Azərbaycanda informasiya təhlükəsizliyi siyasəti: Kompleks tədbirlərin görülməsi vacibdir


Müasir dövrdə informasiya cəmiyyətin inkişafında mühüm rol oynayan ciddi faktor kimi çıxış edir. Bu gün informasiya axını dövlət səviyyəsində qərarların qəbuluna, iqtisadi proseslərin yönünə, ictimai münasibətlərə, hətta insanların gündəlik həyat tərzinə bilavasitə təsir göstərir. Ona görə də məlumatın bu qədər sürətlə yayıldığı şəraitdə onun etibarlılığı və təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan informasiya təhlükəsizliyinin artıq yalnız texniki və ya kibertəhlükəsizlik məsələsi deyil, milli təhlükəsizliyin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilməsi çox təbiidir. Çünki informasiya mühitində yaranan hər hansı boşluq yalan məlumatın yayılmasına əlverişli zəmin yaradır.
Dezinformasiyanın məqsədli şəkildə hazırlanaraq dövriyyəyə buraxılan yanlış və ya təhrif edilmiş məlumat olduğu məlumdur. Saxta xəbərlərin ictimailəşdirilməsinin əsas məqsədi sadəcə insanları aldatmaq deyil və özlüyündə daha geniş məna gizlədir. Belə məlumatlardan ictimai rəyi idarə etmək, fərdlərin qərarlarına təsir göstərmək, dövlət institutlarına inamı zəiflətmək və sosial sabitliyi pozmaq üçün istifadə oluna bilər. Bu səbəbdən dezinformasiya ilə mübarizə yalnız yalan xəbərləri təkzib etməklə məhdudlaşmamalı, sağlam informasiya mühitinin qorunması istiqamətində davamlı və kompleks fəaliyyət həyata keçirilməlidir.
İnformasiya təhlükəsizliyi anlayışı kifayət qədər geniş məzmuna malikdir. Bu, həm də cəmiyyətin obyektiv informasiya əldə etmək imkanının qorunmasını, xəbər məkanında manipulyasiya risklərinin azaldılmasını və ictimai etimadın möhkəmləndirilməsini əhatə edir. Yəni fərdlərin doğru məlumat almaq imkanlarının genişliyi dezinformasiyanın təsir dairəsini xeyli daraldır.
Rəqəmsal texnologiyaların informasiya mühitinə yeni fürsətlərlə yanaşı, əlavə risklər də gətirdiyi bir aksiomdur. Sosial şəbəkələrin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu platformalarda istənilən istifadəçinin paylaşdığı bir xəbər saniyələr ərzində milyonlarla insana çatır. Bu, müəyyən mənada müsbət məqam kimi qiymətləndirilə bilər. Ancaq həmin xəbər axınında saysız-hesabsız yalan məlumatın olduğunu da nəzərə aldıqda, vəziyyətin nə dərəcədə dramatik olduğu aydın olur.
Dezinformasiyaya qarşı mübarizənin mühüm tərəflərindən biri operativliyin təmin olunmasıdır. Başqa sözlə, gerçək məlumatın auditoriyaya gec çatdırılması nəticəsində yaranan boşluğu çox vaxt şayiələr və yalan xəbərlər doldurur. Buna görə də rəsmi qurumların, peşəkar medianın və məsuliyyətli informasiya resurslarının hadisələr barədə məlumatları operativ yaymaları cəmiyyətdə etimadın qorunması baxımından çox zəruridir. Qeyd olunmalıdır ki, informasiya boşluğunun azlığı manipulyasiya cəhdlərinə şans tanımır.
Şübhəsiz informasiya təhlükəsizliyinin əsas təminatlarından biri ictimai etimadın qorunmasıdır. İnsanlar xəbər əldə etdikləri mənbələrin etibarlılığına inanırlarsa və məlumatı yoxlamaq bacarığına malikdirlərsə, bu, dezinformasiyanın təsir gücünü minimuma endirir. Əksinə olduqda isə cəmiyyətdə saxta məlumatların mütləq gerçək kimi qəbul edilməsi riski xeyli yüksəlir. Bu da özlüyündə informasiya təhlükəsizliyinin həm də sosial məsələ olduğunu təsdiqləyir.
