AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
III yazı
Məhəmməd Bağır Xalxalinin dünyagörüşündə məcazi eşq də müəyyən yer tutur ki, o da öz əksini şairin qəzəllərində tapmışdır. Məsələn, o, “Gəl” adlı qəzəlində özünü Məcnundan daha çox məcnun, yarını Leylidən çox leyli hesab edir. Xalxali yazırdı:
Gəl ey edən özünə işvəsi məni müştaq,
Nə işvədir, bu nə qəmzə, nə şivəvü nə səyaq?
Ümid ilə sənə qurban dedim bu canımı mən,
Qəbul eyləmədin, barı eyləmə qəllaq.
Qoşun çəkib, ürəyim eşqin eylədi təsxir,
Yerini xoş görüb, etdi bu mülkdə oturaq.
Gözüm piyaləsinin suyu hər tərəfdən axır,
Nedim, nə çarə edim, vermiri bu kasə qıraq.
Deyil gülab o kim, dilbərim üzünə çalar,
Od üstə su səpiri ta ki, yanmasın afaq.
O qədr ağlamışam, qalmayıbdı bir quru yer,
Ki, mən fəraq günü başıma səpəm torpaq.
Nələr gətirdi mənim başıma qara zülfün,
Edib qara günümü, başıma vurar şallaq.
Bu xəstə könlümə bax, zülfünü edib məskən,
Xuda rizası üçün, vurma sən o zülfə daraq.
Vüsala talib olanlar gərək ola sırtıq,
Ki yar sındıra başında gündə əlli çomaq.
Mənim yanımda nə Məcnun? - Ki, bir dəli oglan,
Sənin yanında nə Leyli? - Ki, bir arıq doydaq.[1]
O, başqa bir şeirində Yar əlindən nə qədər sədəmə yeyib, ahı göylərə çatsa belə, yenə də ona zülm verəndən əl çəkmir. Xalxali yazırdı:
Canım nə qədr sədəmə yeyibdir, usanmırı,
Bu vərtədən kənara qaçıb daldalanmırı.
Yandırdı dağü daşı yanar ahimin odu,
Bilməm nədən o daş ürəyin bircə yanmırı?!
Cəllad tək gözün necə qan qan deyir, gözəl,
Əzbəs ki, qan içib, nə qədər içsə qanmırı.
Bəxtim məgər görüb yuxusunda cəmalını,
Bais odur, yatıb əbədən heç oyanmırı.
Yaran, yetişdi göylərə ahım şərarəsi,
Amma, bu zalımın qızı hərgiz inanmırı.
Yattım yolunda, bəlkə nigarım dönüb baxa,
Ömrüm kimi gəlib keçiri, bir dayanmırı.
Baqir qoyub başın genə bu asitanəyə,
Gəldikcə, hey qovulla, bu sırtıq utanmırı. [2]
Xalxali digər bir şeirində isə eşq yolunda bütün var-dövlətini verdiyini və bundan əsla peşiman olmadığını ifadə etmişdir. Onun fikrincə, yalnız eşq əhli aşiqlə məşuqun halından anlar. O, yazırdı:
Sərvə baxmaz, görsə hər kim yarımın şümşadını,
Sərvə oxşatmaq onu, bədnam edibdir adını.
Gözlərin cəllad edib bu Xosrov-i iqlim-i naz,
Görməsin heç dini kafər bu şəhin cəlladını!
Ləblərin şəhdini şəkkərdən uman aqil déyil,
Bilməsə hər kim bunu, bilməzdir ağzın dadını.
Xosrovi-eşqin edib məmureyi-könlüm xarab,
Bu necə şəhdir ki, məxrubə edər abadını?!
Çəkmə bica dərdi-sər, qaç, burda durma, éy rəqib,
Aşinayə baxmayan héç yad qılmaz yadını.
Badzən çaldım üzünə açdı şəhla gözlərin,
Mən, o seydə bənzədim: Bidar edə səyyadını!
