Şərqi Aralıq dənizində son dövrlərdə müşahidə olunan diplomatik və hərbi fəallıq bölgədəki geosiyasi balansı yenidən gündəmə gətirib.
Turkustan.az xəbər verir ki,Türkiyə rəsmiləri ölkənin Şərqi Aralıq dənizindəki hüquq və maraqlarından geri çəkilməyəcəyini vurğulayaraq, bölgədə baş verən prosesləri diqqətlə izlədiklərini bildirirlər.
Xüsusilə, Cənubi Kipr Rum Administrasiyasının bəzi Avropa dövlətləri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirməsi Ankara tərəfindən yaxından izlənilir. Türkiyə tərəfi həm özünün, həm də Şimali Kipr Türk Respublikasının hüquq və maraqlarının qorunması üçün bütün zəruri diplomatik, hərbi və logistik imkanlara malik olduğunu bəyan edir.
Bölgədə hərbi aktivliyin artması və tərəflərdən verilən ziddiyyətli açıqlamalar ictimaiyyət arasında müxtəlif suallar doğurur. Bununla belə, ekspertlər hesab edirlər ki, zaman-zaman gərginliyin yüksəlməsinə baxmayaraq, tərəflər hazırda birbaşa hərbi qarşıdurmadan yayınmağa üstünlük verirlər.
Analitiklərin fikrincə, Şərqi Aralıq dənizində enerji ehtiyatları, dəniz səlahiyyət zonaları və regional təhlükəsizlik məsələləri yaxın dövrdə də bölgənin əsas müzakirə mövzuları olaraq qalacaq.
Aytən Yaşar/ Turkustan.az