“Duxa Qoca oğlu Dəli Domrul” boyunda olum-ölüm təzadının mifoloji çalarları


İŞIQLI ATALI

I YAZI
“Kitabi-Dədə Qorqud” dastanında mübahisəli boylardan olan “Duxa Qoca oğlu Dəli Domrul” haqqında araşdırmada məqsəd ilkin mifoloji duyumda Əcdadın dünyanı, həyatı anlamasının dastan düşüncəsində hansı transformasiyalardan keçdiyini izləməkdir. Boyda iki əsas mərhələ izlənilir: Dəli Domrulun şəxsində Əcdadın Tanrıçılıq və Allahçılıq dönəmlərində davranışlarının uyğunluğu və uyğunsuzluğu. Dastan bədiyyatının tipik örnəyi olan “Duxa Qoca oğlu Dəli Domrul” boyunda olum-ölüm təzadının mifoloji çalarları çoxqatlıdır. Qəhrəmanın düşdüyü durumlar onun həyatı necə anladığını aydın göstərir. Döyüşlərdən keçən, ölümü görən, adlayan, sorağı yurdundan çox uzaqlarda tanınan Dəli Domrul cavankən, dinc durumda Allah tərəfindən sınağa çəkilir, canının alınması məqamında “Can əvəzinə can” bularsa, bağışlanacağı vədi verilir.
Boyun süjet xəttində əski düşüncənin sınırında ulusallıq üstə yenilənmək əvəzinə, əksinə, Tanrıçılıqdan imtina edilir, İslam görüşlərinə əsaslanan Allahçılıq xəttinə əsaslanılır. Bu hal Dəli Domrulun şəxsində cavan, dəli-dolu Oğuz türkünün “ağıllandırılması” ilə ifadə olunur (şərtlənir). Domrulun qadını da onun kimi yeni nəsli təmsil edir. Boyda canını oğluna qıymayan ata-ana “müxənnət” sayılır; əslində onları Tanrıçılıq dönəminin insanları saymaq olar. Çağın düşüncəsinin ifadəsi kimi ağıllara təqdim olunan formul yenə də “sirliliyini” saxlayır; ancaq olum-ölüm təzadının çalarları aydınlaşdıqca bilinir ki, Tanrıçılıq düşüncəsi əsasında yaşayan, var olan Dəli Domrulun həyatında artıq yeni bir dönəm başlayır: bundan sonra onun ömrü necə yazılıbsa, o cür də davam edəcək. Yaxud da: boyun məntiqinə əsaslansaq, indiyə kimi el dilində deyildiyi kimi, “Tarısını tanımayan” (burada: Allahını) Dəli Domrul artıq ağıllanır, əslində “ağıllandırılır”. Türk Tanrıçılığında qəhrəmanın – Əcdadın (burada: Oğuzun) Tanrılığı məsələsi var: Türk Tanrısını öydüyü dərəcədə özündə Tanrılıq gücü duyur. Ancaq “Dəli Domrul” boyunda bu təsəvvür, inanc zəifləyir, yeni bir dönəmə - Allahçılığa keçir. Beləliklə, Tanrıçılıqdan Allahçılığa keçiddə olum-ölüm təzadı ilə bağlı fərqli təsəvvürlərin formalaşdığı aydınlaşır. Ancaq bu proses birdən-birə baş vermir, öncəki təsəvvürlər (Əcdad düşüncəsindən gələn Tanrılıq xisləti, təbiətlə ruhən birlik: Göyü, Günəşi, Suyu və s. Tanrı saymaq və b.k.) yoxa çıxmır.
***
Əlçatmaz qədimlərdən, uzaq keçmişlərdən bu yana olanlar boylaşır, dastanlaşır; ayrı-ayrı olaylara biri-birindən fərqli baxışlar yaranır. Əslində bugünün idraki ölçüsündən qədim mifoloji çağa yönələn, onu açmağa çalışan, haradasa açan baxışlar elmin tərəddüdlərini də özündə daşıyır. Ona görə ki, elmi idrak dünyanın necəliyini aydınlaşdırır, habelə yozumlar şəxsi elmi mülahizələrin əlvanlığını ortaya çıxarır.