Eşqinə mən mal-mülkü cani-ömrüm vermişəm,
Bu məsəldir kim, “utanmaz vérsə hər kim zadını”. [3]
O, “Eyləmişəm” adlı qəzəlində isə artıq eşq məktəbinin məzunu olmasından, onun hər birinə vaqif olmasından bəhs etmişdir. Xalxali yazırdı:
Dili pəjmürdəmi, ta mayili-cam eyləmişəm,
Özümü daxili-ünvani-üzam eyləmişəm.
Məktəbi-eşqdə, ta məshəfi-hüsnün gördüm,
Seyr edib dərsimi bilmərrə tamam eyləmişəm.
Xəbər aldım: “Niyə güllər yıxılıbdır bihuş?”
Dedi dildar: “Bu gülşəndə xüram éyləmişəm”.
İstəməm çün, səni bir kimsə görə röyadə,
Nalə ilə yuxunu xalqa həram eyləmişəm.
Dili-divanəmə yazdım ki, nə yérdir vətənin?
Yazıb ol: “Silsileyi-zülfü tamam eyləmişəm”.
Haşə-lilləh ki, ürəklər quşu tutsun aram,
Xalü zülfün desin ər, danəvü dam eyləmişəm.
Qoymuşam vadiyi-təslimə qədəm, ey Baqir,
Qılmışam yaxşı namazımı, səlam eyləmişəm.[4]
Xalxali yar yolunda hər bir şeyi, hətta məscidi buraxıb meyxanəyə üz tutmağı gözə alan şairlərdəndir. Hər halda “Yar” sözündən başqa sözü əfsanə hesab edən Xalxali üçün divanə olmaq da xoşdur:
Dilbərə bax, gör necə cananədir,
Almağa can işvəsi mərdanədir.
Yar sözündən de, əgər söz désən,
Qeyri bu söz, özgələr əfsanədir.
Qoy dolanım başına pərvanə tək,
Eşq oduna yanmaga pərva nədir?!
Zülfünə könlüm necə tutsun qərar?
Dəstələrin hər biri bir yanədir.
Mən bilirəm kimdi məni öldürən,
Badi-səbadır, biri də şanədir.
Dami-bəla-zülfi-mütərraları,
Quş ürəyim, xali-rüxün danədir.
Mən o qarə gözlərinə aşiqəm,
İşvəsi çox, şivəsi məstanədir.
Ləli-ləbin şərbətini huşiyar –
İçsə, deyər: “Mey nədi, mina nədir?”
Məscidə börküm atalar, girmənəm,
Məst yeri guşeyi-meyxanədir.
Düş çölə Bağir, nə əcəb yatmısan?
Qoy deyələr: “Bu gədə divanədir”. [5]
Xalxaliyə görə əslində Məcnun ilə Leyli bir vəhdətdir, yəni onlar bir-birindən cismən ayrı olub, ruhi baxımdan eyni varlıqdırlar. O, yazırdı:
Şüglüm yetib fəğanə, işim ahü zardır,
Âşiq olanlara, bəli, rahatlıq ardır.
Müddətdi firqətin məni qürbətdə saxlayıb,
Od saldı canıma, nə yaman ruzigardır!
Ahım görən, bilir ürəyim od tutub yanar,
Hər kəs tütün görüb, bilir altında nardır.
Vəsli havası qoymur öləm, saxlayıb məni,
Dayim gözüm yolunda qalıb, intizardır.
Bildim ki, zülfü kakilinə şanə vurmusan,
Gördüm nəsim əsəndə səhər mişkbardır.
Leyli camalını görəli vəhdət etmişəm,
Məcnun kimi həmişə yerim kuhsardır.
Zülfündə min ürək yığışıb, şanə éyləmə,
Şanə dəyər, tökər yérə, çün, hər nə vardır.
Cəm eyləyib ürəkləri əyyarə zülflərin,
Amma, səbəb nədir ki, özü tarmardır?
Hüsnündə xal danədi, damındı tellərin,
Könlüm quşu, cəhət odu çox biqərardır.
