Kamal Adıgözəlov
Hər regionun öz geosiyasi yeniləşmə dinamikası vardır. Burada aparıcı qüvvədən çox məqamlar asılıdır. Cənubi Qafqazda tarixən yerli deyil, kənar qüvvələr aparıcı rol oynayıblar. Artıq vəziyyət dəyişir. Bu barədə ekspertlər də danışmağa başlayıblar. Onlar Azərbaycanın daxili məsələləri həll etdikdən sonra regional miqyasda da yeniləşmələrə yön verdiyini ifadə edir, bunun geosiyasi səbəblərini araşdırmağa çalışırlar. Biz də müşahidə edilən proseslərin fonunda Cənubi Qafqazda ümumi mənzərənin dəyişmə özəlliyi üzərində geniş dayanmağa ehtiyac görürük.
Haqlı və ədalətli güc: rəsmi Bakının qətiyyəti

Azərbaycanın Cənubi Qafqaz üçün həyata keçirdiyi layihələr regionun geosiyasi nəbzini yeniləşdirməkdədir. Bunu iki istiqamətdə cərəyan edən proseslərə olan reaksiyalardan da görmək mümkündür. Birincisi, rəsmi Bakı davamlı olaraq regional sülh, barış və əməkdaşlığa xidmət edən yeni layihələr təklif edir. Bərpaolunan enerji, nəqliyyat-logistika proqramları, "Qafqaz evi" ideyasının yenidən gündəmə gətirilməsi, "3+3" formatı ilə bağlı diplomatik fəaliyyətin davam etməsi, Ermənistanla birbaşa danışıqların aparılmasında qətiyyət nümayiş etdirilməsi kimi olaylar buna nümunədir.
İkincisi, bu proseslərə həssaslıqla yanaşan böyük dövlətlər bu və ya digər formada münasibətlərini ifadə edirlər. Hiss olunur ki, böyük güclərin bir qismi Azərbaycanın regional liderliyindən narahatdırlar. O cümlədən ABŞ və Avropa İttifaqı qeyri-müəyyən, ikili standartlara uyğun və bəzən də uydurma arqumentlər söyləyirlər.
Bu iki tendensiyanın müqayisəsi belə nəticə çıxarmağa əsas verir ki, Azərbaycan geosiyasi aspektdə regionun əsas oyunçusudur və bunu siyasət meydanında etiraf edirlər. Lakin bu mərhələ öz-özünə yaranmayıb. Onun təməli Azərbaycanın daxili məsələlərini həll edə bilməsi ilə qoyulub. Burada isə mütləq Prezidentin fəaliyyətinin çoxşaxəliliyini vurğulamaq lazımdır. Ekspertlər həmin məqama əsaslanaraq yazırlar ki, İlham Əliyev Azərbaycanın bütün hərbi-siyasi problemlərinin nizamlanması prosesini tamamlayıb. Və bu imkan verir ki, Azərbaycan yeni inkişaf mərhələsinə transformasiya edə bilsin. Məsələnin geosiyasi əhəmiyyəti ondan ibarətdir ki, bu transformasiya bütövlükdə regionun da yeniləşməsini motivasiya edir.
Burada politoloji mənası olan bir sual meydana çıxır: necə olur ki, kifayət qədər qarşısında çətinliklər yaradılmış (əksəriyyəti süni surətdə) bir dövlət həm daxili problemlərini həll edir, həm də regional miqyasda həlledici geosiyasi gücə çevrilir? Bu sualın ciddi elmi cavabı axtarılmalıdır. Burada biz bir sıra ümumi məqamlara toxuna bilərik.
Məsələ nəzəri baxımdan həqiqətən də mürəkkəbdir. Azərbaycan müasir dolaşıq geosiyasi şəraitdə sözün əsl mənasında siyasi-diplomatik və hərbi inqilaba imza atıb. Uzun illər yeridilən enerji strategiyası, uğurlu xarici siyasət və aparılan islahatlar ölkəni dayanıqlı inkişaf müstəvisinə keçirib. Azərbaycan tarixi baxımdan qısa bir müddətdə iqtisadi, siyasi, mədəni, enerji, logistika, ideoloji və hərbi sferalarda böyük uğurlar əldə edib.
