“Nature” jurnalında dərc olunan yeni araşdırmada beyinə xas immun reaksiyalarda rol oynayan və kəllə daxilində yerləşən yeni bir immun strukturun aşkarlandığı bildirilib.
Turkustan.az xəbər verir ki, tədqiqatçılar bu strukturları indiyədək siçanlarda müəyyən ediblər. İnsanlarda da analoji strukturların mövcud ola biləcəyinə dair ilkin sübutların olduğu qeyd olunur.
Sent-Luisdəki Vaşinqton Universiteti Tibb Məktəbinin alimləri tərəfindən aparılan araşdırmaya görə, sözügedən struktur kəllə sümüyünün daxilində yerləşən sümük iliyi ilə əlaqəlidir və beyindəki immun reaksiyaların tənzimlənməsində rol oynaya bilər.
“ScienceAlert”in məlumatına görə, tədqiqatçılar bu mexanizmin insanlarda da mövcudluğunu araşdırırlar. Mütəxəssislər hesab edirlər ki, bu immun strukturların fəaliyyətinin daha yaxşı öyrənilməsi və gücləndirilməsi gələcəkdə beyin xərçənginin müalicəsində yeni yanaşmaların ortaya çıxmasına imkan verə bilər.
Vaşinqton Universiteti Tibb Məktəbinin beyin immunoloqu və tədqiqatın baş müəllifi Conatan Kipnis bildirib ki, araşdırma kəllə sümüyünün sümük iliyinin yalnız struktur funksiyası daşımadığını, eyni zamanda beyinə xas immun reaksiyaların formalaşmasında rol oynayan mərkəzləri də ehtiva etdiyini göstərir.
Aytən Yaşar/ Turkustan.az