Azərbaycanda ailədaxili mübahisələrin ən həssas səbəblərindən biri valideynin ölümündən sonra evin kimə qalmasıdır. Bəzən illərlə ata-anasına baxan övlad mənzilin yalnız ona məxsus olduğunu düşünür. Başqa hallarda isə valideynlə yaşamayan, hətta uzun müddət ailəsi ilə əlaqə saxlamayan övlad da evdən pay tələb edir. Bəs qanun kimin tərəfindədir? Evdə qeydiyyatda olmaq üstünlük verirmi? Valideyn mənzili bir övladına vəsiyyət edibsə, digərləri tamamilə mirasdan məhrum olurlar?
Azərbaycanda miras mənzillərlə bağlı ən çox mübahisə doğuran məsələləri və vətəndaşların bilməli olduğu hüquqları araşdırdıq.
Valideyn öləndə ev avtomatik böyük oğula qalır?
Cəmiyyətdə geniş yayılmış təsəvvürlərdən biri ata evinin böyük oğula, yaxud valideynlə birlikdə yaşayan övlada qalmasıdır.
Lakin Azərbaycan qanunvericiliyində belə ümumi üstünlük nəzərdə tutulmur.
Mülki Məcəlləyə əsasən, vəsiyyətnamə olmadıqda birinci növbədə ölənin uşaqları, həyat yoldaşı və valideynləri qanun üzrə vərəsə hesab olunurlar. Onlar, bir qayda olaraq, bərabər pay hüququna malikdirlər.
Məsələn, vəfat edən şəxsin adına olan mənzil onun ayrıca mülkiyyətidirsə və geridə həyat yoldaşı ilə üç övladı qalıbsa, başqa birinci növbə vərəsələr olmadığı halda miras dörd bərabər hissəyə bölünə bilər.
Ancaq mənzil nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına alınıbsa, əvvəlcə sağ qalan həyat yoldaşının ümumi əmlakdakı payı müəyyənləşdirilməlidir. Yalnız ölən şəxsə məxsus hissə miras kimi bölüşdürülür.
Qız övladı ilə oğlan övladının payı fərqlənirmi?
Xeyr. Azərbaycan qanunvericiliyində qanun üzrə vərəsəlik zamanı qız və oğlan övladları arasında cinsə görə fərq qoyulmur.
Ailədə iki oğlan və bir qız varsa, onların hər biri eyni növbənin vərəsəsi kimi bərabər hüquqa malikdir.
Qızın ailə qurması, başqa evdə yaşaması və ya atasının evində qeydiyyatdan çıxması özlüyündə onu miras hüququndan məhrum etmir.
Valideynlə yaşayan övlad evi tam ala bilərmi?
Valideynin son illərində onun qayğısına qalmaq mənəvi baxımdan böyük əhəmiyyət daşısa da, bu fakt özlüyündə digər vərəsələrin payını aradan qaldırmır.
Məsələn, ana ilə birlikdə yaşayan oğul onun müalicə və gündəlik xərclərini qarşılayıbsa, bu, mənzilin avtomatik həmin oğula keçməsi demək deyil.
Bununla belə, mirasın bölüşdürülməsi zamanı müəyyən üstünlük hüquqları, çəkilmiş xərclər və digər hüquqi hallar əhəmiyyət daşıya bilər. Belə məsələlər konkret sənədlər və qanuni əsaslarla qiymətləndirilir.
Valideyn evi bir övladına vəsiyyət edibsə, digərləri pay ala bilərmi?
Ən çox mübahisə doğuran məsələlərdən biri də vəsiyyətnamədir.
Tutaq ki, ata sağlığında evini yalnız kiçik oğluna vəsiyyət edib. Digər övladlar isə bundan xəbərsizdir. Atanın ölümündən sonra onlar evdən tamamilə məhrum olurlarmı?
Mütləq deyil.
Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqları, valideynləri və həyat yoldaşı məcburi pay hüququna malikdirlər. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatacaq payın yarısı həcmində müəyyən edilir.