İnformasiya təhlükəsizliyinin təmin olunması məsuliyyətinin yalnız dövlətin üzərinə düşdüyünü düşünmək çox yanlış yanaşmadır. Dövlət bəhs olunan sahədə bütün zəruri addımları atsa belə, cəmiyyətin bu prosesdə fəal iştirakı yoxdursa, görülən tədbirlərin nəticə verəcəyi şübhə doğurur. Çünki fərdlərin media savadlılığı, paylaşım məsuliyyəti və düşüncə bacarıqları informasiya mühitinin təhlükəsizliyi üçün çox vacibdir.
Sözsüz ki, peşəkar media da informasiya təhlükəsizliyinin mühüm elementlərindən biridir. Cəmiyyətə faktlara əsaslanan doğru məlumatların çatdırılması etibarlı informasiya mühitinin formalaşmasına böyük töhfə verir. Ona görə də dezinformasiya ilə mübarizədə məsuliyyətli medianın fəaliyyəti hər zaman yüksək qiymətləndirilir.
Dezinformasiyaya qarşı mübarizədə müsbət nəticənin əsas şərti dövlət qurumları, media, təhsil sistemi, vətəndaş cəmiyyəti və əlbəttə, hər bir fərdin bu məsələyə ortaq məsuliyyət hissi ilə yanaşmasıdır. Çünki informasiya təhlükəsizliyi yalnız dövlətin diqqət yetirməli olduğu strateji məsələ deyil, eyni zamanda cəmiyyətin birlikdə yaratdığı ümumi dəyərdir.
Mövzu ilə bağlı fikirlərini bölüşən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev hesab edir ki, informasiya təhlükəsizliyi təmin edilmədən milli suverenliyin qorunması və müxtəlif xarakterli kibercinayətlərin qarşısının alınması mümkün deyil:
“Hazırda qlobal informasiya məkanında qeyri-adi transformasiyalar baş verir. Nəzərə alaq ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrilib. Bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizm, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.
Onun sözlərinə görə, Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:
“Azərbaycanda da informasiya təhlükəsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərində kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması ilə bağlı ciddi işlər aparılır. Milli informasiya ehtiyatlarının qorunması, informasiya sahəsində milli maraqların müdafiəsi dövlətimizin milli təhlükəsizlik siyasətinin istiqamətlərindən biridir. Bu siyasətin uğurla həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir”.
Baş redaktor Azərbaycanda xüsusilə son illərdə informasiya təhlükəsizliyinin müxtəlif aspektləri üzrə atılan addımları da xarakterizə edib:
“Ölkədə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir. İcra olunan sənədlər sırasında Prezident İlham Əliyevin 2023–2027-ci illər üçün təsdiq etdiyi “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiya”nı xatırlatmaq yerinə düşər. Strategiya ölkəmizin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə təsdiq edilib.
Eyni zamanda, Milli Məclis tərəfindən informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə ilə bağlı bir sıra qanunlar qəbul olunub. Yeri gəlmişkən, hazırda parlamentdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi müzakirə mərhələsindədir. Qanuna təklif edilən dəyişikliklər Azərbaycanın rəqəmsal suverenliyinin, virtual sərhədlərinin hüquqi əsaslarını gücləndirməyə xidmət edir. Layihə kibertəhlükəsizliklə bağlı risklərin əvvəlcədən aşkarlanmasını, insident zamanı xidmətlərin davam etdirilməsini və sistemlərin operativ bərpasını nəzərdə tutur”.
A. Musayev mövcud şəraitdə informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizənin gücləndirilməsinin cəmiyyətdən gələn sosial sifariş olduğunu vurğulayıb: “Dövlət tərəfindən həyata keçirilən tədbirlər də məhz bu sosial sifarişin yerinə yetirilməsinə xidmət edir”.

A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının  yeni tərkibi təsdiq edilib - AZƏRTAC

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


MANŞET XƏBƏRLƏRİ