ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini yenidən tənqid etməsi fonunda Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan edib.
Turkustan.az xəbər verir ki, Brüsseldə keçirilən iki günlük sammit çərçivəsində Ukraynadakı vəziyyət müzakirə olunub və Aİ liderləri Kiyevə dəstəklərini ifadə ediblər.
Enerji qiymətlərinin artması və yaşayış xərclərinin yüksəlməsi səbəbindən daxili çətinliklərlə üzləşən Aİ ölkələri Ukraynaya hərbi və maliyyə yardımını azaltmamaq üçün səylərini davam etdirirlər.
Avropa Komissiyasının proqnozuna görə, Ukraynaya 2027-ci ilədək əlavə 70 milyard avro büdcə və hərbi dəstək lazım olacaq.
Aİ Şurasının prezidenti Antonio Kosta Ukraynaya dəstəyin əvvəlki kimi güclü olduğunu vurğulayaraq deyib: “İndi Ukraynaya dəstəyi geri götürməyin və ya Rusiyaya qarşı sanksiyaları yumşaltmağın vaxtı deyil. İndi dəstəyimizi və təzyiqimizi artırmağın vaxtıdır”.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də Rusiyaya təzyiqin artırılmasının vacibliyini qeyd edib. O bildirib: “Rusiya müharibəni dayandırmasa, heç bir sanksiyanı ləğv etməyəcəyik”.
Aytən Yaşar/Turkustan.az