
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
II Yazı
Türk fəlsəfi fikir tarixinin qədim dövründən bəhs olunarkən Tanrıçılıq-Gök Tanrı, Mağların təlimi-Qamlıq, Şamanizm, Qorqudçuluq, Türkçülük ilə yanaşı Oğuz Atanın/Oğuz Kağanın (təxminən e.ə. 3-2-ci minilliklər) xatırlanması təbiidir. Apardığımız tədqiqatlar bizə deməyə əsas verir ki, əslində Oğuz Atanın dünyagörüşü onun öz adından (Oğuzçuluq) daha çox Gök Tanrıçılıq-Tanrıçılıq kimi tarixə düşsə də, ancaq Tanrıçılığın ilk kitablarından biri, bəlkə də birincisi “Oğuznamə”lərdir. “Oğuznamə” ləri iki qismə: 1) Oğuz Atanın birbaşa özü ilə bağlı olan “Oğuz Kağan” dastanı və qədim “Oğuznamə”, 2) Oğuz Atayla dolayı bağlı olan Orta əsrlərdə qələmə alınmış “Oğuznamə”lərə bölmək lazımdır.
Bu gün bizim qarşımızda duran əsas məsələ Türk/Turan mədəniyyətinin dünya mədəniyyətləri arasında özünə¬məxsus yer tutmasını, hətta Şumerdən öncəki mövcudluğunu ortaya qoymaqdır. Əks təqdirdə Türk/Turan mədəniyyətimiz Avropa, Rus, Çin, Hind, İran/Ari, Sami mədəniyyətləri içində daha da əriyəcək və özümüzdən tamamilə uzaqlaşacağıq. Bunun baş gerçəkləşməməsi üçün bütün Türk xalqlarının Türk sivilizasiyası, o cümlədən Türk fəlsəfəsinə ciddi önəm verməsini vacib hesab edirik. Çünki Türk sivilizasiyası həm yaxın uzaq Türk xalqlarını bir araya gətirir, həm də mədəni, tarixi və elmi-fəlsəfi bütövlük yaradır. Ona görə də, “Tufan”dan sonra ortaya çıxmış ikinci Böyük Turan İmperatorluğu dövründə baş verənləri uydurmalardan təmizləyib elmi obyektivliyə qovuşdur-malıyıq. Özəlliklə, bu dövlətin qurucusu olan oğuzlar, onların başçısı Oğuz Kağan (Oğuz Ata) və onun varisləri haqqındakı biliklərimizi artırmalı, genişləndirməliyik.
Türk etnoqonik miflərinə görə Türk xalqlarının, o cümlədən Azərbaycan xalqının qədim əcdadlarından biri uğuzlar/oğuzlar olublar: “Qabaqlar uğuzlar olublar. Onlar çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uğuzdur. El arasında deyirlər ki, uğuzlar bizim əcdadlarımız olublar”.
Uğuzlar, ya da Oğuzlar Türk xalqlarının ulu əcdadlarından birididir. Uğuz ya da Oğuz Ata ilk dəfə monoteist din olan Tanrıçılığın ya da Göy Tanrıçılığın əsasını qoymuşdur. Başqa bir etnoqonik mifə görə isə Oğuz Ata deyil, Türk Ata Türk xalqlarının ilk bilgəsi olmuşdur. Belə ki, Türk Ata Nuh peyğəmbərin yeddi oğlundan biri kimi, uzun müddət bir ada da təkbaşına yaşamışdır. Türkün adadan xilas olmasında Boz Qurd mühüm rol oynamışdır.
