Ukrayna hərbçilərinin 2026-cı ilin iyunundan etibarən artan ödənişlər alacağı bildirilir.
Turkustan.az xəbər verir ki, yeni sistemə əsasən, arxa mövqelərdə xidmət edən hərbçilər üçün minimum maaş 30 min qrivna, cəbhə xəttində xidmət edən piyadalar üçün isə orta hesabla 300 min qrivna təşkil edəcək.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski çıxışında məlumat verib.
Zelenski bildirib ki, bu qərar müdafiə xərclərinin maliyyə dayanıqlığının gücləndirilməsi və Ukrayna Silahlı Qüvvələrinin daha effektiv şəkildə transformasiyası məqsədi daşıyır. O, bu istiqamətdə bir sıra yüksək vəzifəli rəsmilərlə, o cümlədən Baş nazir Yuliya Svırıdenko, müdafiə naziri Mixaylo Fedorov və maliyyə naziri Sergey Marçenko ilə görüşlər keçirdiyini qeyd edib.
Prezident həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovun da müvafiq planları təsdiqlədiyini bildirib.
Zelenski parlamentə müdafiə büdcəsində dəyişikliklərin təsdiqlənməsinə görə təşəkkür edib və Ukraynanı dəstəkləyən beynəlxalq tərəfdaşlara minnətdarlığını ifadə edib.
Aytən Yaşar/ Turkustan.az