Dəlilik zamanın həddinə, ölçüsünə sığmayan, normal ağıl tərəfindən qəbul edilməyən davranışlardır. Qədimdən bəri xalq düşüncəsində dəli sayılmaq iki anlamdadır: psixoloji pozuntu ilə müşaiyət olunan davranışları daşımaqla; fiziki döyüşdə (çağımızda: münasibətlərdə qabağından yeməzlik) risqə əsaslanan - düşmənlə üz-üzə qalan, çoxunun bacara bilməyəcəyi döyüşkənlik örnəyi olmaqla.
Dəli Domrul obrazında ikinci cəhət əsas görünür, həm də dastan düşüncəsinə görə ilk baxışda “psixi pozuntusu” olan da sayıla bilər. Quru çayın üzərindən körpü saldıran, keçənlərdən 33, keçməyənlərdən 40 axça alan Domrul qəribə davranışının səbəbini qol gücü ilə izah edir. Çünki onunla vuruşmağa qadir hansısa bir Oğuz qəhrəmanı yoxdur. Domrulun şöhrəti Ruma, Şama kimi gedib çatıb. Bu gedişdə meydanda başqa bir Oğuz igidinin (igidlərinin) görünməməsi də maraq doğurur. Əslində dastanı maraqlı, cazibəli edən də bu kimi məqamlardır. Əlbəttə, boy onun, meydan onundur. Necə deyərlər, söyləyici onun boyunu boylayır, soyunu soylayır, başqasına yer ola bilməz, olsa da, boylananın boyu başqalarından balaca görsədilə bilməz.
Boyda təsvir gerçəkliyi ustacasına bədiyyat zənginliyi ilə müşaiyət olunur, alt qatdakı mifoloji sirlər cazibəliyin soraqlarını özündə gizlədir, qəribə bir pünhanlıq yaradır. Əlbəttə, boyla bağlı çoxsaylı elmi araşdırmaların hər biri əcdad düşüncəsinin uzaq, əlçatmaz mifoloji duyumunun soraqçısı rolundadır. Bizcə, əsas məsələ bu və ya başqa mətndəki cövhərin (mahiyyətin) çatdırılması olmalıdır. Qəhrəmanın dəli-doluluğu bütün hallarda zamanın ölçüsünü saymamaqdır. Dəli Domrul fiziki güclüdür, demək olar, hər şeyi qol gücünə həll edir. Fiziki durumunun yetərliyi sözünün hökmünü yaradır. Bu, əslində Dəli Domrul sindromunun çözülməli olan zahiri tərəfidir.
Ancaq əsas məsələ Domrulun Tanrılıq keyfiyyətidir. Gerçəkdən heç kimi, heç nəyi nəzərə almayan Domrulun qorxması (qorxudulması; burada: “başa salınması”) ona həddinin bildirilməsidir; bu isə içində Tanrılığın müəyyən keyfiyyətlərini daşıyan qəhrəmanın Allaha təslim olunmasıdır.
Həyatın bitməyən olum-ölüm təzadı var. Əcdad düşüncəsindən gələn dərs Domrulun şəxsində çoxsaylı əsatiri yozumlardan keçir.