Oğuz Ata, ya da Oğuz Kağanla bağlı yaranmış bütün “Oğuznamə”lərdə də, o, həm Böyük Turan İmperatorluğunun qurucusu, həm də Dünya hakimiyyətini quran ilk hökmdar kimi dəyərləndirilmişdir. Məsələn, “Ulu Xan Ata Bitiyi”nə görə, Ulu Ay Ata və Ulu Ay Ananın böyük oğlu olan Ay Ata Kiçikəri türklər tərəfindən ilk kağan seçil¬mişdir. Həmin bitikdə bununla bağlı yazılır: “Ulu Ay Ata və Ulu Ay Ananın çocuqları, haqsızlıq və düzənsizlikləri önləmək üçün bir çarə arama¬ya başladılar. Sonunda bir çözüm buldular. İçlərindən seçiləcək bir kişinin qərarlarına uyacaqlar və çıxardığı hökümləri alıb itaət etmə¬ləri gərəkəcəkdi. Yəni bir kağan seçəcəklərdi. Qərara görə Ulu Ay Atanın ən böyük oğlu, digər hərkəsdən sorumlu oldu. Çocuqlar, aralarında anlaşıb Ulu Ay Ata və Ulu Ay Ananın ən böyük oğlunu kağan yapdılar. Yəni Ulu Ay Ata və Ulu Ay Ananın ən böyük oğlu Ay Atam Kiçikərini, Kiçik Ay Babanı xalqın başına hakim və ilk kağan olaraq seçdilər. Səksən il boyunca türkləri o yönətdi”.
Bəzi mənbələr isə Oğuz Kağanı Alp Ər Tonqa, onu da “Avesta” və “Şahnamə”lərdə adı keçən Əfrasiyabla eyniləşdirilər. Hesab olunur ki, Oğuz Xaqan ya da Alp Ər Tonqa Tufandan sonrakı dövrdə yaşamış Nuhun oğlu Yafəsin oğlu Türkün nəvəsidir. Ola bilsin ki, Oğuz/Uğuz/-Buğuhan xaqan Sami xalqlarının dini kitablarında (Zəbur, Tövrat və b.) adı keçən İbrahim peyğəmbərin ya özü, ya da qardaşı Aran, bəlkə də onların müasiri hesab olunan və adı Qurani-Kərimdə də keçən İskəndər Zülqəreyndir. Oğuz Ata ya da İskəndər Zülqərneyn Türklərə təxminən 5200 il bundan öncə Hənif dinini öyrətmişdir. Bu anlamda Oğuz Xaqanın İskəndər Zülqərneynlə eyniləşdirilməsi daha çox inandırıcıdır, nəinki m.ö. 13-7-ci əsrlər arasında yaşaması güman edilən Alp Ər Tonqayla.
Oğuz Kağanın oğulları Göy Xan, Dəniz Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ xanla birlikdə Böyük Turan İmperatorluğu qurub, dünya hökmdarı olduqdan sonra dövlətini onlar arasında bölüşdürmüşdür. Bu impertaorluğun başkəndi də Mərv, Bəlx və digər şəhərlər göstərilməkdədir. Eyni zamanda, Oğuz Xaqan bir çox yeni şəhərlərin (Gəncə, Şiz, Qəzvin) də təməlini qoymuşdur.
Hesab edirik ki, qədim dövr Türk bilgələrindən biri Oğuz Ata olmuşdur. Türk-Azərbaycan etnoqonik miflərində göstərilir ki, Uğuz-Oğuz Tanrını qəbul etməyən atasına qarşı çıxmış və yer üzündə tək tanrıçılığı – Göy Tanrıya inamı yaymışdır. Əslində Uğuzun/Oğuzun digər bir adının Buğa/ Öküz/Okuz xan olması da bunu təsdiq edir. Oğuz dastanına görə də ilk Türk hökmdarlarından biri olan Buğuhan tək Tanrıçılıq dinini təsis etmişdi.
Zaur Həsənova görə, Oğuz sözünün anlamlarından biri də “müdrik”, “müdrik olan” demək olub, Oğuz Atanın əsas epitetlərindən biridir. Eyni zamanda, “Oğuz” termininin oğ və uz şəklində izahları da var ki, burada Oğ – “oğul”, Uz – “yol, yoldaş” deməkdir.