Nisbət verilsə yarə ki, “Əğyarə yardır”,
Bağir, daxi sənə yox bəhs mu qədər,
Hər kəs ki, eşqə allanı, biixtiyardır.
Xalxalinin dünyagörüşünün əsas ifadəsi “Sələbiyyə”də tapmışdır. “Sələbiyyə”dən öyrənirik ki, təbiətdə olduğu kimi, cəmiyyətdə də zorakılıq, zülm, ədalətsizlik, güclülük, yaltaqlıq, qətl və qarət hakimdir. Xalxali təbiətin canlı aləminə müraciət etməklə əxlaqi-fəlsəfi və ictimai-siyasi məsələlərin çoxunu heyvanların dililə bəyan etmişdir. Başqa sözlə, ziddiyyətli dövrdə yaşan Xalxali yaradıcılığında cəmiyyətin önəmli məsələlərini qabartsa da, ancaq ruhani təbəqədən olduğu üçün mülahizələrində bir qədər ehtiyatlı olmuşdur. Bütün hallarda o, “Sələbiyyə”də Türk məsnəvi şerinə yeni ictimai-fəlsəfi məzmun və keyfiyyət aşılayaraq, onu yeniləşdirmək, müasirləşdirmək yolunda mühüm addımlar atmışdır. Şübhəsiz, Xalxalinin ictimai-fəlsəfi dünyagörüşü yalnız “Sələbiyyə” ilə məhdudlaşmamış, onun digər əsərlərində də öz əksini tapmışdır.
İstifadə olunmuş ədəbiyyat siyahısı
Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə, 4-ci cild. Bakı, Elm, 2011 Ağayev İslam. M.B.Xalxalinin Sələbiyyə əsərinin nəşri tarixi və xəttat rəssamları barədə // Azərbaycan SSRİ Elmlər Akademiyasının xəbərləri, Ədəbiyyat, dil, incəsənət seriyası, - 1983. № 1 Qasımzadə Feyzulla. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi.Ali məktəblər üçün dərslik. “Maarif” nəşriyyatı, Bakı, 1966 Quliyeva Xuraman. Məhəmməd Bağır Xalxali.// Cənubi Azərbaycan ədəbiyyatı tarixi. Iki cilddə, I cild (XIX əsr). Bakı, “Nurlar” , 2009 Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 4 cilddə, 1-ci cild. Bakı, “Elm”, 1981 Düzgün Hüseyn, Oktay Əlirza. Məhəmməd Bağir Xalxali və Sələbiyyə. Tənzimləyən: Məhəmməd Davəryar Tehran, Təkdərəxt nəşriyyatı, 1389 h.ş. (miladi 2010) Heyət Cavad. Azərbaycan ədəbiyyatı tarixinə bir nəzər. Tehran, 1358 1-ci cild; Hüseyn Saidi Tərif. “Molla Məhəmməd Baqir Xalxali kimdir?” http://hakimkhalkhali.blogfa.com/post/9 Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, I cild. Bakı, Avrasiya-Press, 2005; Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, 2-ci cild. Bakı, Avrasiya-Press, 2005 Müdərris Məhəmmədəli. Reyhanətül-ədəb. Təbriz, 2-ci cild, 1347 h.ş., (1968); Məmmədov Kamran. XIX əsr Azərbaycan şeirində satira. Bakı: Elm, 1975 Xalxali Məhəmməd Bağır. Sələbiyyə // XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005 Xalxali Məhəmməd Bağır. Qəzəllər // XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya) iki cilddə - I cild. Bakı, “Nurlar” NPM 2009 Xalxali. Divane-ədəbiyyat. Təbriz, 1319 (1940) Xalxali. Sələbiyyə. Təbriz, 1318 (1939) Sadiq X. Həft məqalə (yeddi məqalə) Tehran, “Donyaye-daneş” nəşriyyatı, 1337-ci il
[1] Xalxali Məhəmməd Bağır. Qəzəllər // XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya) iki cilddə - I cild. Bakı, “Nurlar” NPM 2009, s.503