Burada enerji strategiyası aparıcı rol oynasa da, ordu quruculuğu xüsusi məharətlə həyata keçirilib. Nəticədə, Azərbaycan sosial-iqtisadi və mədəni məsələləri həll etməklə, paralel olaraq, yüksək hazırlıq səviyyəsi olan ordu da qurub. Bu ordu 44 gün ərzində Rusiya, Ermənistan və Qərb dövlətlərinin illərdir beyinlərə yeritməyə çalışdıqları "erməni ordusu regionun ən güclüsüdür" mifini darmadağın etdi.

Bizcə, məhz bu faktor dünyaya Azərbaycanın dövlət kimi potensialını dərk etməyə kömək etdi. Təbii ki, burada Prezidentin siyasi-diplomatik fəaliyyəti, həyata keçirdiyi layihələr, strateji planlaşdırma qüdrəti kimi faktorlar əsas rol oynadı. Eyni zamanda, dünya qısa bir müddətdə Azərbaycanın hərbi gücünü real meydanda gördü.
Onu demək gərəkdir ki, İkinci Qarabağ müharibəsi müddətində Prezident İlham Əliyev informasiya sahəsində böyük uğurla mübarizə apararaq, bütün dünyaya Azərbaycanın haqlı və ədalətli mövqedə olduğunu sübut etdi.
"Pacta sunt servanda": Razılaşmalar yerinə yetirilməlidir
Deməli, Azərbaycanın daxili məsələləri həll etməsinin ilk uğurlu mərhələsi rəsmi Bakının həm konkret təşəbbüsləri reallaşdırmasından, həm də ölkənin haqlı və ədalətli olduğunu təsdiq etməsindən ibarətdir. Bununla Azərbaycan Prezidenti növbəti mərhələ üçün sağlam təməl hazırlamış oldu. Belə ki, dünya indi regional miqyasda haqlı və ədalətli bir güclü dövlətlə münasibətlər qurmalı idi.
Həmin məqam Azərbaycanın regional miqyasda atdığı geosiyasi addımlara kənar qüvvələrin psixoloji olaraq müsbət yanaşması faktını meydana gətirdi. Lakin məsələ regional səviyyədə yalnız Azərbaycanın fəaliyyəti ilə məhdudlaşmır. Burada Ermənistan və Gürcüstanın da oynadıqları rolu nəzərə almaq lazım gəlir.
Maraqlıdır ki, bu iki ölkənin geosiyasi fəaliyyəti də Azərbaycanın rolunu və yerini möhkəmlətməyə mane olmadı. Əksinə, bir sıra məqamlarda siyasilər gördülər ki, məhz Azərbaycan ciddi və qətiyyətli geosiyasi oyunçudur.
Ermənistanın timsalında bu tezisin doğruluğuna əmin olmaq mümkündür. Məsələ burasındadır ki, Azərbaycan sürətlə dəyişən regional mənzərəyə sürətli yeniləşmələrlə cavab verdiyi və hətta bir çox aspektdə bu regional yeniləşmələri motivasiya etdiyi halda, Ermənistan demək olar ki, heç dəyişmədi. O, əvvəlki destruktiv və geosiyasi intriqalara xidmət edən mövqeyində qalmaqda davam etdi. Bu proses indi də davam edir.
