İsrailin yeni qadağası: İki avrodeputat ölkəyə buraxılmadı


İsrail Qəzza zolağında soyqırım törədildiyini və fələstinlilərin qəsdən aclığa məruz qoyulduğunu bildirən, həmçinin İsrailə qarşı boykot çağırışlarını dəstəkləyən iki isveçli Avropa Parlamentinin üzvünün ölkəyə girişini qadağan edib.

Turkustan.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Gideon Saar Əhali və İmmiqrasiya İdarəsindən İsveç Sol Partiyasının üzvləri Jonas Sjöstedt və Hanna Gedinin İsrailə girişinə icazə verilməməsini istəyib.

Nazirliyin açıqlamasında iki avrodeputat İsrailə qarşı fəaliyyət göstərməkdə ittiham olunub. Saar onların İsrailin Qəzzada soyqırım törətdiyini, fələstinliləri qəsdən aclığa məruz qoyduğunu, həmçinin uşaqları və tibb işçilərini bilərəkdən hədəf aldığını iddia edən açıqlamalar verdiyini bildirib.

Qadağadan sonra Sjöstedt və Gedin işğal olunmuş Qərb Şəriyəsinə planlaşdırdıqları səfəri ləğv ediblər.

İsrail daha əvvəl də bir sıra xarici parlamentarilərin ölkəyə girişinə mane olub. Onların arasında Avropa Parlamentinin Fələstin nümayəndə heyətinin rəhbəri Linn Boylan, avrodeputat Rima Həsən, Britaniya parlamentinin üzvü Apsana Bequm, ABŞ Nümayəndələr Palatasının üzvləri Rəşidə Tlaib və İlhan Ömər də var.

İsrail iki Avropalı qanunvericinin ölkəyə girişinə qadağa qoyub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