sadiq qalır və Alyansdan çıxmaqla bağlı xəbərdarlıqları reallaşdıracağına dair hər hansı əlamət yoxdur.

“ABŞ müttəfiqlərinə müdafiə xərclərini artırmaq və öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət götürmək istiqamətində davamlı təzyiq göstərir. Avropa ölkələri bu mesajı qəbul edib və artıq NATO çərçivəsində müdafiə büdcələrinin artırılması istiqamətində addımlar atırlar. Liderlərin görüşü zamanı əldə olunan irəliləyiş qiymətləndiriləcək”, – deyə Fidan bildirib.

Yaxın Şərqdəki vəziyyətə də toxunan nazir İsrailin gələcək niyyətləri ilə bağlı tam əmin olmadığını ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