“Oğuz Kağan” dastanına görə, türklər həmişə tək Tanrıya ya da Göy Tanrıya inanmış, çoxallahlı olmamışlar. Şamanizm və Maniçilik kimi digər Uzaq Doğu kökənli dinlər isə Türklər arasında kiçik zümrələr xaricində heç bir zaman yayğınlıq qazanmamışdır. F.Ağasıoğlu yazır: “Özlərini təbiətin yavrusu sayan türklər, özəlliklə bozqır türkləri hər bir təbii varlığın yiyəsi olduğuna inanır, onlara öz qamları vasitəsilə münasibət bildirir, ancaq bütün varlığın yaradıcısı kimi bir Tanrıya (Tenqri) tapınırdılar. Sumerlərin də dinqir dediyi bu teonim həm Tanrını, həm də onun simvolu olan Göyü (səmanı) bildirirdi”. Emin əl-Razi, İbn Fadlan kimi müəlliflərə görə də, Türklər, o cümlədən xəzərlər, bulqarlar bir Tanrıya tapınırdılar.
Çox güman ki, türklərdə Tanrı, Tanrıçılıq ideyası ya da fəlsəfəsi formalaşana qədər mifik-dini təfəkkürün bəlli inkişaf dövrlərindən keçmişdir. Hər halda Tanrı ideyasının müəyyən təkamül prosesinin məhsulu olması artıq çoxlarında şübhə doğurmur. Bu anlamda Tanrıçılıq fəlsəfəsi Türk dini-mifik təfəkkürünün yekun nəticəsidir. Akademik Nizami Cəfərov yazır: “Tanrıçılıq dünyagörüşünün müəyyənləşməsi ilə ona qədərki bütün etnik-ideoloji idrak formaları tanrıçılığa tabe olur, mifologiya bundan sonra məhz bu mükəmməl dünyagörüşünün (tanrıçılığın) “məntiqi” ilə yaşayır, onu tamamlayır və qədim türk cəmiyyətində kütləvi düşüncədən fərqli olaraq, “professional” düşüncə (yuxarı silkin, cəmiyyətin yüksək təbəqələrinin düşüncəsi) daha çox tanrıçılığa əsaslanır”. Onun fikrinə görə, Tanrı – göylər aləmi ilə bağlıdır, lakin Türkün yaşadığı torpağın da, cəmiyyətin də, qəbilənin də taleyini Tanrı müəyyənləşdirir: “Əgər Tanrı istəməsə, kimsə Türk cəmiyyətinin hökmdarı (kağanı) ola bilməz. Ona görə də türklərdə hökmdar kultu mövcud olmuş, hətta tanrıçılığın tənəzzülündən sonra da yaşamışdır”.
Əkbər Nəcəf yazır: “Qədim türklər əbədi və yaradıcı bir varlıq olan və adma Tenqri dedikləri tək ilahi gücə itaət edirdilər. Bu mənada böyük siyasi-hərbi kimlik olaraq türklər tək tanrılı anlayışa sahib ilk xalq olma xüsusiyyətinə malikdirlər. Səmavi dinlərin xaricində türklərin təktanrılı bir dini təsəvvürə necə və hansı tarixi şəraitdə sahibləndikləri hələ ki, qaranlıqdır. Müasir tədqiqatçıların iddia etdiyi kimi, tenqriçilik adlanan bu anlayışın “çoxtanrılı inancların təkamülü” nəticəsində ortaya çıxdığı fikri məntiqli görünmür. Türklərin geniş ərazilərə yayılmasında sahib olduqları təktanrılı din təkanverici olmuş və onlar, əsasən, çoxtanrılı mədəniyyətlərin hakim olduğu ərazilərə nüfuz etmişdilər. Türklər üçün “Tanrı” anlayışı hər zaman mərkəzdə yer almışdır”.