Deməli, vəsiyyətnamənin olması digər yaxın vərəsələrin qanunla qorunan minimum payını avtomatik aradan qaldırmır.
Evdə qeydiyyatda olmaq mülkiyyət hüququ yaradırmı?
Azərbaycanda tez-tez rast gəlinən yanlış fikirlərdən biri də budur: “Mən bu evdə qeydiyyatdayam, deməli, ev mənimdir”.
Əslində, yaşayış yeri üzrə qeydiyyatla mülkiyyət hüququ fərqli anlayışlardır.
Valideynin evində qeydiyyatda olmaq həmin mənzilin avtomatik sahibi olmaq demək deyil. Eyni zamanda başqa ünvanda qeydiyyatda olan övlad da qanuni vərəsəlik hüququnu saxlaya bilər.
Miras bölgüsündə əsas məsələlər mənzilin hüquqi mülkiyyətçisi, vəsiyyətnamənin mövcudluğu və vərəsələrin dairəsidir.
Valideyn evi sağlığında bağışlayıbsa, vəziyyət dəyişir
Vəsiyyətnamə ilə bağışlama müqaviləsi eyni deyil.
Vəsiyyətnamə ölümündən sonra əmlakın kimə keçəcəyini müəyyən edir. Daşınmaz əmlakın bağışlanması isə qanuni qaydada rəsmiləşdirilib mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda sağlıqda mülkiyyətçinin dəyişməsinə səbəb olur.
Buna görə valideyn sağlığında mənzili övladlarından birinə bağışlayıbsa, həmin ev, bir qayda olaraq, onun ölümündən sonra miras əmlaka daxil edilmir.
Lakin bağışlama müqaviləsinin etibarlılığı ilə bağlı qanuni əsaslar varsa, mübahisəyə məhkəmədə baxıla bilər.
Miras üçün vaxtında müraciət etməyən övlad payını itirirmi?
Mirasın rəsmiləşdirilməsi ilə bağlı müddətlər də mühüm əhəmiyyət daşıyır.
Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, mirasın qəbulu üçün nəzərdə tutulmuş altı aylıq müddətin ötürülməsi vərəsəlik hüququnun avtomatik itirilməsi demək deyil. Müddətlə bağlı problem yarandıqda mirasın qəbulu məsələsi məhkəmə qaydasında həll oluna bilər.
Bununla belə, mübahisələrin qarşısını almaq üçün valideynin ölümündən sonra notariusa vaxtında müraciət etmək, əmlak sənədlərini və qohumluğu təsdiqləyən sənədləri toplamaq vacibdir.
Miras qalan evin kredit borcu varsa, nə baş verir?
Bir çoxlarının bilmədiyi digər məqam odur ki, miras yalnız mənzil, torpaq və puldan ibarət olmaya bilər.
Qanunla miras qoyanın müəyyən əmlak öhdəlikləri də vərəsələrə keçir.
Məsələn, valideynin adına olan mənzil ipoteka ilə alınıbsa, onun ölümündən sonra kredit öhdəliyi öz-özünə yox olmur.
Mirası qəbul edən vərəsələrin kreditorlar qarşısında məsuliyyəti onlara çatan miras payının həcmi ilə məhdudlaşır. Buna görə mirası qəbul etməzdən əvvəl əmlakın üzərində yüklülük və borc olub-olmadığını araşdırmaq lazımdır.
Azərbaycanda valideynin evinin kimə qalacağını yalnız ailədaxili razılaşma, böyük övlad olmaq və ya həmin ünvanda yaşamaq müəyyən etmir. Əsas olan mülkiyyət sənədləri, qanuni vərəsəlik qaydaları, vəsiyyətnamə və məcburi pay hüququdur.
Bir mənzilə görə illərlə davam edən ailə mübahisələrinin qarşısını almağın ən düzgün yolu isə sənədləri əvvəlcədən qaydaya salmaq və miras məsələlərini hüquqi əsaslarla həll etməkdir./lent.az