Yuxu zamanı bədəndə baş verən 10 həyati prosesi izah edən pulmonoloq, professor Dr. Ceyda Erel Kırışoğlu “gözəllik yuxusu”nun həqiqətən mövcud olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, gecə saatlarında dəridə qan dövranı artır, kollagen istehsalı sürətlənir və gün ərzində yaranan zədələr bərpa olunur. Buna görə də keyfiyyətli yuxu dərinin daha canlı görünməsinə kömək edir.
Əksəriyyətimiz yuxunu gərgin gündən sonra sadəcə istirahət və enerji toplama prosesi kimi qəbul edirik. Lakin yuxu zamanı orqanizmdə çoxsaylı mühüm proseslər baş verir. Hüceyrələr bərpa olunur, orqanlar yenilənir və bioloji tarazlıq qorunur.
Prof. Dr. Ceyda Erel Kırışoğlu keyfiyyətli və kifayət qədər yuxunun sağlam həyatın əsas şərtlərindən biri olduğunu vurğulayıb.
“Zəif və ya kifayət qədər olmayan yuxu yalnız ertəsi gün yorğunluğa səbəb olmur. Bu, neyron əlaqələrindən hormonlara, ürək-damar sistemindən immun və reproduktiv funksiyalara qədər bir çox fizioloji prosesin pozulmasına zəmin yaradır”, – deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, yuxu zamanı beynimiz toksinlərdən təmizlənir, immun sistemi yenilənir, hormonlar tarazlaşır, ürək və qan damarları dincəlir, hüceyrələr isə zədələnmiş toxumaların bərpasına başlayır.
Aytən Yaşar/ Turkustan.az