İcbari tibbi sığortaya ödənilən məbləğ hara gedir?


Ölkədə tibbi sığorta sistemi uzun illərdir müzakirə mövzusu olsa da, tətbiqi hələ də kifayət qədər effektiv deyil.

Xəstəxanaların sığorta prosedurlarını tam şəkildə yerinə yetirməməsi vətəndaşları xidmət və ödənişlərlə bağlı çətinliklərlə üz-üzə qoyur. Bəzən sığorta ilə müraciət edən xəstələr ya düzgün yoxlanılmır, ya da onlara təqdim olunan xidmətin sığortaya aid olmadığı bildirilməklə gözardı edilir.

Buna görə də xəstəxana və vətəndaşlar arasında anlaşılmazlıq yaranır və vətəndaşlar tibbi xidmətə rahat çıxış əldə edə bilmir. Niyə tibbi sığorta ilə xətəxanaya müraciət edən vətəndaşlar yetərli xidmət ala bilmir?

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib ki, tibbi sığortanın tətbiqi sahəsində çatışmazlıqlar var:

“İcbari Tibbi Sığortadan yararlanmaq üçün rəsmi işləyən şəxslər əmək haqqından sığorta məbləğini ödəyirlər. İşləməyən və ya müvəqqəti işləyən şəxslər isə öz hesablarından icbari tibbi sığortaya ayda 16 manat ödəməlidirlər.

Ödəniş edən şəxslər icbari tibbi sığorta çərçivəsində təqdim olunan xidmətlərdən istifadə edə biləcəklər. Ödəməyən şəxslər isə cərimə olunacaqlar. Lakin icbari tibbi sığorta xidmətlərinin tətbiq olunduğu bir çox xəstəxana insanların məlumatsızlığından istifadə edirlər. Əslində İcbari Tibbi Sığorta Zərfinə təxminən 5000-dən çox xidmət növü daxildir”.

O qeyd edib ki, vətəndaşların tibbi savadı zəif olduğundan, hər hansı xəstəliyin tibbi dildə anlayışını bilmir:

“Xəstəxanalar bundan istifadə edərək insanlara bildirirlər ki, bu xəstəlik icbari tibbi sığorta zərfinə daxil deyil və onlara xidmət göstərməkdən imtina edirlər.

Bu sahədə sui-istifadə hallarına rast gəlinir. Nəticədə insanlar narazı qalır, icbari tibbi sığorta ilə xəstəxanalara müraciət edənlərə etinasız yanaşılır, düzgün müayinə və xidmət göstərilmir.

Belə vəziyyət icbari tibbi sığorta xidmətinin keyfiyyətinə mənfi təsir göstərir, vətəndaşlarda inamsızlıq yaradır. Dövlət tərəfindən ayrılan vətəndaşların aylıq ödədiyi məbləğ sanki itir və insanlar lazım olan səviyyədə tibbi xidmət ala bilmirlər”.


MANŞET XƏBƏRLƏRİ