Gənə dişləməsi ilə bağlı risklərin yalnız Krım-Konqo hemorragik qızdırması (KKHQ) ilə məhdudlaşmadığını bildirən Təcili Tibbi Yardım mütəxəssisi dosent Dr. Gültekin Akyol gənə dişləməsindən sonra dəridə yaranan və tədricən genişlənən halqavari səpginin Laym xəstəliyinin mühüm əlamətlərindən biri ola biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Akyol Türkiyədə müxtəlif gənə növlərinin KKHQ ilə yanaşı, Laym xəstəliyi və rikketsioz kimi infeksiyaların yayılmasında rol oynaya biləcəyini qeyd edib.
“Gənə ilə təmasdan sonra qızdırma, ciddi halsızlıq, baş və əzələ ağrıları, səpgi, getdikcə genişlənən dəri qızartısı və ya dişləmə yerində qabıqlı yara yaranarsa, dərhal tibb müəssisəsinə müraciət edilməlidir”, – deyə Akyol bildirib.
Mütəxəssis yay aylarında kənd və meşəlik ərazilərdə, piknik zonalarında, eləcə də heyvanlarla tez-tez təmasın olduğu yerlərdə gənə dişləmələrinin artdığını vurğulayıb. O, Türkiyədə rast gəlinən müxtəlif gənə növlərinin fərqli infeksiyalarla əlaqəli ola biləcəyinə diqqət çəkib.
O bildirib ki, Hyalomma marginatum Türkiyədə Krım-Konqo hemorragik qızdırması (KKHQ) baxımından ən əhəmiyyətli gənə növlərindən biridir. Bundan əlavə, Ixodes ricinus Laym xəstəliyi, Rhipicephalus sanguineus qrupu və bəzi Dermacentor növləri isə rikketsial infeksiyalar baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu səbəbdən hər bir gənə dişləməsini yalnız KKHQ baxımından qiymətləndirmək düzgün deyil. Xəstənin olduğu ərazi, gənənin növü və təmasdan sonra yaranan klinik əlamətlər birlikdə nəzərə alınmalıdır”, – deyə Akyol bildirib.
Aytən Yaşar/ Turkustan.az