***
Gəncliyin fiziki yetkinliyinə çatan Domrul Tanrıçılıq dərsini tam ala bilmir; bu gedişdə Allahçılıq təsəvvürləri boyun (burada: qəhrəmanın) taleyini həll edir. Biz Domrul boyunun öncəki – ilk variantını təsəvvür edə bilərikmi? Hər halda öncəki variantda olayların necə olmasını təxmin (fəhmən təsəvvür) etməkdən çox gerçək boyun qarışıq düşüncənin ifadəsi olduğuna diqqət çəkmək daha doğru olar. Yəni burada Tanrıçılıq – Allahçılıq təsəvvürləri toqquşur, zamana hökm edən ideologiyanın basqısı ümumən dastana təsirini göstərdiyi dərəcədə təbii olaraq boyda da özünü göstərir. M.Seyidov yazır, Dəli Domrul vaxtilə sulu çayın üzərində körpü tikdirir və o, bu dünyanın - dirilər dünyasının ölümə qarşı duranı imiş. S.Rzasoy yazır, xaosa adlamanın arxaik – mifoloji qiyməti 33 candır. “33 axça” sonrakı transformasiyadır. 40 axça, yəni 40 can verənlər isə körpünün üstündən keçməkdən – ölməkdən can qurtarır.
Tanrıçılıq dönəminə xas təsəvvürlər boyda adda-budda təsiri bağışlayır, ancaq kitablı din olan İslamın əlamətləri elə boyun əvvəlindən hökmlə özünü göstərməyə başlayır. Boyda qədər, tale məsələsinə baxış (alın yazısı mifizmi) islamçılığın tələbinə, qaydasına uyğundur. İ.Sadıq “Dəli Domrul”u dastanın mükəmməl, maraqlı boyu saymaqla boyun iki süjet xətti üzərində qurulduğunu yazır: “Ölümdən qorxmamaq, Əzrayılla vuruşmaq: Əzrayılı öldürüb xalqın canını ondan birdəfəlik qurtarmaq; Can əvəzinə can qoymaqla ölümdən xilas olmaq”. Ümumiyyətlə, İ.Sadığın Şumer mətnlərində mövzu ilə bağlı axtarışları maraq doğurur, gərəkli nəticələrə gəlməyə imkan verir. Bu, hər şeydən öncə mifoloji düşüncədə olan bağların qırılmazlığını, ideya, motiv oxşarlığının təsadüfi olmadığını göstərir: “Əzrayılı axtarmaq, onunla savaşmaq ideyası ölüm ilə barışmamaq deməkdir. Deməli, bir igidin öldüyü¬nü görənə qədər Dəli Domrul insanın ölümünü ağlına belə gətirmir, yəni onun ölüm haqqında təsəvvürü yoxdur”.
***
İnsan ömrünün doğulmaq, yaşamaq, ölmək kimi 3 əsas mərhələsi var. Əski dövr həyata münasibətin indiki ölçülərlə desək, idraki baxımdan məhdud olduğu çağ idi, ancaq insanın fitrəti hadisələri müəyyət mənada ötmək imkanına, qabiliyyətinə malik idi. Araşdırmaçının “Can əvəzinə can” motivinə ilk dəfə Şumer dastanlarında rast gəlindiyi haqda qənaəti onu göstərir ki, sözügedən mövzu bəşərin olum-ölüm təzadına yaradıcı yanaşmasından daha çox aqibət məsələsidir. Şumerli əcdadlarımızın problemin çözümünü axtarması, mifoloji duyumla tapması göstərir ki, insan olum-ölüm təzadından çıxış yolunu var olmaqda görür. Gerçəklik təzadlı olduğu dərəcədə insan da fiziki ölümlüdür. Ancaq mif çağının həqiqəti onun üçün ağılda normalaşır, ölçüləşir.
