MÜSTƏQİLLİYİN BƏRPASINDAN BÜTÖV SUVERENLİYƏ – 35 İL!


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə sosial media hesabında təbrik paylaşımı edib. Paylaşımda deyilir:

“35 il öncə Azərbaycan xalqı öz tarixi dövlətçilik ənənələrinə, 1918-ci ildə qurulmuş Cümhuriyyətin istiqlal ideallarına sadiqliyini nümayiş etdirərək müstəqil dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoydu.
Ötən 35 il dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, milli iradənin siyasi gücə çevrilməsi, demokratik və hüquqi dövlət institutlarının formalaşması, iqtisadi inkişaf və beynəlxalq münasibətlər sistemində Azərbaycanın özünəxas yer qazanması baxımından önəmli tarixi mərhələdir.
Bu yolun ən böyük uğurlarından biri Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan tarixi Zəfər, 2023-cü ildə isə ölkəmizin bütün ərazisində suverenliyin tam bərpasıdır. Bununla da müstəqilliyimizin siyasi-hüquqi mahiyyəti ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin təmin olunması ilə tamamlandı.

Müstəqilliyin davamlılığı dövlətin güclü olması ilə birgə, həm də cəmiyyətin sağlam düşüncəyə, milli-mənəvi dəyərlərə, hüquqi şüura və vətəndaş məsuliyyətinə sahib olması ilə bağlıdır. Bu baxımdan, vətəndaş cəmiyyəti institutlarının inkişafı, ictimai birliklərin dövlət və cəmiyyət həyatında fəal iştirakı, dini etiqad azadlığının və dünyəvilik prinsiplərinin qorunması, milli-mənəvi irsimizin xurafat və cəhalətdən uzaq, maarifçi düşüncə əsasında yaşadılması xüsusi əhəmiyyət daşıyır.

Unutmamalıyıq ki, müstəqillik həm də hər bir vətəndaşın daşıdığı məsuliyyətdir. Güclü dövlətin ən güvənli dayağı öz hüquqlarını bilən, vəzifələrini dərk edən, milli kimliyinə bağlı, çağdaş dünyaya açıq vətəndaşdır.

Bu gün qarşımızda duran əsas vəzifə Zəfərlə möhkəmlənmiş dövlətçiliyimizi elm, təhsil, mədəniyyət, hüquq və ictimai həmrəylik müstəvisində daha da inkişaf etdirmək, müstəqilliyimizin mənəvi-intellektual əsaslarını gücləndirməkdir.
Müstəqillik bizim tarixi seçimimiz, suverenlik milli iradəmizin təntənəsi, güclü və aydın düşüncəli Azərbaycan isə parlaq gələcək idealımızdır!

Müstəqilliyimiz əbədi, dövlətimiz qüdrətli, xalqımız daim birlik içində olsun!

Bayramımız mübarək!“


MANŞET XƏBƏRLƏRİ