Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə daxil deyil”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Baş nazir Azərbaycana məxsus bu anklavların Ermənistanın 29 743 kvadrat kilometr ərazisinə daxil olmadığını bildirib.
Nikol Paşinyan müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın məsələ ilə əlaqədar iddialarına da cavab verib:
“Bu kimi məsələlər sərhədlərin delimitasiyası çərçivəsində həll ediləcək. Elə buna görə Kərkidən danışıram. Ona görə yox ki, mən Azərbaycan tərəfdarıyam, ona görə ki, bu gün sülhün hüquqi əsasını təşkil edən xəritələr şübhə altına alınsa, hamı hər şeyi şübhə altına almağa başlayacaq”.
Nikol Paşinyan Narek Karapetyanın Kərki ilə bağlı digər təxribatçı açıqlamasına da təpki göstərib:
“Sübut etdiniz ki, müharibə tərəfdarısınız, çünki indi müharibəyə başlamağa hazır olduğunuzu dediniz. Siz sübut etdiniz ki, Ermənistanın ərazi bütövlüyünü tanımırsınız”.
Xatırladaq ki, Nikol Paşinyan avqustun 20-də də 1991-ci il xəritələrinə əsasən, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Ermənistan ərazisi olmadığını bəyan etmişdi. Bununla belə, Ermənistan Baş nazirinin adını çəkmədiyi Sofulu kəndi də Azərbaycana qaytarılmalı olan ərazilər daxilindədir./teleqraf