Kimsə rəsmi İrəvanın hansısa yeni konstruktiv təkliflə çıxış etdiyinə aid fakt gətirə bilməz. Yenə əvvəlki yanqaçmalar, əsassız ittihamlar, günahlandırmalar, hər kəsin ermənilərin maraqlarına xidmət etməsini tələb etmək və s. kimi ağılsız addımlar özünü göstərir. Hətta havadarları belə bəzən erməni ifratçılığına etiraz edirlər. Məsələn, Robert Koçaryan 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) kürsüsündən çıxışı zamanı "azərbaycanlıların və ermənilərin etnik cəhətdən bir-biri ilə uyğun gəlməməsi" barədə irqçi fikir səsləndirməsini Ağ Ev təəccüblə qarşıladı. Bundan başqa, rəsmi İrəvan Zəngəzura alternativ kimi absurd ideyalar irəli sürməkdədir. Bunların fonunda Ermənistan öz ərazisinə avropalı müşahidəçiləri doldurmaqdadır.
Ermənistanın müttəfiqləri Aİİ və KTMT üzvlərinə yönəlik siyasəti də köhnədir. Son zamanlar bu iki təşkilatla İrəvan arasında münasibətlərin gərginləşməsi səbəbi də bununla bağlıdır. Ermənistan, faktiki olaraq, heç bir regional təşkilatla münasibətlərini inkişaf etdirə bilmir. Azərbaycan isə əksinə, hansı regional təşkilata üzvdürsə, orada nüfuzunu xeyli artırıb. Bunları kənardan da görürlər və seçim edirlər.
Bütün bunların fonunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Almaniyanın "Berliner Zeitung" qəzetinə verdiyi müsahibədə ifadə etdiyi fikirlər maraq doğurur. Müsahibədə Azərbaycanın səbirlə Ermənistanın müsbət təsir bağışlamayan addımlarını neytrallaşdırması və ona qarşı ədalətli təkliflər irəli sürdüyü konkret faktlarla əsaslandırılıb.
Məsələn, Hikmət Hacıyev Naxçıvanla əlaqə məsələsi ilə əlaqədar ifadə edib: "Artıq üç ilə yaxındır ki, Azərbaycan Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq. Biz, həmçinin Dünya Gömrük Təşkilatını öz nou-hau və standartlarını bölüşmək üçün dəvət etmişdik. Lakin Azərbaycan heç vaxt bütün səylərini bir istiqamətdə qurmur, ona görə də biz paralel olaraq alternativ həllər üzərində işləyirik".
Aydındır ki, Azərbaycan son dərəcə ədalətli və müasir dövrün tələblərinə uyğun mövqe ortaya qoyur. Ümumiyyətlə, sülh danışıqlarının aparılması ilə bağlı da eyni mövqe özünü göstərir. Hikmət Hacıyev bununla bağlı avropalı jurnalistə deyib: "Hər bir formatın öz üstünlükləri var və onların effektivliyini müqayisə etmək düzgün olmazdı. Müxtəlif mərhələlərdə müxtəlif formatlar bizə irəli getməyə imkan verib və biz iştirak edən bütün vasitəçilərə minnətdarıq. Məkan bizim üçün önəmli deyil, ən əsası nəticədir. Biz nəticəyönümlü danışıqların tərəfdarıyıq. Prinsipcə, biz səmimi vasitəçiliyin əleyhinə deyilik, lakin birbaşa danışıqlara üstünlük veririk. Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır".

Deməli, Azərbaycanın regionda aparıcı geosiyasi qüvvə kimi qəbul edilməsi əsaslıdır. Bu isə imkan verir ki, Azərbaycanın daxili məsələləri həll edəndən sonra postmüharibə mərhələsində regionun da tarixi yeniləşməsini motivasiya etdiyi tezisini irəli sürək.
Təbii ki, bu proses qısamüddətli deyildir və qarşıda müəyyən çətinliklər ortaya çıxa bilər. Lakin indi hər kəs üçün aydındır ki, Cənubi Qafqazda yeni konstruktiv güc – Azərbaycan vardır. Və onun hansı addımları atacağından regional geosiyasi proseslərin taleyi asılıdır! Bu, dövlətçiliyimiz baxımından tarixi bir nailiyyətdir!