Arıqlamaq və sağlam qalmaq yalnız nə yediyimizdən deyil, yeməkləri günün hansı saatında qəbul etməyimizdən də asılıdır.
Turkustan.az xəbər verir ki, araşdırmalar göstərir ki, qidalanma vaxtının dəyişdirilməsi maddələr mübadiləsinə və çəkiyə təsir edə bilər.
Gündəlik kalorilərin böyük hissəsini günün erkən saatlarında qəbul etmək arıqlamağa kömək edə, qan təzyiqini aşağı sala və toxluq hissini uzada bilər.
Bəzi mütəxəssislər bu təsiri daha qısa müddətdə az kalori qəbul edilməsi ilə əlaqələndirsələr də, dietoloq Sofi Medlin yemək vaxtlarının ümumi sağlamlıq üçün də əhəmiyyətli olduğunu vurğulayır.
Onun sözlərinə görə, orqanizmin qidaları emal etməsi və enerjidən istifadə etməsi insanın oyaqlıq, yuxu və fiziki aktivlik rejimi ilə sıx bağlıdır.
Sloveniyada ötən il aparılan araşdırma göstərib ki, yeməklərini səhər saat 08:00-dan axşam 16:00-dək qəbul edən insanlar üç ay ərzində orta hesabla 4,5 kiloqram arıqlayıb, bədən yağ faizini azaldıb və qan şəkəri səviyyələrini sabitləşdiriblər.
Mütəxəssislər yemək vaxtlarının yalnız çəkiyə deyil, ümumi sağlamlığa da təsir etdiyini bildirirlər. Dietoloq Sofi Medlinin sözlərinə görə, orqanizmin qidaları emal etməsi və enerjiyə çevirməsi oyaqlıq, yuxu və fiziki aktivlik rejimi ilə sıx bağlıdır.
Araşdırmalar gündəlik kalorilərin böyük hissəsini günün erkən saatlarında qəbul etməyin çəki itkisi və ürək sağlamlığı baxımından faydalı ola biləcəyini göstərir. 2024-cü ildə aparılan geniş təhlil də kalorilərin gün ərzində düzgün bölüşdürülməsinin və vaxt məhdudiyyətli qidalanmanın arıqlamağa kömək etdiyini ortaya qoyub.
Medlin qeyd edir ki, insan orqanizmi təxminən 24 saatlıq sirkadian ritmlə işləyir. Bu ritm qan şəkərinin tənzimlənməsinə, həzm prosesinə və iştahanı idarə edən hormonlara təsir göstərir. Onun sözlərinə görə, orqanizm günün aktiv saatlarında qida maddələrini enerjiyə çevirmək baxımından daha səmərəli işləyir.
Harvard Universitetinin 2022-ci ildə 16 artıq çəkili şəxs arasında apardığı araşdırmada da yemək vaxtlarının təsiri müşahidə edilib. Eyni miqdarda kalori qəbul etmələrinə baxmayaraq, yeməklərini dörd saat gec yeyən iştirakçılarda aclıq hormonu səviyyəsi daha yüksək, toxluq hormonu səviyyəsi isə daha aşağı olub. Bu nəticələr gec saatlarda qidalanmanın iştahaya və çəkiyə təsir göstərə biləcəyini göstərir.
Dietoloq yemək üçün ideal vaxtın insandan-insana dəyişə biləcəyini vurğulasa da, ümumi tövsiyələri belə sıralayır:
Səhər yeməyi: oyandıqdan 1-2 saat sonra;
Nahar: səhər yeməyindən 4-5 saat sonra;
Şam yeməyi: yatmazdan ən azı 2-3 saat əvvəl.
Standart yuxu rejiminə malik insanlar üçün bu vaxtlar səhər yeməyində 07:00-09:00, naharda 12:00-14:00, şam yeməyində isə 18:00-20:00 aralığına uyğun gəlir.
Aytən Yaşar / Turkustan.az