“Enlil və Ninlil” adlı mətndə Enlil çayda çimən Ninlili görür, ona təcavüz edir. Onun hərəkətindən qəzəblənən tanrılar Enlili yeraltı dünyaya qovurlar. Bu zaman Ninlil Enlili tək buraxmır, onunla yeraltı dünyaya gedir. Enlil ağıllı və müdrik tanrıdır. Yeraltı dünyadan çıxmaq üçün yol tapır. Ninlil Ay Tanrısı Nannara hamilədir. Enlil Nannarı da yeraltı dünyadan çıxarmaq istəyir. Ona görə cildini dəyişərək Ninlili üç dəfə hamilə qoyur. Ninlil Nannardan sonra Nerqalı, Ninazunu və Enbilulunu doğur. Nerqal, Ninazu və Enbilulu yeraltı dünyada qalırlar, Enlil, Ninlil və Nannar isə oradan çıxırlar. İ.Sadıq yazır, bu mətn “can əvəzinə can qoymaq” motivinə gözəl bir nümunədir. Əgər Ninlil Nerqalı, Ninazunu və Enbilu¬lunu doğmasaydı, Enlil, Ninlil və Nannar yeraltı dünyadan çıxa bilməzdilər. Onlardan üçü yeraltı dünyada qalır, əvəzində üçü ordan çıxır. “Dəli Domrul”dakı “Can əvəzinə can” motivi bütövlükdə “İnannanın yeraltı dünyaya enməsi” adlı mətndə var. Mətndə deyilir: “Əgər İnanna gedər-gəlməzlər ölkəsindən qayıdırsa, qoy başının yerində baş saxlasın”. Məsələnin maraqlı tərəflərindən biri mifoloji düşüncədə Tanrının insan kimi danışmasıdır. Mif düşüncəsindən gələn dünyaya heyran münasibət boyda ilahiliyin (ilahi qüvvənin) insan kimi təsəvvür edilməsidir. İlahi qüvvə - “Dəli Domrul” boyunda Allah insan kimi danışır, alın yazısına əməl edilməsinə nəzarət edir, Əzrayıl vasitəsilə fikrini çatdırır. Deməli, Tanrıçılıq düşüncəsi əsasında yaşayan, var olan Domrulun həyatında artıq yeni bir dönəm başlayır: bundan sonra onun ömrü necə yazılıbsa, o cür də davam edəcək. Yaxud da: boyun məntiqinə əsaslansaq, indiyə kimi el dilində deyildiyi kimi, “Tarısını tanımayan” (burada: Allahını) Dəli Domrul artıq ağıllanır, əslində “ağıllandırılır”. Türk Tanrıçılığında qəhrəmanın – Əcdadın (burada: Oğuzun) özünün Tanrılığı məsələsi var. Türk Tanrısını əzizlədiyi dərəcədə habelə özündə Tanrılıq gücü duyur. Ancaq Dəli Domrul boyunda bu təsəvvürün, inancın zəiflədiyini, yeni bir dönəmə - Allahçılığa keçdiyinin şahidi oluruq.
***
Boyun başlanğıcında ilahi obrazın – qüvvənin “Allah”, “Allah-Taala”, “Qadir Allah”, “Haq Taala” kimi adlarına rast gəlirik. Burada al qanadlı Əzrayılın adını eşidən Domrulun onunla savaşmaq istəməsini Allah özünə asilik kimi qəbul edir. Boydan həmin hissəni izləyək: “Dəli Domrul aydır: Mərə, Əzrayil dedigüniz nə kişidir, kim, adamın canın alur? Ya Qadir Allah, birligin, varlığın haqqıyçun, Əzrayili mənim gözimə göstərgil, savaşayım, çəkişəyim, dürişəyim, - yaxşı yigidin canın almaya” – dedi.
Bu parçadakı məntiqdən anlaşılan odur ki, əslində Domrul “Allah birligin, varlığın haqqı”nı yaxşı tanıyır, hətta ona and da içir, sadəcə, onun tanımadığı, yəni qəbul etmədiyi Əzrayılın “özbaşınalığıdır” ki, Allah onun (Əzrayılın) da taleyinin əlində olduğunu, onun hökmüylə hər şeyin baş verdiyini Domrula başa salmaq istəyir. Habelə, əksinə, burada türk xarakterindən gələn dəli-doluluq, gəncliyin sınırsız sayılan, duyulan fiziki gücünün duyumu ilə Domrul Əzrayıl adlanan ölüm mələyini cəzalandırmaq istəyir.
(Ardı var)


MANŞET XƏBƏRLƏRİ