NATO Kosovoda təhlükəsizlik vəziyyətinin sabitləşdiyini əsas gətirərək ölkədəki sülhməramlı qüvvələrinin sayını mərhələli şəkildə azaltmağa qərar verib.
Turkustan.az xəbər verir ki, NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargahının (SHAPE) yaydığı məlumata görə, hazırda təxminən 4600 hərbçidən ibarət olan Kosovo Qüvvələri (KFOR) missiyasında qoşunların sayı gələn il ərzində tədricən azaldılacaq.
Bəyanatda qeyd olunub ki, KFOR-un qüvvə strukturu 1999-cu ildən bəri bölgədəki təhlükəsizlik şəraitinə uyğun olaraq mütəmadi şəkildə yenilənib. Xatırladılıb ki, 2023-cü ildə artan gərginlik və KFOR əməkdaşlarına qarşı hücumlar səbəbindən missiyaya əlavə 1000 hərbçi göndərilmişdi.
NATO hazırkı təhlükəsizlik vəziyyətini sabit qiymətləndirdiyini və buna görə də missiyanın strukturunda dəyişikliklərin mümkün olduğunu bildirib. Qoşunların azaldılması prosesinin iştirakçı ölkələrin planlaşdırılmış rotasiya və geri çəkilmə qrafikinə uyğun şəkildə həyata keçiriləcəyi vurğulanıb.
Alyans eyni zamanda bildirib ki, qərar mərhələli şəkildə icra olunacaq və bölgədə təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə yenidən nəzərdən keçirilə bilər.
Bəyanatda həmçinin Avropa İttifaqının vasitəçiliyi ilə aparılan Belqrad-Priştina dialoquna dəstək ifadə olunub və tərəflər danışıqları davam etdirməyə çağırılıb.
Aytən Yaşar/ Turkustan.az