Dərmanlar xəstəlikləri niyə sağaltmır? – AÇIQLAMA


Ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Vətəndaşlar isə bu xəstəliyin qarşısında dərmanların təsirinin azlığından şikayətlənirlər. Bu səbəbdən bir çoxları xəstəliklə mübarizə aparmaq üçün məhz xaricdən dərman preparatlarını sifariş verərək gətirdirlər.

Dərmanların təsirsiz qalmasının səbəbi keyfiyyətsizlikdir, yoxsa xəstəliyin ağırlığı?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən professor Adil Qeybullanın sözlərinə görə, dərmanların keyfiyyəti ilə bağlı şikayətlər mövcuddur:

“Təəssüflər olsun ki, reallıqdır. Dərman maddələrinin keyfiyyət parametrləri çox vacibdir və bu milli təhlükəsizlik konsepsiyasının mühüm tərkib hissəsidir. Çünki insanlar, körpələr bu dərmanları qəbul edir. Səbəbi budur ki, dərman maddələrinin keyfiyyətinə nəzarət qurumu kimi strukturlar yoxdur. Bazarda idarəetmə ilə bağlı problemlər mövcuddur və dərmanları da müxtəlif kommersiya firmaları ölkəyə idxal edirlər. Bu problemlər daim ortaya çıxır. Təbii ki, keyfiyyətli dərmanlar da var”.

A.Qeybulla bildirib ki, ölkəyə daxil olan dərman maddələrinin keyfiyyətinə nəzarət artırılmalıdır: “Düşünürəm ki, müvafiq strukturlar, dövlət qurumları bununla bağlı tədbirlər görməlidirlər. Düzdür, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi var. Dərmanların hər biri oradan keçir. Ancaq həmin laborator tədqiqatdan sonra onlara lisenziya verilir. Lisenziya aldıqdan sonra hansısa dərmanların müəyyən yolla gətirilməsini demək çətindir, ancaq təəssüf ki, bu kimi hallar fakt olaraq qalır”.


MANŞET XƏBƏRLƏRİ