Yeni araşdırma 12 həftəlik həyat tərzi dəyişikliklərinin bioloji qocalma göstəricilərinə əhəmiyyətli təsir edə biləcəyini ortaya qoyub.
Turkustan.az xəbər verir ki, 2026-cı ildə “Aging” jurnalında dərc olunan randomizə edilmiş nəzarətli tədqiqatda 50-74 yaş arası, artıq çəkili 48 kişi iştirak edib. Onlar iki qrupa bölünüblər. Müdaxilə qrupundakı iştirakçılara 12 həftə ərzində xüsusi probiotik bakteriya ştammı olan qatıq istehlak etmək, fərdi qidalanma tövsiyələrinə əməl etmək, həddindən artıq yeməyi, tez-tez qəlyanaltı qəbulunu və şəkərli içkilərdən istifadəni azaltmaq, həmçinin həftədə ən azı üç gün təxminən 30 dəqiqə gəzmək və ya addım idmanı ilə məşğul olmaq tövsiyə edilib. Digər qrup isə gündəlik həyat tərzini dəyişməyib.
Tədqiqatın əvvəlində və sonunda götürülən qan nümunələrinin müqayisəsi həyat tərzində dəyişiklik edən qrupda DNT metilləşməsinə əsaslanan bioloji qocalma göstəricisi DunedinPACE-in əhəmiyyətli dərəcədə azaldığını göstərib.
Eyni yaşda olan insanların metabolik sağlamlığı, əzələ gücü və qocalma sürəti fərqli ola bilər. Buna görə də elmi araşdırmalarda xronoloji yaşla yanaşı, bioloji qocalma anlayışına da diqqət yetirilir.
Qidalanma və pəhriz üzrə mütəxəssis Zehra Elban bildirib ki, xronoloji yaşı dəyişmək mümkün olmasa da, qocalma prosesinə təsir edən bir sıra amilləri nəzarətdə saxlamaq olar. Onun sözlərinə görə, yalnız bir qidaya və ya möcüzəvi üsula güvənmək əvəzinə, qidalanma, fiziki aktivlik, yuxu və metabolik sağlamlıq kimi amillər birlikdə qiymətləndirilməlidir.
Aytən Yaşar / Turkustan.az