Mədinədə sensasion kəşf: Qədim Quran ayələri olan kitabələr tapıldı - FOTO


Səudiyyə Ərəbistanının İrs İdarəsi Mədinə bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı 1700-dən çox qayaüstü kitabə, qayaüstü rəsm və digər tarixi tapıntıların aşkar edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, tapıntılar arasında Xəlifə Osman dövründən əvvəlki dövrə aid Quran ayələrini ehtiva edən kitabələr də var.

Əl-Ərəbiyyə telekanalının məlumatına görə, İrs İdarəsi Mədinənin Mehd bölgəsində həyata keçirilən arxeoloji səth araşdırmalarının ikinci mərhələsini başa çatdırıb.

Süveyrika, Muveyhiya və Haze bölgələrində aparılan tədqiqatlar nəticəsində ümumilikdə 1774 arxeoloji tapıntı sənədləşdirilib.

Araşdırmalar zamanı 156 yeni arxeoloji məkan müəyyən edilib. Həmçinin 461 İslam kitabəsi, 34 Səmudi yazısı, 1259 qayaüstü rəsm, 11 daş tikili, 3 tarixi saray və bina qalıqları, 2 qədim karvan yolu və 4 quyu qeydə alınıb.

İrs İdarəsinin məlumatına görə, bu tapıntılar İslamın erkən dövrünün öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, Xəlifə Osman dövründən əvvəlki mərhələyə aid kitabələr Ərəbistan yarımadasının tarixi və mədəni irsinin daha dərindən öyrənilməsinə töhfə verir.

Mədinədə İslam tarixi ilə bağlı kəşflər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